Hələ qədimlərdən türk hökmdarları ağacı yalnız yaşıllıq rəmzi deyil, həm də xalqın varlığının vacib şərti kimi qəbul edirdilər. Onlar ölkədə ağacların qorunması, onlara qulluq edilməsi arasında daxili əlaqənin olduğunu vurğulayıb, hətta bəzi ağacları müqəddəs sayıblar. Xalq inamına görə, həyətdə, yaşayış evinin ətrafında ağac əkilərsə, ailəyə xeyir-bərəkət, yaxşı gün-güzəran qismət olar. Çünki ağac var ki çiçəyi, yarpağı, meyvəsi, qabığı ilə min dərdə dərmandır. Ağac var ki meyvəsi ilə süfrəmizə yaraşıq verir. Ağac var ki görkəmi ilə göz oxşayır, bağları, parkları, həyətləri bəzəyir.
Təsadüfi deyil ki,“Barlı ağacın başına dolanarlar” ideyası ilə ömür sürən babalarımız təbiətə, yaşıllığa, ağaca həyat mənbəyi kimi baxıb, ağac əkməyi, ona qulluq etməyi müqəddəs sayıblar. Ulularımız deyiblər: “Ağacı arx qırağında ək ki, yıxılanda el-obaya körpü olsun”, “Ağaclı kəndi sel basmaz”, “Ağacı çox olan elin məzarı az olar”.
Qədim çağlardan yurdumuz bağçılıq-meyvəçilik diyarı kimi tanınıb. Xalqımız yüzillik ağacı da, körpə fidanı da bir övlad kimi qoruyub qayğısına qalıb, qocaman ağacların yerinə yenilərini əkib, onların böyüyüb ərsəyə çatmasına qayğı ilə yanaşıb. Axı ağac da insan kimi qulluq istəyir. Görkəmli təbiətşünas alim Həsən Əliyevin bu müdrik kəlamı isə daim yaddaşlardadır: “Bəlkə də, toya, yasa və digər mərasimlərə yubanmaq olar. Təbiətə münasibətdə yubanmaq isə yaşamağa yubanmaqdır”.
Ulu öndərimiz Heydər Əliyev də yaşıllıqların salınmasına, ağacların qorunmasına böyük diqqət yetirirdi. Dahi rəhbər özü ağac əkilməsində iştirak edir, nümunə göstərirdi.
İnsanlıq naminə ağaclara qulluq etmək dinimizdə də savab iş sayılır. Bu barədə hədisi-şəriflərdən birində deyilir ki, kimsə bir ağac əkərsə, ağac meyvə verənə qədər onu qoruyub baxarsa, bu ağacdan tökülən hər meyvə Allah yanında o kimsənin sədəqəsi olar. Ona görə də bağ salmaq, ağac əkmək, ümumiyyətlə, ətrafı yaşıllığa qərq etmək ata-babalarımızın adəti olub. Ağac bolluq, şirinlik, mehribanlıq nişanəsi hesab edilir. Ümumilikdə isə ağaclar insanın qoruyucusu, onun sağlamlığının keşikçisidir, boya-başa çatdığı məkanın gözəlliyidir.
Bütün bunlarla yanaşı, gələcək nəsil qarşısında daşıdığımız məsuliyyət hissi təbiətə, ətraf mühitə vurulan zərərin azaldılmasını bizim hər birimizə aşılayır. Tədqiqatlara görə, ağaclar çox olan yerlərdə xəstəliktörədən mikroorqanizmlər 8, zərərli qazlar isə 5 dəfə az olur. Yaşıllıq sağlamlıq, gümrahlıq rəmzi olmaqla bərabər insan yaşayışının başlıca rəhnidir. İnsan övladı da onun üçün lazım olan təmiz havanı, oksigeni məhz bu mənbədən alır. Bu mənada, sağlamlığımız bu amildən asılıdır. Axı bir ağacın ətrafa verdiyi oksigenlə eyni vaxtda neçə-neçə insan nəfəs alır. Deyilənə görə, bir çinar ağacının verdiyi oksigen 58 adama bəs edir. Bir hektar meşə, yaşıllıq zolağı isə il ərzində 50-70 ton tozu, zərərli maddələri öz “süzgəcindən” keçirir.
Azərbaycan Sovetlər Birliyinin tərkibinə daxil edildikdən sonra ölkəmizin sərvətləri amansızcasına talansa da, götürülən mənfəətdən ekologiyanın qorunmasına sərf olunmur, ya da bu sahəyə xəsisliklə cüzi vəsait ayrılırdı. Həmin dövrdə yaşıllıqlar məhv edilir, yerinə müxtəlif obyektlər tikilirdi. Bütün bunlar ekoloji mühiti korlamaqla yanaşı, cəmiyyətimizə sosial-mənəvi zərbələr də vururdu. Yalnız böyük dövlət xadimi Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra bu məsələləri önə çəkdi, ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirdi. O illər ölkəmizin ayrı-ayrı bölgələrində park və xiyabanların salınması, iməciliklər yolu ilə yaşıllıq zolaqlarının artırılması bu siyasətin uğurlu nəticəsi idi. Təəssüflər olsun ki, Azərbaycan öz müstəqilliyini bərpa etdiyi ilk illərdə bir vaxtlar ümummilli liderin təşəbbüsü və iştirakı ilə salınmış yaşıllıqlar acınacaqlı vəziyyətə düşdü. Muxtar respublikaya isə mavi yanacağın nəqli dayandırıldıqdan sonra yaşayış məntəqələrində ağaclar kəsilərək məhv edildi. Baxımsız qalan park və xiyabanlar dağıdıldı. Ulu öndər xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması və onların bərpası istiqamətində yenidən ciddi və ardıcıl tədbirlər həyata keçirilməyə başlandı.
Əsası ümummilli lider tərəfindən qoyulan ekoloji siyasət bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq olunan proqramların həyata keçirilməsi sahəsində əməli tədbirlər görülür. Bütün bu proqramların reallaşdırılması muxtar respublikamızın da zəngin təbiətinin mühafizəsinə əsaslı təminat verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında yaşıllaşdırma, təmizlik və abadlıq aylığının keçirilməsi haqqında” 2001-ci il 1 mart tarixli Sərəncamı ilə hər ilin yaz və payız mövsümlərində yaşıllaşdırma, təmizlik və abadlıq tədbirlərinin görülməsi, əsasən, şənbə günləri keçirilən iməciliklər diyarımızın ətraf mühitinin mühafizəsində, yaşıllıq zolaqlarının salınmasında və qorunmasında böyük önəm daşıyır. Həmçinin mövcud ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təbii sərvətlərin qorunması, onlardan səmərəli istifadə edilməsi məqsədilə Ali Məclis Sədrinin 2005-ci il 23 sentyabr tarixli Sərəncamı ilə 9 min 118 hektarlıq “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu il 22 iyun tarixli Sərəncamı ilə isə 68 min 911 hektar sahədə “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması da təbiətin qorunması istiqamətində uğurla atılan addımlardan biridir. Daha bir qayğı isə Ali Məclis Sədrinin 2017-ci il 4 oktyabr tarixdə imzaladığı “Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində “Yaşıl Bağ” publik hüquqi şəxsin yaradılması haqqında” Sərəncamdır.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq çoxsaylı meyvə tingləri, dekorativ və meşə ağacları əkilib. Bu ilin yazında isə müxtəlif yerlərdə minlərlə meyvə, meşə və bəzək ağacları, qızılgül kolları və mövsümi çiçək şitilləri, arxların kənarlarına xeyli söyüd və qələmə çubuqları basdırılıb.
Bu payız günlərində də iməciliklər davam etdirilir, yeni yaşıllıqlar salınır. Hər həftənin şənbə günləri idarə və müəssisələrin kollektivləri əkib-becərdikləri bağlara, meşə zolaqlarına çıxır, ağacların quru budaqlarını və lazımsız zoğlarını vurur, ərazini alaq otlarından təmizləyir, ağacların gövdələrini əhənglə ağardır və suvarırlar. Bu qayğının, bu qulluğun nəticəsidir ki, Naxçıvan artıq yaşıllıqlar diyarına çevrilib. Bir vaxtlar yol kənarlarındakı ağacları barmaqla saymaq mümkün idisə, bu gün tamam başqa mənzərənin şahidi oluruq. Paytaxt Naxçıvan şəhərindən muxtar respublikanın bütün rayonlarına gedən yolların kənarlarında əkilmiş meyvə və meşə ağacları bu yollardan keçənlərin zövqünü oxşamaqla bərabər ekoloji təmizliyi də təmin edir. Həmin yaşıllıqlar zövq oxşayır, meyvə bağları bar-bəhər verir. Çinarlar, akasiyalar Günəşə boylanır, cərgələnmiş al-əlvan gül-çiçəklər bu gözəlliyə yeni rənglər qatır.
Yaşıllıq göz işığı, gümrahlıq mənbəyi olduğundan gündəlik həyatımızda əhval-ruhiyyəmizin yüksək olması da xeyli dərəcədə bu amildən asılıdır. Axı təbiətin bu canlı varlıqlarından zövq almağı bacarmaqla yanaşı, bir qədər yorğun və əsəbi olduqda yaşıllıqlar qoynunda gəzməyi, dincəlməyi ən yaxşı istirahət hesab etmişik.
O da qeyd olunmalıdır ki, ətraf mühitin sağlamlaşdırılmasına dövlət nəzarəti nə qədər güclü olsa da, təbiətin gözəlliklərinin qorunmasında hər kəsin iştirakı vacibdir. Çünki yaşayış yerlərimizin abadlığına, sağlam atmosferinə, bir sözlə, təbiətin mühafizəsinə cavabdehlik inzibati təsirlərlə yanaşı, vətəndaş həmrəyliyi və cavabdehliyi ilə də tənzimlənməlidir. Təbiətin mühafizəsinə ekoloji nəzarəti gücləndirmək bənzərsiz gözəllikləri – təbiətin saysız-hesabsız nadir incilərini qorumaq deməkdir. Ona görə də insanların ekoloji təfəkkürünün formalaşması, ekoloji mədəniyyətimizin inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət daşıyan ekoloji maarifləndirmə işləri diqqət mərkəzində saxlanılır.
Çünki yaşıllıq sahələrinin genişləndirilməsi, zənginləşdirilməsi muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilib. Bu isə sağlam ekoloji mühitə öz töhfələrini verir.
Ramiyyə ƏKBƏROVA