Sədərək Kənd Mərkəzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva açaraq Sədərək rayonunda ailələrin, eləcə də qadınların sağlamlıqlarının qorunması üçün həyata keçirilən tədbirlərdən, ailə dəyərlərinin yaşadılmasından danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə sağlam həyat tərzinin aşılanmasında qadının rolu” mövzusunda çıxış edərək bildirib ki, bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Ana yeni nəsli mövcud ictimai şəraitdə həyata hazırlamalı, ailə şəraitində şəxsiyyətin normal şəkildə formalaşması üçün övladlarına zəruri olan bilik, bacarıq və vərdişləri mənimsətməlidir. Qadınlarımız nəsillərarası münasibətin qorunub saxlanmasına, ailələrdə böyüyən övladlarının bütün əxlaqi keyfiyyətlərə yiyələnməsinə, torpağına, elinə bağlı ruhda tərbiyəsinə çalışmalı, qanqohumluğu, erkən nikahlara qarşı çıxmalı, buna şərait yaratmamalıdır. Faktdır ki, ailə quran tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir.
Ramilə Seyidova qeyd edib ki, komitənin apardığı təhlillərə görə, muxtar respublika üzrə sağlamlıq imkanları məhdud uşaqların 116 nəfəri Sədərək rayonunda yaşayır. Bu da rayon üzrə uşaqların 2 faizini təşkil edir. Bu isə bir daha onu göstərir ki, sağlam ailənin formalaşması üçün tərəflərin sağlam həyat tərzi yaşaması, nikaha daxil olarkən və sonrakı dövrdə qadınların reproduktiv sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Hamilə qadınların qidalanması, gigiyenası və qadınlarda virus hepatitlərinin fəsadları” mövzusunda çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Sədərək rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin yaranma səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda suallar cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti