23 Dekabr 2024, Bazar ertəsi

(Satirik yanıltmac)

Ötən günlərdə Naxçıvan şəhərinin “Böyük bağ” deyilən yaşıllıq massivində gördüyüm bir mənzərə məni yenidən folklorumuza müraciət etməyə vadar etdi. Daha doğrusu, yanıltmaclara. Nəyə görə yanıltmaclar yadıma düşdü deyə bilmərəm, ancaq onu deyə bilərəm ki, beynimdə əcaib-qəraib suallar dolaşırdı və bu suallara təkbaşına cavab tapmaq asan məsələ deyildi, qərara gəldim ki, mənim üçün “sirri-xuda” olan bəzi suallara sizinlə birgə cavab axtaraq.
Xülasə, bu “Böyük bağ” deyilən yerin bəzi guşələrində bağa xüsusi gözəllik bəxş edən heyvan fiqurları qoyulub. Qu quşu da var, qartal da, ceyran da, maral da. Ancaq o heyvanların ən başıbəlalısı maraldır. İndi soruşacaqsınız, niyə? O biri heyvanların ondan nəyi əskikdir ki?..
Bəla orasındadır ki, bu binəva maralın o birilərdən əskiyi yox, artığı var. Ağlınıza başqa şey gəlməsin, bu maralın buynuzları başına lap bəla olub. Gedib-gələn bu yazığın buynuzundan bir parça qoparmaq üçün sanki sıraya durub. Əlaqədar şəhər idarələrinin işçiləri nə qədər sement və quma güc versələr də, iki gündən sonra hər şey yenidən təkrar olunur. Maralın buynuzlarının yerində nazik dəmir çubuqlar görünür.
Bu bağda dincələn şəhər ağsaqqallarından biri dedi ki, ay bala, işin-gücün qurtarıb deyəsən? Bunları yerindən qoparmaq hər igidin işi deyil. Maralı buynuzlarından etməyə qolda güc, dizdə taqət lazımdı. Əvvəllər nər igidlər ad qazanmaq üçün buğa ilə, öküz ilə güləşərlərdi. İndi bu bağdakı bəzi “saqqallı uşaqların” ad qazanmaq üçün bu binəva maral balasından başqa heç bir heyvana gücü çatmır.
Ümumiyyətlə, bu bağda çox qəribə şeylər baş verir. Məsələn, bir valideyn yeniyetmə övladını zorla qu quşunun qanadlarının üzərinə çıxarmağa çalışır ki, onun şəklini telefonun yaddaşına köçürsün. Nəticədə, həmin quşun qanadları “iflas” edir. Daş qoçlarımız qəbirüstü abidələrdi. Ancaq valideynlərdən bəziləri elə bir öhdəlik götürüb ki, mütləq uşağı bu qoçların belində gəzdirməlidir. Belə olmaz axı!
Hələlik bir yanıltmac haqda danışmaq istədim. Ancaq bu şəhərdə yanıltmaclar istənilən qədərdi. Məsələn, skamyanın taxtalarını qoparmalımı, qoparmamalımı, tum qabıqlarını yerə tökməlimi, tökməməlimi, zibili yerə atmalımı, atmamalımı və sair. İnşallah, gələn görüşlərdə digər folklor nümunələrimiz haqda da məlumat verməyi qarşımda kredit borcu sayıram.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR