23 Dekabr 2024, Bazar ertəsi

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Təhsil müəssisələri üçün müasir üslubda yeni inzibati binalar tikilir, tədris ocaqları üçün zəruri olan şərait yaradılır, ən yeni texnologiyalar tədris prosesində tətbiq olunur. 

Təhsil müəssisələrinin inzibati binalarını, əmlakını mühafizə etmək, o cümlədən onları yanğından qorumaq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu səbəbdən idarənin əməkdaşları tərəfindən Naxçıvan şəhəri və rayonlarda yerləşən ümumtəhsil və tam orta məktəblərin, liseylərin, universitetlərin və uşaq bağçalarının inzibati binalarında yanğından mühafizə tədbirlərinin aparılması məqsədilə baxışlar keçirilib. Baxışlar zamanı binalarda mövcud olan yanğınsöndürmə vasitələrinin, daxili yanğın su kranlarının və odsöndürücü balonların vəziyyəti yoxlanılıb, onların istifadə və tətbiqi qaydaları praktik olaraq təhkim olunmuş cavabdeh şəxslərə öyrədilərək izahat işləri aparılıb. Eləcə də görülən işlərin davamı olaraq təhsil müəssisələrində və uşaq bağçalarında qış mövsümü dövründə qaz və elektrik təsərrüfatından düzgün istifadə olunması, xüsusən istilik sistemi olmayan və neft sobaları ilə qızdırılan məktəblərdə sobaların yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun qurulması və onların istifadəsi, istismarı zamanı təhlükəsizlik qaydalarına riayət olunması haqqında ətraflı məlumatlar verilərək izahat işləri aparılıb.

Hər bir müəssisədə olduğu kimi, təhsil müəssisələrində də yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsi, qaz və elektrik təsərrüfatının mövcud olduğu sahələrdə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması qarşıda duran vəzifələrdən biridir. Bu sahələrlə yanaşı, həmçinin iş günü və dərslər qurtardıqdan sonra növbətçi işıqlandırma və qurğuları istisna olmaqla, bütün elektrik qurğu və cihazlarının dövriyyədən ayrılması, həmçinin mövcud yanğınsöndürmə qurğuları və vasitələrinin daim istifadə üçün yararlı vəziyyətdə saxlanması ilə bağlı müəssisələrin işçi kollektivi ilə maarifləndirici söhbətlər aparılıb.
Qarşıdan payız-qış mövsümü gəlir. Məhz bu mövsüm ərzində təhsil müəssisələrində yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bütün inzibati binalarda olduğu kimi, təhsil müəssisələrində də mövsümə hazırlıqla bağlı bir sıra zəruri tədbirlər həyata keçirilməlidir. Belə ki, qış mövsümü başlanmazdan əvvəl bütün isitmə qurğuları, cihazları diqqətlə yoxlanılmalı, zərurət olarsa, təmir edilməlidir. Nasaz soba və isitmə cihazlarının istismar olunmasına yol verilməməlidir. Qazanxanalarda qurğulara texniki xidmət göstərilməli, nasaz cihaz və avadanlıqlar təmir olunmalı və ya yenisi ilə əvəz edilməli, qazanxanaların yanğın təhlükəsizliyi üçün zəruri tədbirlər görülməli, aidiyyəti olmayan işlərin görülməsi, qazanxana otağına yanar materiallar və müxtəlif əşyaların yığılması, həmçinin kənar şəxslərin daxil olması qadağan edilməlidir.
Təhsil müəssisələrində və uşaq bağçalarının qazanxana otağında, qazdan istifadə olunan digər yerlərdə qaz boru xətlərindən, birləşmə yerlərindən və ventillərdən qazın sızmasını yoxlayarkən açıq oddan istifadə etmək qəti qadağandır. Bunu yalnız xüsusi cihazlar və ya sabun məhlulu vasitəsilə etmək lazımdır. Əgər qazın sızması qaz kəmərinin və ya qaz cihazının zədələnməsindən meydana gəlmişsə, onda qazdan istifadə etmək olmaz və təcili Qaz İstismar İdarəsinin qəza xidməti (104) ilə əlaqə saxlanılmalı, bu barədə məlumat verilməlidir.
İstilik sistemləri olmayan və neft sobaları ilə qızdırılan təhsil və məktəbdənkənar tərbiyə müəssisələrində sobalardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi fikir verilməlidir. Belə ki, neft sobaları ilə qızdırılan sinif otaqlarında təlimata uyğun olaraq sobanın altlıq hissəsi ən azı (50x70 sm) ölçüdə metal təbəqə ilə təmin olunmalıdır. Sobaların altlıq hissəsinə qum doldurulmalı və əlavə olaraq qabda yanğın və alışmaların qarşısının alınması üçün qum ehtiyatı yaradılmalıdır.
Sobanın yandırılması üçün nəzərdə tutulmayan benzin, dizel yanacağından, digər tez alışan mayelərdən istifadə etmək, həmçinin yanacağı bilavasitə sobanın odluq hissəsinin qarşısında saxlamaq və yanar sobanı nəzarətsiz qoymaq qadağandır. Nasaz sobalardan və tüstü borularından istifadə etmək yanğın təhlükəli olduğundan yolverilməzdir. Tüstü bacaları və boruları ayda iki dəfədən az olmayaraq təmizlənməlidir. Sobanın tüstü borusunun çardaqdan keçən hissəsi yanmayan asbest material ilə mühafizə edilməli və tüstü borusu binanın dam örtüyündən 70 santimetr hündürlükdə olmalıdır. Sobaların və tüstü borularının vaxtında təmizlənməməsi səbəbindən bir çox hallarda dəm qazından zəhərlənmə və yanğının baş verməsi ilə nəticələnə bilər. Təhsil müəssisələrində yandırılan hər bir sobaya cavabdeh şəxs təyin etməli və yanğına qarşı təlimatlandırılmalıdır.
İş gününün sonunda bütün xidməti və sinif otaqlarında sobalara baxış keçirilməli, onların tam söndürülməsi təmin edilərək mühafizəyə təhvil verilməli və təhlükəsizlik tədbirləri gücləndirilməlidir.
Yuxarıda qeyd olunanlarla bağlı hər hansı bir yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin 101 xidməti telefonlarına zəng etməyi unutmayın.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR