23 Dekabr 2024, Bazar ertəsi

Ötən günlərdə Naxçıvan şəhərinin “Təbriz” küçəsi 1 ünvanındakı beşmərtəbəli binanın yanından keçərkən eyvanların birindən aşağıya – səkiyə çörək parçası atıldığını gördüm. Ayaqlarımın altına düşən bu bir parça çörək elə bil ağır daş olub ürəyimə dəydi, məni əzdi, ağrıtdı. Yuxarıya doğru boylansam da, hansı mərtəbədən atıldığını görə bilmədim. Qeyri-ixtiyari çörəyi atanın əvəzinə bir anlığa özümü günahkar hiss etdim. Axı bərəkətinə and içdiyimiz çörək ayaq altında idi. Onu yerdən qaldırıb öpdüm, alnıma qoydum (bunu etməyi mənə nənəm öyrətmişdi). O vaxtdan bir neçə gün keçib, amma həmin bir parça çörək gözlərimin önündən çəkilmir ki, çəkilmir.

Bir parça çörək! Biz hamımız bu çörəklə böyümüşük. O, qolumuza qüvvət, ürəyimizə təpər verib. Təsadüfi deyil ki, süfrəsindən halal çörəyi əskik olmayan ulu babalarımız bu neməti min bir əziyyətlə qazanıb, daşlı-qayalı yerləri təmizləyib, taxıl əkib, çörək əldə ediblər. Bəlkə də, “çörəyi daşdan çıxır” deyimi də buradan yaranıb. Əkinçilərimiz gecəni gündüzə qatıb, şumlamaq, səpmək, suvarmaq, becərmək nəticəsində torpağa bərəkət veriblər. Halal ruzini qabarlı əlləri, alın tərləri ilə qazanıblar. Buğda dənəsi torpağa səpiləndən ta ki, məhsul toplananadək min bir əziyyət çəkiblər, torpağın suvarılması bir dərd olub, taxılın biçilməsi, buğdanın una çevrilməsi başqa dərd. Gah çayların suyu quruyub, gah da dəyirmanın. Bəzən taxılı dolu vurub, bəzən də quraqlıq ucbatından elə-obaya fəlakət üz verib. Ancaq hər şeyə rəğmən bərəkət bu torpaqlardan əskik olmayıb, azdan-çoxdan xalq öz ruzisini torpaqdan çıxara bilib.

