23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Həmin dövlət sənədinə uyğun olaraq Babək rayonunda da əhalinin məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılıb.
Babək Rayon Məşğulluq Mərkəzindən aldığımız məlumata görə, cari ilin 6 ayı ərzində 206 işaxtaran vətəndaş qeydiyyata alınıb. Bu vətəndaşların 190-ı daimi işlə təmin olunub. Onların 55-i 18-29 yaşadək olan gənclərdir. Son olaraq avqust ayının 3-də keçirilən əmək yarmarkasında 20 işaxtaran vətəndaşa göndəriş verilib və onlar işlə təmin olunub, 32 vətəndaş isə müxtəlif peşə kurslarına göndərilib.
Qeyd edək ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müdavimlərin yaxşı təhsil almaları üçün əlverişli şərait yaradılıb. Burada təşkil olunan peşələrə uyğun ixtisaslaşdırılmış sinif otaqları vardır. Əmək bazarındakı tələbi nəzərə alaraq mərkəzdə bərbər, ofisiant, aşpaz köməkçisi, kabel lehimləyicisi və elektrik montyoru, qazanxana maşinisti, dərzi və digər kurslar təşkil edilib.

Xəlilli kənd sakini Niyaməddin Allahverdiyev məhdud fiziki imkanlı şəxsdir. Təşkil olunan üçaylıq bərbər kursunda iştirak edib. Buranı müvəffəqiyyətlə bitirdikdən sonra doğma kəndindəki müasir xidmət mərkəzində yerləşən bərbər salonunda işə başlayıb. Atası Fəxrəddin kişi bizimlə söhbət zamanı bildirdi ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzinin siniflərindəki şərait, tədris avadanlıqları Niyaməddin üçün də geniş imkanlar açdı. Artıq övladım bir neçə vaxtdır kəndimizdə bərbər kimi çalışır. Sağ olsun dövlətimizi, bizə bu cür imkan yaradıb.
Rübabə Quliyeva da həmin kənddə gözəllik ustası kimi fəaliyyət göstərir. Deyir ki, son illər Naxçıvanda qadınların özünüməşğulluğunu təmin etmək üçün bir sıra sosial layihələr həyata keçirilib. Sosial qayğıya ehtiyacı olan şəxslərin əl işlərinin satışına köməklik göstərilir, onların məşğulluğu təmin olunur. Sevinirəm ki, mən də bu sosial layihədən kənarda qalmamışam və bu peşəyə yiyələnmişəm. Öz kəndimdə çalışır və başqa yerə getmək üçün əlavə xərc çəkmirəm. Şükür, qazancım da pis olmur.
Gülnar Süleymanlı isə bu ilin mart ayında dayə kursunu başa vurub və hazırda Babək qəsəbəsindəki uşaq bağçasında işləyir. Onun dediklərindən:
– Artıq 5 aydır ki, işlə təmin olunmuşam. İş yerim evimizə olduqca yaxın bir məsafədə yerləşir. Babək qəsəbəsindəki uşaq bağçasında yaradılan şərait isə uşaqların məktəbəqədərki təhsilinin və onların təlim-tərbiyəsinin düzgün təşkilinə imkan verir. Mən də bu şəraitdən bəhrələnərək gələcəyimiz olan bu uşaqların hərtərəfli formalaşmasına töhfə verməyə çalışıram.
Göründüyü kimi, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası işçi qüvvəsinə olan tələbatın stimullaşdırılmasına, səmərəli işgüzarlıq mühitinin formalaşmasına şərait yaradıb. Deməli, proqramın icra müddətində muxtar respublikamızda məşğul əhalinin sayı xeyli artacaq, əmək potensialının reallaşması prosesi geniş miqyas alacaq, insanların maddi rifah halı daha da yüksələcək.

Lalə ALLAHVERDİYEVA
“Şərqin səhəri” qəzetinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR