23 Dekabr 2024, Bazar ertəsi

Yeni dərs ilinin başlanmasına çox az vaxt qalıb. Bu günlərdə məktəbli uşağı olan hər valideyni bir məsələ düşündürür. Uşağına lazım olan məktəbli ləvazimatlarını hardan əldə etsin ki, qiyməti sərfəli, özü də keyfiyyətli olsun. Bu mənada, muxtar respublikamızda keçirilən ənənəvi məktəbli yarmarkalarının əhəmiyyəti böyükdür. Artıq bir neçə gündür ki, yarmarkaya start verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda keçirilən məktəbli yarmarkasında hər il olduğu kimi, bu il də qələbəlik müşahidə edilir. Məktəbli yarmarkasında 3-ü istehsal müəssisəsi olmaqla, 21 sahibkarlıq subyekti iştirak edir. Burada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları, digər ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur. Yarmarkada ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışı da həyata keçirilir. Burada lüğət və digər nəşrlərin, dünya uşaq ədəbiyyatı nümunələrinin, bədii və elmi ədəbiyyatların satışına da yer verilib.

Bəs alıcılar bu yarmarkadan necə istifadə edirlər? Elə bu suala cavab tapmaq üçün adıçəkilən ünvanda olduq, alıcılarla söhbət etdik. Naxçıvan şəhər sakini Nihad ­Allahverdiyev bildirdi ki, oğlu bu il məktəbin birinci sinfinə qədəm qoyacaq. Buna görə həm sevincli, həm də, necə deyərlər, həyəcanlıdır. Uşağına lazım olan məktəbli ləvazimatlarını haradan alacağı barədə çox düşünməli olub, ta ki bu yarmarkaya gələnədək. Yarmarkada onun seçim etməyi üçün hər cür şəraitin olduğunu vurğulayan müsahibim dedi ki, yaradılan bu imkan bir valideyn kimi onun ürəyincədir, dövlətimizə minnətdardır.
Digər müsahibim isə yarmarkanın imkanlarından geniş istifadə edən Əli Quliyevdir. O, bizimlə söhbətində deyir:
– Məktəbli yarmarkasının keçiriləcəyi günü səbirsizliklə gözləyirdim. Əvvəllər satış mərkəzlərindən istifadə edirdim. Lakin iki ildir ki, yarmarkaya üz tuturam. Burada qiymətlər çox münasibdir. Bu da ailə büdcəmin stabil qalmasına imkan verir. Yarmarkanı təşkil edənlərə ailəmiz adından minnətdarlıq edirəm.
Övladına məktəbli çantası almaq istəyən Məhəmməd Əlimərdanovun sözlərinə görə, yarmarkadakı qiymətlər bazar qiymətlərindən xeyli aşağı, çeşid isə çoxdur:
– Oğlum üçün çanta, kitab, dəftər almağa gəlmişəm. Satılan ləvazimatlar müxtəlif çeşidli olduğuna görə seçim imkanı da genişdir. Məhsulların qiyməti ilə yanaşı, keyfiyyəti də önəmlidir. Ümumilikdə, yarmarkadakı qiymətlər və keyfiyyət hamını qane edir. Burada hər bir alıcıya satılan məhsullar haqda nəzakətlə, dolğun məlumat verilir və bu da rahat şəkildə seçim etmək imkanı yaradır.
Nəvələri üçün məktəbli ləvazimatları alan Zemfira Quliyeva deyir ki, yarmarkada nağıl kitabları və iş dəftərlərinin qiymətləri münasibdir:
– Üç nəvəm var. Onlardan ikisi 2-ci sinifdə oxuyur, biri isə bu il məktəbə gedəcək. Burada uşaqlar üçün ədəbiyyatlar çoxdur. Balaca nəvəmə kiçik nağıllar kitabı aldım. Belə kitabları əvvəllər satış mərkəzlərindən əldə etdiyim üçün deyə bilərəm ki, yarmarkada qiymətlər sərfəlidir. Yaradılan bu şəraitə görə dövlətimizə minnətdaram.
Qeyd edək ki, məktəbli yarmarkası sentyabr ayının 15-dək davam edəcək.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR