23 Dekabr 2024, Bazar ertəsi

Təxminən, bir ay bundan əvvəl Bakı şəhərində yaşayan köhnə tanışlardan biri bir neçə günlüyə Naxçıvana qonaq gəlmişdi. Naxçıvanda heç zaman olmayan bu tanışıma gündəlik iş-gücdən bir neçə saat vaxt ayırıb şəhəri gəzdirmək imkanım olmuşdu. Tarixlə mədəniyyətin birgə nəfəs aldığı Naxçıvanın sürətli inkişafı qonağın da nəzərindən qaçmamış, əldə etdiyi təəssüratları bizimlə bölüşməkdən də çəkinməmişdi. Təbii ki, Naxçıvana gəlib Duzdağı görməməyin qəbahət olduğunu mağaranı gördükdən sonra tanışımın dilindən eşitməyim mənim üçün xoş bir duyğu idi. Bu xoşluğa təəssüf hissi qatan isə tanışımın: “Təəssüf ki, indiyədək Duzdağı dünyaya yetərincə tanıda bilməmişik” deməsi idi. Məhz bu fikirlər, təxminən, 20 il bundan əvvəl turist kimi olduğum bir əcaib muzeydən aldığım təəssüratları xatırlamağıma və indi oxuyacağınız bu yazının yazılmasına vəsilə oldu...

...Rus elitasının mərkəzi sayılan Sankt-Peterburq şəhərində bir muzey var. Bu muzey, sözün əsl mənasında, qeyri-adiliyi və çoxlarının dediyi kimi əcaibliyi ilə seçilir. Bəlkə də, oxucularımız arasında da həmin muzeydə olanlar var. Söhbət əsl adı “Kunstkamera” (almancadan tərcümədə nadir incəsənət əşyaları muzeyi) olan və I Pyotrun adını daşıyan Rusiya Elmlər Akademiyasının Antropologiya və Etnoqrafiya Muzeyindən gedir.

Əvvəlcə onu deyim ki, bu muzeyin binası dünyanın ən qədim muzey binasıdır. Burada dünyanın fərqli xalqlarına və mədəniyyətlərinə aid 2 milyondan artıq sənət əsəri (geyim, məişət əşyaları və sair) saxlanılır. 1727-ci ildən fəaliyyət göstərən muzeydəki eksponatların bir qismini Şimali Amerika, Avstraliya, Yaponiya, Hindistan, İndoneziya, Afrika və sair ölkələrin etnoqrafik materialları təşkil edir. Əsas və ən çox sayda eksponatlar isə buradakı anatomik bölmədə yerləşir. Elə muzeyin əcaibliyi də bundadır. Deməli, vaxtilə I Pyotr Rusiyada elmin, texnikanın, mədəniyyətin inkişafı üçün digər ölkələrdən bura xeyli sayda maddi materialların gətirilməsini təşkil etmiş, hətta o dövr üçün inkişaf etmiş ölkələrdəki ilk bioloji təcrübələrin Rusiyada öyrənilməsi üçün böyük əmək sərf etmişdir. Nəticədə, bu gün həmin muzeyin anatomiya bölməsində ­xeyli­ sayda siam əkizləri, müxtəlif anatomik qüsurda yeni doğulmuş körpələr, yarı insan, yarı heyvan kimi məxluqlar, eləcə də fiziki qüsurlu heyvan və böcəklər xüsusi maye doldurulmuş şüşə kolbalarda saxlanılır və ziyarətçilərə nümayiş etdirilir. Muzeyin bu bölümünü ziyarət etmək çoxları üçün dəhşətli olsa da, bir zamanlar hətta pul qarşı­lığında əldə olunmuş bu “eksponatları” izləməyə gələnlər həddindən artıq çoxdur. Yeri düşmüşkən, muzeydəki otaqlardan biri də vaxtilə məşhur rus alimi Lomonosovun təcrübə otağı olub.
Bu muzeyi xatırlamaqda söhbət heç də muzeyin möhtəşəmliyindən bəhs etmək deyil. Məntiqlə baxsaq, həmin eksponatları Sankt-Peterburqda­ yaşı iki yüz ilə dayanan Hərbi Tibb Akademiyasının və ya digər tibb müəssisələrinin təcrübə bazasında da saxlamaq olardı. Məsələ burasındadır ki, həmin adıçəkilən muzey dünya səviyyəli Ermitaj muzeyindən sonra ən çox ziyarət olunan ünvanlardan biridir. Hətta ən qorxunc təsir bağışlayan bu eksponatlara tamaşa edənlər belə, yenidən bu muzeyə axışmaqda davam edir. Nəticədə isə qazanan rus turizmi və ya rus mədəniyyəti və elmi olur.
Məsələyə bu cür kontekstdə baxsaq, görərik ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələrində qeyri-adi muzeylərin təşkil olunması, sanki, dəb halını alıb. Şokolad muzeyi, Buz muzeyi, Vəhşi heyvanlar muzeyi, Uşaq muzeyi, Oyuncaq muzeyi və sair bu kimi muzeylər, əslində, turistlərin ölkəyə cəlb edilməsi yönündə düzgün marketinq üzərində qurulmuş layihələrdir. Mövzuya bağlı­lığını nəzərə alıb, təxminən, 13 il bundan əvvəl Cənubi Koreyada yaradılmış bir turizm növü haqqında da bəhs etmək istərdik. Bu ölkənin cənub-qərbində “Jeung” adlı ada yerləşir. Adanın səlahiyyətliləri uzun müddət bura turistləri cəlb etmək üçün yollar axtarır, nəhayət, 2004-cü ildə adanın ətrafı dəniz duzu ilə bol olduğuna görə burada “duz turizmi” təşkil etməyə qərar verirlər. Əvvəlcə bir duz muzeyi yaradırlar. Muzeydə duzdan hazırlanmış müxtəlif eksponatlarla yanaşı, həm də gələn turistlərə duzun istehsal tarixi haqqında məlumatlar verirlər. Duz mağazasında isə turistlərə duzdan hazırlanmış yüzlərlə çeşid suvenirlər təqdim olunur. Qısa müddət ərzində bir çox turizm administratoru adada duz hamamları da açır.
Bunları xatırladıqca yenidən Duzdağ yadıma düşdü. 90 milyon tondan artıq təbii duz ehtiyatlarına malik, neçə min illər boyu qoynundan çıxarılan duzla milyonların süfrəsinə ləzzət gətirən, tarixə Duz mədəniyyətini təqdim edən, müalicə analoqu olmayan Duzdağ...
...Təbii ki, Naxçıvana gəlib Duzdağı görməməyin bir qəbahət olduğunu mağaranı gördükdən sonra tanışımın dilindən eşitməyim mənim üçün çox xoş bir duyğu idi. Bu xoşluğa təəssüf hissi qatan isə tanışımın: “Təəssüf ki, indiyədək Duzdağı dünyaya yetərincə tanıda bilməmişik” deməsi idi. Məhz bu fikirlər yuxarıda adını çəkdiyim Sankt-Peterburqdakı əcaib muzeydən aldığım təəssüratları, eyni zamanda Cənubi Koreyada yerləşən “duz turizmi”ni xatırlamağıma və indi oxuduğunuz bu yazının yazılmasına vəsilə oldu...

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR