Bu mövzuda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə ali təhsil ocağında konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açaraq tədbirin əhəmiyyətindən bəhs edib.
Konfransda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Həbibə Talıbovanın “Gender bərabərliyi demokratiyanın inkişafı üçün vacib amillərdəndir”, “Naxçıvan” Universitetinin Turizm informasiya mərkəzinin müdiri, psixoloq Şahnaz Məmmədovanın “Ailədaxili ünsiyyətin uşaqların psixologiyasına təsiri”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Aygün Rüstəmovanın “Autizmli uşaqların təlim-tərbiyəsində ailənin rolu”, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbələri Fatimə Yusiflinin “Gənc nəslin davranış mədəniyyəti” və İsa İsmayılovun “Ailədə uşaqların tərbiyəsi” mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, qadının cəmiyyətdə rolu və əməyi əvəzedilməzdir. Dövlətimiz tərəfindən qadınlara hər zaman qayğı göstərilmiş, onların əməyi yüksək qiymətləndirilib.
Xalqımızın ümummilli lideri Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi. Ulu öndər həyatın müxtəlif sahələrində çalışan qadınlarımızın elmi fəaliyyətini, əməyini diqqətlə izləyib, onların hüququnun qorunmasında əlindən gələni əsirgəməyib. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyətinin inkişafında qadınların rolu artmağa başladı.
Sevindirici haldır ki, müasir Azərbaycanda qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. Ölkəmiz 1992-ci il avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına, 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız həyat” regional məlumatlandırma kampaniyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürüb.
O da vurğulanıb ki, Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ-hüquqi aktlar qəbul edib. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Qadın zorakılığı haqqında” qanunlar, Ailə Məcəlləsinə edilən dəyişikliklər dediklərimizə əyani sübutdur.
Konfransda muxtar respublikada həyata keçirilən gender siyasətindən də ətraflı bəhs edilib, tələbələrin sualları cavablandırılıb.
Nuray ƏSGƏROVA