İyunun 16-da “Naxçıvanı tanıyaq” devizi altında gənclərin Şahbuz Dövlət Təbiət Qoruğu və Batabat Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olunub.
Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin əməkdaşı Tahir Məmmədli çıxış edərək ekskursiyanın keçirilməsində məqsədin muxtar respublikanın tarixi yerlərinin və turizm məkanlarının gənclərə tanıdılması və bu ekskursiyalar zamanı çəkilmiş fotoşəkillərin gənclər tərəfindən müxtəlif sosial şəbəkələrdə paylaşılaraq muxtar respublikanın tanıdılmasında onların fəallığının artırılması olduğunu bildirib. Sonra Şahbuz Dövlət Təbiət Qoruğunun direktor müavini Mürsəl Seyidov gənclərə qoruq haqqında ətraflı məlumat verib.
Gənclər qoruğun ərazisində yerləşən informasiya mərkəzinin flora, fauna və etnoqrafiya muzeyləri, Batabat Astrofizika Rəsədxanası ilə tanış olublar.
Xəbərlər şöbəsi