Müasir dövrdə texnikaların köməyi ilə taxıl istehsalı asanlaşıb, kəndlinin ixtiyarına məhsuldar torpaqlar, yeni texnikalar, gübrələr verilib, suvarma suyu ədalətli şəkildə bölüşdürülüb, əldə edilən məhsulun yaxşı qiymətə satılması üçün dövlət nə lazımdırsa, edib, taxıl anbarları, dəyirmanlar istifadəyə verilib.
Son illərdə bir çörəyin maya dəyəri dəfələrlə yüksəlsə də, dövlətimizin dəstəyi sayəsində biz bunu hiss etmə­mişik, müxtəlif bölgələrdən fərqli olaraq muxtar respublikada çörəyin qiyməti bir neçə ildir ki, dəyişməz olaraq qalır. Bəs bu bolluğun və ucuz çörək əldə etməyimizin qədir-­qiymətini bilirikmi? Açığını deyim ki, ötən günlərdə binanın eyvanından önümə düşən bir parça çörək bu sualı müsbət yöndə cavablandırmağıma maneçilik törədir. Sualıma daha səhih cavab tapmaq üçün şəhərimizin yaşı yetmişi ötmüş sakinlərinə müraciət etməyi qərara aldım.
...Naxçıvan şəhər sakinlərindən Bəşir Novruzov 1933-cü ildə dünyaya gəlib. Elə uşaq yaşlarından aclığın, yoxluğun, qıtlığın hansı bəlalar gətirdiyinin şahidi olub. Müharibə illərində böyüklərin bir parça çörək əldə etmək üçün çox əziyyət çəkmələrindən ürək yanğısı ilə söhbət açır:
– O illərdə balaca olsam da, ailəmin düşdüyü çətin vəziyyət elə bil məni bir neçə yaş böyütmüşdü. Yaxşı yadımdadır, evdə un qurtardığı üçün anam bir gün cehizlik xalçasını büküb bazara aparmaq istəmişdi. Ancaq nənəm buna razı olmadı. Öz çəçiyini (qızıl bəzək əşyası) satıb bu pula bir miqdar buğda aldı. Anam və nənəm kirkirədə buğdanı üyüdərkən evin bütün ailə üzvləri yığışıb maraqla tamaşa edir, arada kənara qaçan buğda dənələrini yenidən kirkirənin üzərinə atırdı. Ağır daşlar bir-birinə toxunduqca ağappaq un daşların kənarına tökülürdü. Hələlik aclıq təhlükəsi sovuşmuşdu və hər kəsin əhvalı bir az yaxşılaşmışdı. Anamla nənəm buğdanı üyüdə-üyüdə mənə nağıl danışır, gələnlərdən-gedənlərdən, olub-bitənlərdən söz açırdılar. İndi o söhbətlərdən yadımda qalan olmasa da, tez-tez “şükür Allaha” demələrini yaddan çıxarmamışam. Anam deyərdi ki, əvvəllər hər gəlin ər evinə köçərkən özü ilə ruzi-bərəkət nişanəsi olan xəmir mayası da aparardı. Bu maya uzun müddət istifadə olunardı.
Deyəsən, mətləbdən bir az uzaq düşdüm, neyləyim, qocalıqdandır, gərək bağışlayasan. Uzun sözün qısası, sonra anam üyütdüyü unu ələdi, bir qisminə maya qatdı, çörək bişirdi. Üstündən uzun illər ötsə də, hələ də o çörəyin ətrini unutmamışam. İndi küçəyə atılan çörək parçalarını, məişət tullantıları qutularının yanına asılmış çörək qırıntısı ilə dolu torbaları görəndə istər-istəməz o illəri yada salıram. Bəzən ürəyimdə arzu edirəm ki, kaş ki sehrli qüvvəm olaydı və mən çörəyə hörmətsizlik edən insanları götürüb o dövrə aparaydım. Onlar da çörək qıtlığının, yoxluğun nə olduğunu öz gözləri ilə görəydilər. Bir çox hallarda belə adamlara bunu arzu etdiyim üçün özümü qınasam da, bəzən də haqlı hesab edirəm. Tanrının ən əvəzolunmaz neməti olan çörəyə bu cür münasibət bəsləyənlərə başqa nə arzulaya bilərəm ki?
Dünən qonağı olduğum Sərdar və Rəfiqə İbrahimovların ailəsində süfrə arxasına oturarkən qız nəvəsi çörəyi bıçaqla doğramaq istədi. Ancaq 76 yaşlı Sərdar əmi bıçağı nəvəsindən alıb, onu əli ilə doğradı, balacaya üzünü tutub, – “Çörəyi bıçaqla doğramazlar, bərəkəti bizdən uzaqlaşar, bala”, – dedi. Onun ömür-gün yoldaşı isə mənə Sərdar əminin çörəyə həssas münasibətindən danışdı:
– Nə gizlədim, bizim evdə çörək qalıb quruyanda həyat yoldaşım deyir ki, onu mənə gətirin, yeyəcəyəm. Evdəki cavanlar deyəndə ki, axı qurudur, razılaşmır. Çörək boyat olsa da, “Bismillah”, – deyib süfrəyə əl uzadanda birinci ondan başlayır. O, boyat yeməsin deyə, evdəkilər az-az, bir gün görəcək qədər çörək almağa başladılar. Beləcə, bizim evdən boyat çörək söhbəti yığışıldı, Sərdarın da “quru çörək” payı kəsildi. Əslində, Sərdar bu hərəkəti ilə cavanlara bir dərs vermiş oldu. Allaha şükür ki, övladlarım da o dərsdən üzüqara çıxmadılar.
76 yaşlı şəhər sakini Dilarə Quliyeva deyir ki, bütün çətinliklərə sinə gərmək, dözmək olar. Uca Allahdan bircə arzum odur ki, çörəklə imtahana çəkilməyək. Naxçıvan blokada vəziyyətinə düşəndən sonra saçımın birini ağ, birini qara hörüb çörək növbələrində az gözləməmişəm. Qışın sazağına da düşmüşəm, yayın istisinə də. Bir də görürdün ki, kimsə çörəyi kisə-kisə alıb aparır. Hərdən deyirdim ki, insafınız yoxdurmu, çox adama çatmır, bu qədər çörəyi neyləyirsiniz? Cavab verirdi ki, külfət çoxdur. Üstəlik, qonum-qonşu üçün də alır. Vallah dərinə gedəndə, görürdüm ki, bu “xeyirxah” adamların məqsədi qonum-qonşuya can yandırmaq deyil, küyə düşüb çörəyi israf etməkdir. Axı bunun sabahı da var. Onun kisə-kisə aldığı çörəklə nə qədər ailəni dolandırmaq olar. Belə adamlar o zaman aldığı çörəkləri vicdansızcasına qoyun-quzuya, toyuq-cücəyə verirdilər. Sonra da deyirdilər ki, qıtlıqdır. Yaxşı ki qayda-qanun yarandı, çörəyin dəyəri özünə qaytarıldı, qədimdənqalma su dəyirmanlarının da çarxı dönməyə başladı. Bütün bu şəraiti yaradanlara min əhsən deyirəm.
...Deyə bilərsiniz ki, mən əsl mətləbdən bir qədər uzaqlaşdım. Çörəyin ayaq altına atılmasından danışdığım halda itkilərdən söhbət açdım. Mənə elə gəlir ki, hər iki fikir bir məqsədə xidmət edir. Yəni əgər biz çörəyin qədrini bilsək, onu ucuz tutmasaq, qənaətlə istifadə etsək, itki olmaz. İtki olmadığı halda çörək də ayaq altına atılmaz.
Gəlin bir zamanlar çörək mağazalarının qarşısında yaranmış uzun növbələri yadımıza salaq. Gəlin “çörək yenə bahalaşır” ifadəsini eşidərkən keçirdiyimiz təlaş və qorxu hissini bir daha xatırlayaq. Gəlin ata-babalarımızın hər şeydən uca və müqəddəs hesab etdikləri çörəyin əsl qiymətini verək. Unutmayaq ki, hər şeyə əvəz tapılar, çörəyə isə əsla!

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR