Valideynlərin hər ikisi, həm ana, həm də ata öz xoşbəxtliyini, ilk növbədə, dünyaya gələcək övladında görür. Uşağın dünyaya gəlməsi ailə üçün ən böyük sevincdir. Təbii ki, hər bir valideyn öz uşağını sağlam və fiziki cəhətdən möhkəm görmək istəyir. Təəssüflə qeyd etməliyik ki, bu gün dünyaya göz açan uşaqların bəzilərində müəyyən xəstəliklər olur. Son illər muxtar respublikamızda uşaqların fiziki, mənəvi, psixoloji cəhətdən sağlam böyüməsi, cəmiyyətə faydalı şəxsiyyət kimi formalaşması istiqamətində çox mühüm tədbirlər reallaşdırılır. 2007-ci ildə fəaliyyətə başlayan Uşaq Bərpa Mərkəzi də məhz bu xeyirxah və şərəfli missiyanı həyata keçirir. Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqların müayinə və müalicə almaları üçün hər cür şərait var.
Ötən günlərdə həmin mərkəzdə olduq və burada müalicə alan uşaqlar üçün yaradılmış şəraitlə yaxından maraqlandıq. Mərkəzin baş həkimi Şəhla Əhmədova bizimlə söhbətində bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq olunub. Naxçıvan Uşaq Bərpa Mərkəzi də öz fəaliyyət istiqamətini məhz adıçəkilən dövlət proqramının əsasında qurub. Hazırda mərkəzdə, əsasən, nevroloji xəstəliklərdən əziyyət çəkən 12 uşaq müalicə kursu keçir. Mərkəzə müraciət edən hər bir uşaq əvvəlcə ətraflı müayinə olunur, daha sonra həkim-fizioterapevt tərəfindən onun üçün tərtib edilmiş fərdi tibbi reabilitasiya kitabçasında qeydiyyatı aparılır və gündəlik olaraq təyin olunmuş prosedurların yerinə yetirilməsinə həkim tərəfindən ciddi nəzarət edilir. Mərkəzdə müasir tibbi avadanlıqlarla təchiz edilmiş müxtəlif tezlikli cərəyanlar, infraqırmızı lampa, ultrabənövşəyi, mikrodalğa ilə müalicə, manual masaj, parafin aplikasiyası otaqları, su müalicəsi, müalicəvi bədən tərbiyəsi zalı fəaliyyət göstərir. Bunlardan əlavə, müalicə alan uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün erqoterapiya otağı da yaradılıb, autizm sindromundan əziyyət çəkən, eyni zamanda diqqət dağınıqlığı olan hiperaktiv uşaqların müalicəsində əvəzsiz rola malik multisensor terapiya müalicə otağı istifadəyə verilib. Mərkəzin müalicəvi bədən tərbiyəsi zalına yeni avadanlıqlar – yeriş imitatoru, unikreslo, artromot, aşil tendon gərici verilib ki, bu da uşaqlara göstərilən xidmətin keyfiyyətini xeyli yüksəldib. Mərkəzdə həftə ərzində müəyyən idman növlərində məşqlər keçirilir. Hər həftənin 1-ci və 4-cü günləri bədii gimnastika, 2-ci və 5-ci günlər stolüstü tennis, 3-cü gün isə boccia idman növü üzrə məşqlər aparılır.