Oktyabrın 5-də “Duzdağ” otelində Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunan acarıstanlı uşaqlarla görüş keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından qonaqları salamlayıb. O, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin inkişaf etdiyini, bu çərçivədə iqtisadi və humanitar sahələrdə əməkdaşlığın nəticəsi olaraq acarıstanlı uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunduğunu bildirib. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasındakı turizm-sağlamlıq obyektlərinin xidmətlərindən istifadə edən dost ölkələrin vətəndaşlarının, xüsusən uşaqların sağlamlığının bərpa olunması çox sevindiricidir. Ötən illərdəki kimi, bu il sentyabrın 28-dən Duzdağ Fizioterapiya Mərkəzində müalicə edilən acarıstanlı uşaqlar bu dəfə də yüksək qayğı ilə əhatə olunublar. 26 nəfərlik qrupla gəlmiş qonaqlar “Duzdağ” otelində qalıb, Duzdağ şaxtalarının şəfaverici havası ilə təbii şəraitdə müalicə olunublar. Onların asudə vaxtlarının səmərəli keçirilməsi təmin edilib.
Uşaqlar üçün təşkil olunmuş çay süfrəsi arxasında qrupun rəhbəri, ixtisasca həkim olan Marika Xalvaşi həmişə olduğu kimi, bu dəfə də onlara göstərilən yüksək diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib. O, burada onlara göstərilən bütün xidmətlərdən çox razı qaldıqlarını diqqətə çatdırıb, Naxçıvandakı qonaqpərvərliyə heyranlıqlarını ifadə edib. Valideynlərdən Nani Jordaniya isə nəvəsinin səhhətinin bu müalicə nəticəsində xeyli yaxşılaşdığını, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonra acarıstanlı uşaqlara hədiyyələr təqdim edib.
Əli CABBAROV