“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti gəzinti təşkil olunub.
Mayın 12-də nazirliyin təşkilatçılığı ilə distant dərslərə cəlb edilmiş eşitmə qabiliyyəti məhdud 10 uşaq Bakı şəhərindən dəvət olunmuş eşitmə qabiliyyəti məhdud şəxslərin tədrisi ilə məşğul olan Zərqələm İsmayılovanın müşayiətilə Bəhruz Kəngərli Muzeyini və Bəhruz Kəngərli adına Rəssamlar Parkını ziyarət ediblər.
Burada məlumat verilib ki, muzey Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin xatirəsinə yaradılıb. Muzeydə rəssamın həyat və fəaliyyəti ilə bağlı sənədlər, onun rəsm əsərləri nümayiş etdirilir. Eksponatlar rəssamın həyat və yaradıcılığı barədə uşaqlarda dolğun təəssürat yaradıb, onlar muzeydən xoş ovqatla ayrılıblar.
Muzeylə tanışlıqdan sonra uşaqlar Bəhruz Kəngərli adına Rəssamlar Parkında da olublar.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti