Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən silsilə tədbirlərin davamı olaraq Şahbuz şəhərindəki Ahıllar Evinin sakinləri ilə görüş keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək qeyd edib ki, muxtar respublikada dinamik inkişafın təmin edilməsi, ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına şərait yaradıb. Ahıl insanların sağlamlıqlarının qorunmasına, yaşayış səviyyəsinin yüksəlməsinə xüsusi önəm verilir, onların yubileyləri, uzunömürlü ailələrin qızıl və brilyant toyları qeyd olunur.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev çıxışında bildirib ki, rayonda yaşayan ahılların sosial vəziyyətlərinin yaxşılaşması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Ahıllar Evi sakinlərinin rahat yaşaması üçün hərtərəfli şərait yaradılıb. Onlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidməti göstərilir.
Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu sakinlər qarşısında konsert proqramı ilə çıxış edib.
Sonda sakinlərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq Ahıllar Günü münasibətilə sosial xidmət göstərilən tənha ahıllardan bir qisminin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ziyarəti təşkil olunub, muxtar respublikanın ən uzunömürlü sakini ilə görüş keçirilib. Eyni zamanda Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən tənha ahılların iştirakı ilə tədbirlər təşkil edilib. Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və müvafiq rayon İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək ahılların sosial müdafiəsinin təmin olunması məqsədilə görülən işlərdən danışıblar.
Tədbirlərdə, ümumilikdə, 234 ahıla bayram sovqatı təqdim olunub.
Ahıllar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti