Hörmətli Sahil müəllim!
“Şərq qapısı” qəzetində çıxan silsilə yazılarınızı oxuduqca məndə sizinlə üz-üzə əyləşib, necə deyərlər, dərdləşmək istəyi yarandı. Sözsüz ki, sözü tutan eyni fikirli adamlar dərdləşə bilərlər! Və belə qərara gəldim ki, üst-üstə düşən fikirlərimizi çoxları ilə paylaşmaq üçün sizə açıq məktubla müraciət edim!
Siz “Naz-Lifan”ı bağlayanlar, dükanlara ağlayanlar, qəbiristanlıqlara “yas saxlayanlar” yazınızla qələmin müqəddəs vəzifəsinə sadiq qalan jurnalist olaraq Naxçıvanın yaxın keçmişdəki reallıqlarını o qədər təbii ustalıqla təsvir etmisiniz ki, mən bir anlığa o illərin soyuğunu, qaranlığını, səksəkəsini yaşadım... O illəri ki camaat xilaskarının ətrafında birləşdi, ermənini Naxçıvana qoymadı, torpağını qorudu, bu torpağı bir addım belə, tərk etmədi, övladlar böyüdüb tərbiyə etdi, oxutdu, gələcəyini hazırladı... Həyatımız blokadada olsa da, mənəviyyatımız, iradəmiz sınmadı, sarsılmadı! Bir çaydan isti çay tapanda bir çaynikini dəsmala, paltara büküb qonşuya çatdırdıq. İki litr neftimiz vardısa, qonşumuzun da çırağını doldurduq! Xəstələrimizə, əsgərlərimizə, qoca və kimsəsizlərimizə baş çəkdik; əlbəttə, söhbət saf naxçıvanlı xislətindən gedir! O naxçıvanlıdan ki doğulub boya-başa çatdığı vətəninin dar günündə ilğım dalınca düşüb yurdunu tərk etmədi, çalışdı, vuruşdu, sinəsini sipər edərək sərhədlərimizi mənfur düşməndən qorudu, siz dediyiniz kimi, az danışıb, çox iş görərək ömrünü şam kimi yandırıb millətinin yolunu işıqlandırdı, hər ocağı ürəyinin hərarəti ilə isitdi. Necə deyərlər, Naxçıvanı gözəlləşdirərək naxçıvanlılara sevdirən oğullara bu torpağın suyu, havası, bütün naz-nemətləri halal olsun!
Sadalamağa ehtiyac duymuram, hər şey göz qabağındadır! Bütün bunlar Naxçıvanı Qafqazın “San-Fransiskosuna”, Azərbaycanın “yaşıl ürəyinə” çevirən muxtar respublika rəhbərinin uzaqgörən, məqsədyönlü, həm də vətəndaş qayğıkeşliyi ilə həyata keçirdiyi işlərin nəticəsidir.
Düz sözə nə deyəsən,
yaxud deməsək olmur
Oğlum Sahil, “Vicdanını pula satan nadanlar”, “Bizə toy tutan toylar”, “Təbiətin dibini-kökünü qazanlar”, “Alayarımçıq müxbirlərin cəviz sevdası” yazılarınızı oxuduqca öz-özümə bir sual verdim: düz sözə nə deyəsən?! Sənin yaşından irəli olanlardan, yadından çıxanlardan, diqqətində olub da dilə gətirmədiyin Naxçıvan həqiqətlərindən mən də 70 yaşlı ana, nənə, vətəndaş və oxucu kimi azca danışım. Deməsək olmur! Axı biz dərdləşirik!
Naxçıvanda möhtəşəm quruculuq işləri başlayanda qaragüruhçular başlayırdı “havara”. Zirzəmilərdə, binaların qarşısında, yol üstündəki yöndəmsiz, antisanitariya mənbəyi olan dükan, çayxana və budkaları sökməyə başlayar-başlamaz yenə başlayırdılar “havara”. Bir əraziyə qanunsuz çəkilən hasarı sökəndə, yerində bina inşa etməyə başlayan kimi eşidirdin: “Filan yer dağıldı, havar”. Şəhərimizdəki Heydər Əliyev prospektindəki böyük doqquzmərtəbəli yaşayış binalarını yenidən qurmağa başlamışdılar, dərhal söz yayıldı: “Camaatı köçürdürlər”.
Beləcə, sökülənlərin yerində dövlət əhəmiyyətli tikililər görəndə, yüksək ticarət mədəniyyəti əks etdirən alış-veriş mərkəzləri açılanda, köhnə yaşayış binaları yenidən təmir edilib sakinlərin istifadəsinə veriləndə “havar” salanlar utandı! Amma, görəsən, xəcalət çəkdilər?!
Qaragüruhçuların bağırdığı kimi “repressiya” yox, ictimai nəqliyyat və taksi sürücüləri – deyərdim – əsl intibah mədəniyyətinə sahib olublar. Maşın tərtəmiz, səliqəli sürücü geyimi, gözdən, dildən və əldən tərbiyəli, səriştəli insanlar: taksiyə minəndə elə bil oğlumun maşınına minirəm. Alqış bu mədəniyyəti tərbiyə edənlərə!
Qəbiristanlıqlar sökülmür, ay bədniyyətlər! Abadlaşır, gülkarlığa, yaşıllığa qərq olur! Nəyi pisdir? Ölünün heç nəyə ehtiyacı yoxdur. Xatirəsini anmaq üçünsə həyat rəmzi olan bir cüt çiçək, bir yaşıl budaq bəs edər! Yöndəmsiz çəpərlərə ilişə-ilişə doğmalarımızı ziyarət etməyə gedəndə məcburən bir qəbri ayaqlayıb keçməli olurduq axı...
Vəfat edənlərə üç gün yas, bir gün ehsan verilir: çox gözəl! Alqışlayıram! Kim necə yaşayır, elə də ölür! Əvvəla, ən möhtəşəm abidəni insan sağlığında özü-özünə ucaltmalıdır: bu abidə onun cəmiyyətə, vətənə layiq yetirib-bitirdiyi, tərbiyə elədiyi övladları, nəslidir: ikincisi odur ki, bizim gözəl milli dəyərlərimiz var: ailənin müqəddəsliyi, ata-anaya, övlada məhəbbət, qocaya, xəstəyə qayğı, ehtiram! İnsan bunları sağlığında görməlidir. Allahın verdiyi ömür payını sakit, rahat, ağrısız yaşamaq üçün övladlarım, gəlinim, nəvələrim ailə büdcəsi hesabına mənim sağlamlığımın qeydinə qalırsa, öləndən sonra alnıaçıq, başı uca olsunlar: məni Naxçıvan torpağına tapşırıb, Naxçıvan daşından başdaşı qoymaqları kifayətdir. Jitomirdən gəlmiş qara mərmərə o dünyada kimin nə ehtiyacı var?!
Belə-belə işlər, Sahil, oğlum! Hələ ki yaşayırıq. Ölümdən danışdığımız bəsdir! Toylardan, xeyir işlərdən danışaq: sən deməli, toylar da ki, bizə toy tutur! Yaxın keçmişdə bilirsən toylar necə idi? Ağ yolsuz, şar yağışsız, fotosessiyasız, kamerasız, fotoqrafsız həyətdə qurulan toy mağarı! Çalınan qara zurnanın səsi dağlarda əks-səda verərdi. Yaşlılar oturub cavanların oynayıb-şənlənməsinə tamaşa edər, cavanlar qürurla ana-bacısını, qohum-qızlarını, hətta gözaltısını rəqsə çağırardı. Axşam gəlin köçəndə qazan üstə aparardılar: bu qazan “kəbin aşı” deyilən sadə, 15-20 nəfərlik xörək idi. Gəlin evə girəndən sonra ən yaxın qohumlardan ibarət ağsaqqallar kəbin xörəyinə oturardılar. Təmənnasız, pulsuz-parasız!
Hələ bir gün əvvəlki qız evindəki xına axşamı südaşı bişirilib 10-15 qaba çəkilirdi, gəlinin əlinə xına yaxan qız-gəlin südaşından yeyib, çalıb-oynayır, gecəyarısı bir məcməyidə bəyə xına aparardı. Gəlin köçənin sabahısı gün qız evi görüşə gedəndə südlü xəmirdən təndirdə bişmiş “yeznə qalını” aparardı.
Mən mühafizəkar deyiləm. İnsan həyatına, xalqa, cəmiyyətə xeyir gətirən yeniliyi və tərəqqini alqışlayıram! Ancaq təəssüf ki xına axşamı, ciyər axşamı, xaşlama gecəsi “məsum südaşı”nı, növbənöv adını bilmədiyimiz salatlar, növbənöv kabablar, soyutmalar, qızartmalar, kürülər, göbələklər, dondurmalar, meyvələr, çərəzlər, daha nələr-nələr “kəbin aşını”, 5-6 mərtəbəli tortlar “yeznə qalını”nı süfrəmizdən çıxartdı. Bu israfçılığa və ifratçılığa dözmək olmur. Bax onda Sahil müəllim, bizə toy tutulur. Elə toy ki, az qala, cavanların 2-3 uşağı olana qədər bu toyun “altından” çıxa bilmirlər. Bu haqda düşünüb əməli işə keçməyin vaxtıdır. Hələ demirəm nişan toyları, sünnət toyları, ad günü, yubiley toyları, uzaq olsun – “ikinci toylar”...
Sünnət toyu demişkən, 10 il əvvəl 2 nəvəmə sünnət toyu eləyəndə, belə demək mümkünsə, bir “ssenari” tərtib etdim və həyata keçirdim: teatrdan xahiş edib Dədə Qorqud obrazını oynayan aktyoru dəvət etdim, uşaqlar “Vağzalı” yox, xahişimlə “Cəngi” sədaları altında toyxanaya daxil oldular. Musiqiçilərdən xahiş etdim ki, toyda yad musiqilər çalınmasın. Dədə Qorqud uşaqlara xeyir-dua verib, başlarına milli papaq qoyub dedi: “Papağı mən qoydum, kişiliyi özün qazan”. Dədə uşaqlarla əl tutub yallı getdi. Sonra “Qaytağı” rəqsi ifa edildi, hamı əl çalıb ayağa qalxdı: toyun sonunda “Nəğmə olmaq istəyirəm, ay ana” mahnısının sədaları altında toydakı bütün uşaqlar anaları ilə rəqs etdilər. Toydan sonra dostlardan biri: “Sağ olun, sizin toyda dincəldik”, – dedi. Mən çalışdım ki, bu toya milli rəng qatam! Bu gün isə “Sünnət toyu” ifadəsi utanc doğurur. Ona görə də axırıncı nəvəmi doğum evindən gələn kimi 13 günlüyündə səssiz-küysüz sünnət etdik.
Daha nə danışaq, Sahil müəllim?! Yaralı yerimizdən biri də dözə bilmədiyimiz “Təbiətin dibini-kökünü qazanlar”dır. Dünyanın ekoloji həyəcan təbili çaldığı bir dövrdə Azərbaycanın qiymətli fauna və florasına çoxlarının həsəd apardığı bir zamanda, bu naqislər dərk eləmir ki, təbiətin dibini-kökünü qazmaqla öz nəsillərinin kökünü zədələyib, şikəst edirlər... 50-55 il əvvəl kəndimizin insanları dağlardan karvanqıran, dəvətikanı kimi oduncaqlı kolları külünglə qırıb yığar, təndirdə yandırıb çörək bişirərdilər. Kəndimizdə bir zootexnik var idi, o yaşlı kişi atla çölləri gəzərək camaatın o kolları qırmasını qadağan etmişdi. Bir dəfə atama sual verdim: – Ata, oralar Cavad ağanındır? Atam dedi: – Oralar hamımızındır, qızım! Mal-heyvanımız orada otlayır. Ona görə də Cavad ağa icazə vermir o kolların kökü kəsilsin... Mən bu gün 70 yaşımda dərk edirəm ki, o zaman südümüz niyə yağlı, ətimiz niyə dadlı idi! Adamlarımız sağlam və gümrah idilər...
Ordubadın Nürgüt kəndi ərazisində dağlar arasında yüksəklikdə bir göl var – Göygöl! Çox da böyük olmayan bu göl iyul, avqust aylarında insanı üşüdür. O çətin yolu qalxıb bu gölə çatmağın özü böyük istək, arzudur! İnsan elə bil həsrətinə qovuşur. Nə yazıq ki Arazın sazanını yeyib doymayan hissiz, duyğusuz insanların bu göldə qızıl balığa qarmaq atdığını da görmüşəm... Haray çəkmək istəyirəm... Ey insanlar, təbiətə qənim kəsilməyin, təbiətin qisası güclü olar!
Sahil, oğlum, “Alayarımçıq müxbirlərin” cəviz sevdası lap adamın ətini tökür. Onu-bunu bilmirəm: Naxçıvanda ağac kəsmək söhbəti eləmək bişmiş toyuğun gülməyinə bərabərdir. Ömrünü-gününü bu diyarın yaşıllaşdırılmasına, ağac əkməyə, bağ salmağa, ting bəsləməyə sərf edənlər, az qala, torpağa sancılan hər kolun, qələmin sayını-hesabını apararaq “birinin başından bir tük əskik olmasına” yol vermirlər. O da qala qiymətli, xeyirli cəviz ağaclarına.
Deyirlər desinlər. Deyənlər azdı, eşidənlər çoxdu, həqiqəti başa düşənlər daha çoxdu! Qarayaxanlar, yarımçıqlar, naqislər olub, indi də var. Çayxanalar ləğv olundu, avaraların “loğaz ədəbiyyatı” da ləğv olundu, qazanan biz olduq. Ərzaq növbələri, yanacaq növbələri ləğv olundu, “bığıburmaların” şər, böhtan qeybətləri də məhv oldu. Yas günləri azaldı, cahil, nadan, boşbeyin adamların çənə söhbətləri də azalacaq. İndi onların tör-töküntüləri sosial şəbəkələrin qurum basmış tavanından asılı qalıb yellənir. Onların da gözləri gözəlliyi görməyincə kor olacaq. Ağzına gücü çatmayanlar sosialcasına bağırsalar da, karvan keçəcək!
Sahil, oğlum, söhbətləşdik, dərdləşdik... Unutma, pislər məhəkdaşıdı. Məhəkdaşları olduqca yaxşıların yaxşılığı daha qabarıq görünəcək. Sən yaz, mən oxuyum, yenə nə vaxtsa qismət olar dərdləşərik...
Nubar ABDULLAYEVA
Naxçıvan şəhər sakini, filoloq