Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinə keçid təmin edilmişdir. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin yaratmış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yoxsulluqla mübarizəni əsas istiqamət elan edərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Ölkə başçısının 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” ölkədə iqtisadi və sosial sahədə müşahidə olunan müsbət meyillərin, o cümlədən əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində tədbirlərin davam etdirilməsini təmin etmişdir.
Naxçıvan Muxtar Respublikasında da davamlı iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafını, makroiqtisadi göstəricilərin artımını, əhalinin rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin etmişdir. Naxçıvan Muxtar Respublikası Аli Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bu sahədə görülən işlərin davamlılığını təmin etmiş, muxtar respublikanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə yeni imkanlar yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” məşğulluq siyasətinin əsaslarını müəyyən etməklə, əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsinə, müasir iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılmasına və işaxtaranların, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsinə yeni imkanlar yaradır.
Dövlət Proqramının icrası ilə bağlı muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılır, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədilə müəssisələrdə sorğu keçirilir. Bununla yanaşı, kompleks məşğulluq tədbirləri, o cümlədən əmək yarmarkaları, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil olunur.
Muxtar respublikada son 10 il ərzində sahibkarlıq fəaliyyəti genişlənmiş, yeni istehsal müəssisələri fəaliyyətə başlamış, sənaye sahəsində 13,4 dəfə, kənd təsərrüfatında 4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 5 dəfə, informasiya və rabitə sektorunda 4,7 dəfə artım olmuşdur. Bu dövrdə 52 min 324 yeni iş yeri açılmış, əhalinin gəlirləri 5,1 dəfə, əməkhaqqı 3,7 dəfə artmışdır.
Sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində sosial müdafiəyə ehtiyacı olan insanlara, o cümlədən əlillərə, şəhid ailələrinə, tənha ahıllara, habelə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, bu istiqamətdə həyata keçirilən tədbirlər fasiləsiz xarakter almışdır. Sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası məqsədilə də bir sıra tədbirlər görülmüşdür.
2017-ci ilin 9 ayı ərzində 132 nəfərə müxtəlif texniki reabilitasiya vasitələri verilmiş, 243 nəfərə protez-ortopedik xidmət göstərilmiş, respublikamızın müxtəlif sanatoriya və pansionatlarında müalicə və istirahətləri məqsədilə 422 nəfər göndərişlərlə təmin olunmuşdur. Müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də diqqət mərkəzindədir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı, Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək sağlamlıq imkanları məhdudlaşan, 1941-1945-ci illər müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən 456 nəfər minik avtomobili ilə, 211 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evi ilə təmin olunmuşdur.
Aztəminatlı ailələrin sosial problemlərinin həlli, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildən ötən dövr ərzində aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımı ödənişi həyata keçirilmişdir. Ehtiyac meyarının davamlı olaraq artmasına baxmayaraq, sosial yardım alan əhalinin sayı ilbəil azalmışdır. Buna səbəb muxtar respublikada yaradılan yeni iş yerləri hesabına aztəminatlı ailələrdə əmək qabiliyyətli ailə üzvlərinin fəal əməyə cəlb olunmasıdır. Uzun müddət ünvanlı dövlət sosial yardım alan aztəminatlı ailələrin sosial cəhətdən reabilitasiyasına nail olmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən fərdi təsərrüfatlarını qurmaq üçün 23 aztəminatlı ailənin hər birinə bir ədəd yanında balası olan inək verilmişdir.
Muxtar respublikada iqtisadi və sosial əhəmiyyətli infrastruktur layihələrinin icrası, məşğulluq səviyyəsinin yüksəldilməsi, sosial xidmətlərin həcminin və keyfiyyətinin artması, makroiqtisadi sabitliyin ilbəil qorunub saxlanması bütün sahələrin davamlı inkişafını bundan sonra da təmin edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti