23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin əsas istiqamətlərindən biri də ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılmasından ibarətdir.
Müxtəlif təbii amillər, həmçinin muxtar respublikada kənd təsərrüfatının, sənaye sahələrinin inkişafı yaşıllıqların əhəmiyyətini daha da artırır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 2017-ci ilin yaz əkini mövsümündə muxtar respublika ərazisində, şəhər, qəsəbə və kəndlərdə, sututarların, su kanallarının ətrafında, magistral yolların kənarlarında, ümumilikdə, 273,8 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib, yeni meyvə bağları salınıb. Yaşıllaşdırma tədbirlərində 196 min 400 meşə və meyvə tingi, həmişəyaşıl ağaclar, bəzək kolları əkilib. Həmçinin nazirlik tərəfindən bəhs olunan dövrdə, ümumilikdə, 65,2 hektar sahədə yaşıllıq zolaqları, meyvə bağları salınıb, 113,6 hektar sahədə ting və toxumla bərpa işləri görülüb.
Payız əkini mövsümündə isə 250 hektardan artıq ərazidə yeni meyvə bağlarının və yaşıllıq zolaqlarının salınması nəzərdə tutulub. Qeyd edək ki, payız əkini, əsasən, muxtar respublikanın kənd təsərrüfatı üçün yararsız sayılan torpaq ərazilərində aparılacaq. Həyata keçiriləcək yaşıllaşdırma tədbirlərində üzümçülüyün inkişafı da diqqət mərkəzində saxlanılıb. Belə ki, qeyd olunan dövrdə, ümumilikdə, 22 hektar sahədə üzüm bağlarının salınması nəzərdə tutulub. Hazırda yaşıllaşdırma tədbirləri aparılacaq ərazilərdə torpaqların əkinə hazırlanması prosesi gedir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR