Məlumdur ki, insan resursları iqtisadi inkişafda əhəmiyyətli rol oynayır. Bu resurslardan səmərəli istifadə olunması cəmiyyətin ümumi inkişafına və yoxsulluğun aradan qaldırılmasına imkan verən ən mühüm amillərdən biridir. Muxtar respublikamızda indiyədək həyata keçirilmiş sosial-iqtisadi tədbirlərin mahiyyətində bu amil diqqət mərkəzində saxlanıldığından qazanılmış müsbət nəticələrdə regionun əmək potensialından düzgün istifadə olunması da bir daha özünü göstərir.
Muxtar respublikada əmək bazarının tənzimlənməsində və əhalinin səmərəli məşğulluğunun təmin edilməsində 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi və 2014-2015-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının uğurlu icrası mühüm rol oynayıb. Belə ki, 1996-cı ildən bu günə kimi muxtar respublikada 85 min 861 yeni iş yeri açılıb ki, bunun da 59 min 90-ı və ya 68,8 faizi daimi iş yerləridir. Əgər 1995-ci ilin sonuna məşğulluq xidmətlərində rəsmi işsiz statusu alanların sayı 5 min 211 nəfər təşkil edirdisə, hazırda bu göstərici sıfır səviyyəsinə endirilib, əmək bazarında sabitlik təmin olunub.
Statistik nəticələrə nəzər salsaq, görərik ki, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas yekunlarına görə bu dövrdə muxtar respublikada 22 min 296 yeni, o cümlədən 19 min 215 daimi iş yeri açılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası isə işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada 6364 yeni iş yeri açılıb, əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə təhlillər aparılıb, 5537 işaxtaran müəssisələrdə mövcud olan vakansiyalar üzrə işlə təmin edilib, 627 nəfər ictimai işlərə göndərilib, əmək bazarının tələbinə uyğun olaraq işaxtaranlar üçün təşkil olunan peşə kurslarına 7595 nəfər cəlb edilib. Həmin dövrdə sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu da diqqətdə saxlanılıb, 158 nəfər kvota yerlərinə, sağlamlıq imkanları məhdud 171 nəfər münasib işlərə göndərilib, məhdud fiziki imkanlı 161 nəfər peşə kurslarına cəlb edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin növbəti və daha uzun müddəti əhatə edən, 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə, işaxtaranların məşğulluğunun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə imkan verən və işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şəraitin yaradılmasına səbəb olan və qarşıdakı illərdə regionun məşğulluq strategiyasını müəyyənləşdirən mühüm dövlət sənədidir. Dövlət proqramında göstərilən istiqamətlərə nəzər yetirdikdə aydın olur ki, müasir mərhələdə dövlət məşğulluq siyasətinin davam etdirilməsinin əsas məqsədi əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin davamlılığının təmin edilməsi, əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması, işaxtaranlar üçün özünüməşğulluq imkanlarının artırılması, əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi üçün təhlillərin aparılmasıdır. Peşə hazırlığının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, işaxtaranların, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi də əsas məqsədlərdəndir. Rəqəmlərə diqqət yetirsək görərik ki, ötən il qəbul edilmiş dövlət proqramının icrasının birinci ilində 2 min 818 yeni iş yeri açılıb ki, bunun da 98 faizi daimi iş yerləri olub.
Əmək bazarının tələblərinə uyğun olaraq ötən il ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində, ümumilikdə, 385 nəfər peşə kurslarına, 93 nəfər isə ixtisasartırma kurslarına cəlb edilib. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində ötən il 2956 nəfər müxtəlif peşələrə yiyələnib.
Muxtar respublikada həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri də əmək yarmarkalarıdır. Yeni dövlət proqramının icrası çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 2017-ci ilin aprel ayında muxtar respublikamızın bütün bölgələrində əmək yarmarkaları təşkil olunub. Bu məqsədlə muxtar respublika ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri haqqında məlumatlar əldə edilərək məşğulluq mərkəzləri tərəfindən yarmarkaya çıxarılıb. Keçirilən əmək yarmarkalarına 125-i özəl sektor olmaqla, 229 idarə, müəssisə və təşkilatdan 1608 boş iş yeri təqdim edilib. Təqdim olunmuş iş yerlərindən 1305-i dövlət, 303-ü qeyri-dövlət müəssisələrinə aid olub.
Son nəticələrə görə, əmək yarmarkalarında 206 nəfər daimi işlə təmin edilib. 125 nəfər dövlət müəssisələrində, 81 nəfər isə özəl sektorda işə düzəlib. Onlardan 61 nəfəri 29 yaşadək gənclər, 5 nəfəri isə sağlamlıq imkanları məhdud şəxslərdir.
Keçirilən əmək yarmarkalarında 16 nəfər peşə hazırlığı kurslarına cəlb edilib ki, onlardan 14 nəfəri kənd xidmət mərkəzlərində işlə təmin olunmaq üçün kurslara göndərilib.
Mövcud dünya təcrübəsi sübut edir ki, sürətli tərəqqinin əsas elementlərindən biri əmək potensialından səmərəli istifadənin təşkil olunması, iqtisadi fəaliyyət üçün lazımi şəraitin yaradılması, işçi qüvvə əmsalının yüksək göstərici ilə ifadə olunmasıdır. Bu mənada, muxtar respublikamızda fərdi və ictimai tələblərin ödənilməsi ilə həyata keçirilən çeviklik, mobillik və rasionallıq kimi mühüm prinsipləri özündə ehtiva edən məşğulluq strategiyası əmək resurslarından səmərəli istifadə olunmasında önəmli rol oynayır.
Səbuhi HƏSƏNOV