Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də regionda ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır.
Son illərdə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində görülən tədbirlər davamlı xarakter alıb, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınıb.
Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilir.
Ötən həftə keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Naxçıvan şəhərinin sakinləri sutəmizləyici qurğuların qarşısındakı 2 hektarlıq ərazidə 700 badam ağacı, Sənaye Məhsulları Kompleksinin qarşısındakı 1 hektarlıq ərazidə isə 350 meyvə ağacı əkiblər.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda Yuxarı Daşarx-Dizə kəndləri arasındakı 2 hektarlıq ərazidə bərpa məqsədilə 500 meyvə ağacı əkilib, Heydər Parkında təmizlik işləri görülüb.
Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Rayon sakinləri muxtar respublikanın ekologiyasına öz töhfələrini verməyə çalışaraq Nehrəm-Çeşməbasar kəndləri ərazisində 2 min meyvə ağacı əkiblər.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilib. Əylis düzündə 1500, Düylün kəndi yolunda və kəndin girişində 900 meyvə ağacı, ümumilikdə, kəndlərdə 700 meşə və 300 meyvə ağacı əkilib.
Culfa rayonunda keçirilən iməciliklərdə Dizə kəndində 196 həmişəyaşıl ağac, 560 gül kolu, şəhərin girişində və Əlincəboyu kəndlərdə, ümumilikdə, 600 meyvə ağacı əkilib.
Kəngərli rayonunda Naxçıvan-Sədərək magistral yolunun Xok kəndi hissəsindəki 5 hektarlıq yeni salınmış bağda 1800 badam ağacı, Qarabağlar kənd qəbiristanlığında 200 həmişəyaşıl ağac əkilib.
Şahbuz rayonunda bərpa məqsədilə, ümumilikdə, 0,2 hektarlıq ərazidə 230 meyvə ağacı əkilib, Qızıl Qışlaq kəndində yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Sədərək rayonunda da iməciliklər mütəşəkkil qaydada keçirilib. Heydərabad qəsəbəsində 300 gül kolu və 100 həmişəyaşıl ağac, 2 hektarlıq bağda 800 meyvə, Mədəniyyət və Turizm Şöbəsinin yaxınlığında 300 meyvə, 120 həmişəyaşıl ağac və 200 gül kolu salınıb.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılıb.
Xəbərlər şöbəsi