Sentyabrın 29-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, qadınların məşğulluğunun təmin olunması da diqqətdə saxlanılır, onların fəaliyyəti üçün hər cür şərait yaradılır. Qadınların, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, dərzi, ağac üzərində oyma sənəti üzrə peşə kursları təşkil olunur. Bunun da nəticəsində muxtar respublikada xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınların sayı artır, yeni yaradıcılıq nümunələri yaradılır.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışının keçirilməsi artıq ənənə halını almışdır. İki ildir ki, muxtar respublikanın rayonlarında da əl işlərinin sərgi-satışı təşkil olunur”, – deyən Rəhman Məmmədov qeyd edib ki, bu gün əl işlərindən ibarət növbəti sərgi-satışa, ümumilikdə, 290 qadının müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 2 min 212 yaradıcılıq nümunəsi çıxarılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Bildirilib ki, bu gün muxtar respublikanın bütün sakinləri kimi, sağlamlıq imkanları məhdud şəxslər də yüksək dövlət qayğısı ilə əhatə olunublar. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti isə qadınlarımızı cəmiyyətin fəal üzvünə çevirib, onların ictimai həyatda iştirakını təmin edib. Həyata keçirilən bu siyasətin tərkib hissəsi kimi istedadlı qadınların fəaliyyətlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, 10 gün davam edəcək sərgi-satışda muxtar respublikada yaşayan 290 istedadlı qadının 718 muncuqla, 34 kağızla, 628 toxuma, 29 tikmə, 279 dekorativ, 7 taxta üzərində və 29 üzərlik ilə iş, 37 yağlı boya, 52 tikmə, 30 toxuma, 37 dekorativ, 32 muncuqla işlənmiş tablo, 39 gips üzərində oyma, 28 xalça, 18 milli geyim olmaqla, ümumilikdə, 2006 rəsm və əl işi, sağlamlıq imkanları məhdud şəxslərin isə 206 işi nümayiş olunur.
Gülcamal Tahirova