Əfsanələrə görə, şaftalı “Sehrli meyvə” olmaqla uzunömürlülük simvoludur. Şaftalı şirəsi ürək ritminin pozulması, qanazlığı, qarın xəstəlikləri zamanı qəbul olunur. Dərini qidalandırır və onun hüceyrələrinin yeniləşməsinə kömək edir.
Şaftalının müxtəlif sortlarının ilk dəfə yetişdirildiyi Çində bu meyvəyə uzunömürlülük və sağlamlıq rəmzi kimi baxırlar. Şaftalı dərimizi qırışlardan qoruyan, ürəyimizi möhkəmləndirən, bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alan əla antioksidantdır. Onun tərkibindəki C vitamini orqanizmi virus və infeksiyalardan qoruyur, A vitamini itigörmə qabiliyyəti, gözlərin və selikli qişaların sağlamlığı üçün lazımdır, dəmir dərinin rəngini saflaşdırır, hemoqlobini yüksəldir, kalium ürək əzələlərini və damarların divarlarını möhkəmləndirir. Şaftalı arıqlamaq üçün də əla vasitədir. Bir şaftalıda cəmi 50 kilokalori enerji olsa da, o uzun müddət toxluq hissi yaradır. Nahardan sonra da əla desert sayılır. Bu dadlı meyvə həm də əhvalı yaxşılaşdırır, yuxusuzluğu, depressiyanı aradan qaldırır. Zəngin B qrupu vitaminlərinin qaynağıdır. Yuxunu normallaşdırır, stresin öhdəsindən gəlməyə kömək edir. Şaftalının özünəməxsus ətri var. Bu meyvənin iki çeşidi daha çox tanınır: ağımtıl şaftalı daha şirin, sarımtıl şaftalı isə daha ətirli olur.
Şərur digər meyvələri ilə yanaşı, həm də şaftalısı – yerlilərin dili ilə desək, şələlisi ilə məşhurdur. Rayonda şaftalı ən çox Aşağı Daşarx, Danyeri, Yuxarı Daşarx, Oğuz, Xanlıqlar, Zeyvə, Düdəngə, Siyaqut kəndlərində yetişdirilir.
Hazırda rayonun şaftalı bağlarında növbəti meyvə yığımını həyata keçirən bağbanlar məhsulun bol olmasından razıdırlar. Yuxarı Daşarx kənd sakini, sahibkar İbrahim Əlizadə şaftalının digər meyvələrlə müqayisədə daha çox qulluq tələb etdiyini bildirir. Bol məhsul əldə etmək üçün ağaclara ilboyu qulluq lazımdır. Ağacların gövdəətrafı vaxtaşırı yumşaldılmalı, lazımi minerallar uyğun miqdarda verilməli, dərmanlama vaxtında aparılmalıdır. Bir sözlə, bu meyvənin nazını çəkməlisən ki, barını-bəhərini də görəsən. Ataların bağa baxarsan bağ olar, baxmazsansa dağ olar məsəli hər zaman özünü doğruldur. İbrahim kişi 20 ildən çoxdur, şaftalı əkib-becərir, hər il də bol məhsul əldə edir. Bağlarında daha məhsuldar və tələbat çox olan şaftalı növlərini artırır. Meyvəni, əsasən, yerli bazarlarda satır. Deyir ki, rayonumuzda şaftalının 50-dən çox növü becərilir. Bəzən tezyetişən şaftalı növləri çiçək açanda qeyri-sabit hava şəraitindən tozlanma prosesi pozulur. Bu il isə hava şəraiti bağbanların ürəyincə olub.
İbrahim Əlizadə Yuxarı Daşarx kənd tam orta məktəbində tarix müəllimi işləyir. Torpağa bağlı zəhmət adamı bizimlə söhbətində onu da bildirdi ki, 3 hektar sahədə əkdiyi 2 minə yaxın ting artıq bar verib. Əkilən tinglərin növlərinə gəlincə, “zəfəran” üstünlük təşkil edir.
Bu gün muxtar respublikamızda aqrar sektorun inkişafı üçün hərtərəfli şərait yaradılıb. Şərur rayonunun bağbanları da bundan istifadə edərək yeni-yeni bağlar salırlar. Rayonun Daşarx kəndində də biz bunun bir daha şahidi olduq. Həmin bağlar içərisində şaftalı bağları üstünlük təşkil edir.
Ramiyyə ƏKBƏROVA