2010-cu ildən fəaliyyətə başlayan Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi sağlamlıq imkanları məhdud şəxslərin tədrisi və reabilitasiyası məqsədilə müxtəlif sosial xidmətlər göstərir. 2013-cü ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Defektoloji bölmə yaradılmışdır. Defektoloji bölmənin təşkilində əsas məqsəd muxtar respublikada yaşayan, zehni və nitq inkişafının ləngiməsi olan uşaqların reabilitasiyasını təmin etməkdir. Bölmənin təlim otağı elektron lövhə və digər tədris ləvazimatları ilə təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 15 sentyabr – Bilik Günü ərəfəsində Şərur və Ordubad rayonlarında bölmənin yeni filialları təşkil edilmişdir.
Yeni filialların təqdimatı ilə əlaqədar keçirilən tədbirlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək deyib ki, filialların yaradılması muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlara göstərilən yüksək dövlət qayğısının əyani ifadəsidir. Məşğələlərə cəlb edilən uşaqlar haqqında filialda və eləcə də regional informasiya mərkəzində məlumat bazası yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası, sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat vermişdir.
Valideynlər yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.
Filiallar elektron lövhə və digər lazımi tədris vəsaitləri ilə təmin edilmişdir. Burada müvafiq kateqoriyadan olan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası üçün məşğələlər təşkil olunacaqdır.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti