Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət obyektləri yaradılır. Qeyd edək ki, ötən illərdə görülən işlər sayəsində muxtar respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin coğrafiyası xeyli genişlənib.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131,0 hektar sahəsində Ordubad Milli Parkı yaradılıb. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılıb. Həmin sərəncamla milli parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamlarla 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə isə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılıb. Hazırda muxtar respublikada böyük əraziləri əhatə edən 1 milli park, 1 təbiət qoruğu və 3 yasaqlıq mövcuddur. Ümumilikdə isə muxtar respublika ərazisinin 27 faizi xüsusi mühafizə olunan təbiət əraziləridir.
Muxtar respublikada təbiəti mühafizə tədbirlərinin məqsədyönlülüyü və ardıcıllığı fauna ehtiyatlarının artmasına müsbət təsir göstərib. Bu ərazidə məskunlaşmış nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin qeydiyyatının aparılması və mühafizə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı Kitab” çap edilib.
Məlum olduğu kimi, qlobal ekoloji problemlərin yaranma səbəblərindən biri meşələrin antropogen və digər təsirlərə məruz qalmasıdır. Muxtar respublikamızda təbii meşə ehtiyatları çox deyil. Bu səbəbdən də təbiətin zənginləşdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır, yeni yaşıllıq zolaqları salınır. Qeyd edək ki, bu tədbirlərin əsası ulu öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə – 1991-1993-cü illərdə qoyulub. Həmin illərdə blokadanın çətinliklərinə baxmayaraq, ümummilli liderimizin səyi nəticəsində burada yaşıllaşdırma iməciliklərinin keçirilməsinə başlanılıb, təbiətin, yaşıllığın qorunması və bərpası işlərinə diqqət artırılıb. Həyata keçirilən ekoloji tədbirlər nəticəsində bu gün muxtar respublikanın yaşıllıqlarla örtülü sahəsi ötən əsrin 90-cı illəri ilə müqayisədə 12 dəfə artıb. Bu da əlverişli ekoloji mühitin formalaşmasına və ekoturizmin inkişafına şərait yaradıb. Həyata keçirilən yaşıllaşdırma tədbirləri hər il olduğu kimi, cari ildə də diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, yaz əkin mövsümündə muxtar respublika ərazisində, şəhər, qəsəbə və kəndlərdə, sututarların, su kanallarının ətrafında, magistral yolların kənarlarında, ümumilikdə, 273,8 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib, yeni meyvə bağları salınıb. Yaşıllaşdırma tədbirlərində, ümumilikdə, 196 min 400 meşə və meyvə tingi, həmişəyaşıl ağaclar, bəzək kolları əkilib. Həmçinin nazirlik tərəfindən yaz əkini mövsümündə, ümumilikdə, 65,2 hektar sahədə yaşıllıq zolaqları, meyvə bağları salınıb, 113,6 hektar sahədə ting və toxumla bərpa işləri görülüb.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq nazirliyin tabeliyində olan idarə və müəssisələr tərəfindən 42,5 hektar sahədə meyvə bağları salınıb, 26 min 600 ədəd müxtəlif meyvə tingləri əkilib.
Bu rəqəmləri sadalamaqda məqsədimiz odur ki, davamlı olaraq hər il muxtar respublikada yaz və payız mövsümlərində 500 hektara yaxın sahədə yaşıllıq tədbirləri aparılır, yeni meşə massivləri salınır, mövcud yaşıllıqların qorunub saxlanılması üçün mühüm işlər görülür. Burada əsas məqam ondan ibarətdir ki, qədim diyarda yeni yaşıllıqlar salmaq, onları qoruyub mühafizə etmək digər regionlara nisbətdə çox zəhmət tələb edən işdir. Çünki quru kontinental iqlimə malik muxtar respublikada digər ölkələrə və ya regionlara görə su ehtiyatlarının az olması, yayda hava hərarətinin yüksək, qışda isə sərt soyuqla müşahidə olunması, yaşıllıqlara qulluq etməyin, sözün həqiqi mənasında, insandan böyük zəhmət və səbir tələb etməsi danılmazdır. Ancaq görünən odur ki, bütün çətinliklərə baxmayaraq, Naxçıvan özünün yaşıl örtüyü, ətraf mühitinin təmizliyi ilə bura yolu düşənlərin diqqətini cəlb edir. Buna görə də qədim diyar indi zəngin tarixi keçmişi və mədəniyyəti ilə yanaşı, həm də ekoloji təhlükəsizliyin ciddi qorunduğu region kimi tanınır.
Səbuhi HƏSƏNOV