Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov açaraq rayonda sığorta sahəsində aparılmış tədbirlərdən danışıb. Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikada davamlı iqtisadi və sosial inkişafın tərkib hissəsi kimi sığorta işinin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, sığortanın müasir tələblərə uyğun şəkildə qurulması işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti vardır.
Diqqətə çatdırılıb ki, vətəndaşlar vaxtında sığorta olunmaqla sığorta hadisələri baş verdikdə sağlamlığa, daşınmaz əmlaka, avtomobillərə, kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə görə ödəniş alır, bununla da, vurulmuş zərərlərin qısa müddətdə bərpa olunmasına şərait yaranır. Buna görə də ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən vətəndaşlar belə gözlənilməz hadisələrdən sığorta olunmalıdırlar. Bu məqsədlə sığorta sahəsində işlərin daha da genişləndirilməsinin vacib olduğunu bir daha qeyd edən Hikmət Əsgərov bildirib ki, ötən müddətdə Şərur rayonunda da bu istiqamətdə müəyyən işlər görülüb. Belə ki, ümumilikdə, rayon üzrə cari ilin ilk 7 ayında 6 min 295 sığorta müqaviləsi bağlanılıb, onlardan 1463-ü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 2 min 359-u daşınmaz əmlakın icbari sığortası olub.
Baş direktor Şərur rayonunda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı sığortası, fərdi qəza sığortası və digər sığorta növləri üzrə görülmüş işləri təhlil edərək qarşıda duran vəzifələrdən danışıb.
Vurğulanıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığortanın şamil olunduğu bütün obyektlərin sığortası təmin olunmalıdır. Son dövrlərdə Şərur rayonunda sığorta sahəsində görülmüş işlərlə bərabər, icbari qaydada sığorta olunmalı olan vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər qalmaqdadır. Rayonda sığorta fəaliyyətinin günün tələbləri səviyyəsində genişləndirilməsi məqsədilə bu sahədə maarifləndirmə işlərinə diqqətin artırılmasının vacib olduğu qeyd edilib.
Tədbirdə kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bildirilib ki, kənd təsərrüfatında aparılan sığorta işi torpaq mülkiyyətçilərinin və fermerlərin istehsal etdikləri məhsullara dəyməsi ehtimal olunan zərərlərə qarşı hazırlıqlı olmasına təminat verir. Buna görə də Şərurda əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının, habelə ev heyvanlarının sığortalanması məqsədilə fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri arasında maarifləndirici işlər genişləndirilməlidir.
Sonra Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Zamiq Məmmədov, rayon Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Ədalət Şükürov, Şərur şəhər, Cəlilkənd, Oğlanqala və digər kənd icra nümayəndələri sığorta sahəsində görülmüş işlər barədə məlumat veriblər.
Tədbirə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov yekun vuraraq rayonda sığorta işinin günün tələbləri səviyyəsində aparılması istiqamətində müvafiq tapşırıqlar verib.
Əli CABBAROV