Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslərə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar aşılanır, brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur. Bundan başqa, onların asudə vaxtlarının təşkili məqsədilə müxtəlif tədbirlər keçirilir, hər ay “Könül işığı” adlı brayl jurnalı nəşr edilir, bunlarla yanaşı, onlar üçün audiokitabxana xidməti də fəaliyyət göstərir. Audiokitabxananın kataloqu dinləyicilərin müraciətinə əsasən daim yeni ədəbiyyatlarla zənginləşdirilir. Hazırda kitabxanada 1275 audiokitab və digər audiomateriallar mövcuddur. Audiokitabxanada 17 bölmə üzrə 365 dinləyiciyə xidmət göstərilir.
Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə noyabrın 10-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audiokitabxananın fəal dinləyicilərinin iştirakı ilə görüş keçirilib. Tədbirdə 5 nəfər görmə məhdudiyyəti olan fəal dinləyiciyə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, mərkəzin “258” nömrəli telefon xətti 24 saat ərzində görmə məhdudiyyəti olan şəxslərin xidmətindədir. Dinləyicilər ev telefon nömrələrini qeydiyyatdan keçirdikdən sonra “258” nömrəli xidmət xəttinə zəng etməklə audiokitabları dinləyə bilərlər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti