23 Dekabr 2024, Bazar ertəsi

Mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikamızda ailələrə göstərilən dövlət qayğısından danışıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov tədbirdə çıxış edərək deyib ki, ölkəmizdə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Azərbaycanda dövlət ailə siyasətinin formalaşması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ailə dəyərlərini xalqımızın ən böyük sərvəti hesab edən ulu öndərimiz bu dəyərlərin yaşadılmasını daim diqqətdə saxlayırdı. Bunun da nəticəsində Azərbaycan Respublikasında ailə institutunun qorunması istiqamətində zəruri qanunvericilik bazası yaradılıb.
Rəhman Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkəmizdə ailələrə xüsusi diqqət göstərilir, ailə üzvlərinin sağlamlığı, təhsil alması üçün lazımi şərait yaradılır. Ailələrin maddi təminatını yaxşılaşdırmaq məqsədilə əməkhaqları, pensiya və müavinətlər artırılır, yeni iş yerləri yaradılır, müxtəlif sosial tədbirlər həyata keçirilir.

“Muxtar respublikamızda da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında 96 minə yaxın ailə yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu ailələrin maddi və mənəvi tələbatlarının ödənilməsi, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir”,– deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri qeyd edib ki, aztəminatlı ailələr, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzillə təminatı diqqətdə saxlanılır, onların sosial müdafiəsi gücləndirilir. Gənc ailələrin mənzillə təminatları üçün də əlverişli şərait təmin olunub.
Diqqətə çatdırılıb ki, aparılan sosialyönümlü iqtisadi siyasətin nəticəsində hazırda muxtar respublikanın, demək olar ki, bütün kənd­lərində müasir infrastruktur yaradılıb. Müasir məktəblər, kənd və xidmət mərkəzləri, musiqi məktəbləri istifadəyə verilib, gələcəyimiz olan gənclərin yaxşı təhsil alması, istedadlarının üzə çıxarılması üçün hər cür şərait yaradılıb. Əvvəllər ucqar dağ kəndində yaşayan bir şagirdin öz kəndində müasir məktəbdə təhsil alması xəyal idisə, indi bu, günümüzün reallığıdır. Bununla yanaşı, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsil alması da diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” fiziki imkanlarının məhdudluğundan asılı olmayaraq, uşaqların cəmiyyətə inte­qrasiyası, müasir tələblər səviyyəsində təhsil almasında mühüm rol oynayır. Bütün bunlar isə gələcəyimizə göstərilən yüksək dövlət qayğısının bariz ifadəsidir.
Vurğulanıb ki, muxtar respublikada əhalinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının qorunması da diqqətdə saxlanılır. Bu məqsədlə nəinki şəhər və rayon mərkəzlərində, hətta ucqar dağ kənd­lərində belə, səhiyyə obyektləri inşa olunur, bu obyektlər müasir avadanlıqlarla, kadrlarla təmin edilir, səhiyyə xidmətinin səviyyəsi yaxşılaşdırılır. Muxtar respublika əhalisinin məşğulluğunun təmin edilməsi də diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğullu­ğunun artırılması üzrə Dövlət Pro­qramı” işaxtaranların səmərəli məşğulluğuna, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, onların sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb. Qeyd olunanlar onu deməyə əsas verir ki, Naxçıvanda ailələrin yaxşı yaşaması və sosial rifah halının yaxşılaşdırılması üçün bütün imkanlar səfərbər edilib.
Çıxışının sonunda Rəhman Məmmədov Beynəlxalq Ailə Günü münasibətilə bütün ailələri təbrik edib, onlara uzun ömür və xoşbəxtlik arzulayıb.
Tədbirdə uzunömürlü, gənc və Azərbaycan Vətən müharibəsi əlili, hərbçi, musiqiçi, müəllim, qaçqın və məcburi köçkün, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, dövlət qulluqçusu və şəhid ailələri iştirak ediblər. Qonaqlardan Azərbaycan Vətən müharibəsi iştirakçısı Elxan Cəfərov, hərbçi ailənin üzvü Oqtay Həsənov çıxış edərək bu gün hər bir azərbaycanlı ailəsinə dövlət tərəfindən xüsusi qayğı göstərildiyini qeyd edib və muxtar respublikada ailələrin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Beynəlxalq Ailə Günü münasibətilə ailələrə hədiyyələr təqdim olunub.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rəssamlar Birliyi və rayon (şəhər) icra hakimiyyətləri ilə birgə orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və istedadlı gənclər arasında ke­çirilən “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda IV muxtar respublika yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar.
Tədbirdə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qrupunun, nümunəvi musiqiçi ailələrin üzvlərinin və Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçası fidanlarının ifaları alqışlarla qarşılanıb.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR