Qədim Naxçıvan özünün torpaq və təbii iqlim şəraiti ilə yanaşı əkinçilik və bağçılıq mədəniyyəti ilə də dünyada tanınır. Ötən ildən başlayaraq şəhərin qədim tarixi hissəsi olan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Göycə” festivalı da muxtar respublikada yetişdirilən, dadı-tamı ilə çox məşhur olan meyvələrin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İyunun 3-də başlayan ikinci göycə festivalına maraq böyük idi. Səhər saat 9:00-da artıq Naxçıvanqalanın geniş ərazisində qələbəlik idi. Yüzlərlə Naxçıvan sakini və şəhərdəki turistlər göycə sərgiləri ilə tanış olmaq üçün bura axın edirdi.
Əvvəlcə Naxçıvanqalanın mərkəzində festivalın açılış tədbiri keçirildi. Tədbrin aparıcıları xalqımıza məxsus ənənələrin yaşadılmasında, naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının hələ VII əsrdən bəri yetişdirməyə başladığı göycənin şöhrətinin yayılmasında “Göycə” festivalının əhəmiyyətindən danışaraq bildirdilər ki, Naxçıvanda yetişən göycə ilə yanaşı ləziz dadı ilə seçilən alma, armud, qoz, badam, üzüm sortları da yaxşı tanınır. Elə bu səbəbdən də hələ orta əsrlərdən Naxçıvan “meyvə cənnəti” adlandırılıb.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov qeyd etdi ki, Naxçıvanda göycənin iriliyinə, dadına və digər genetik xüsusiyyətlərinə görə 5-dən çox formasına rast gəlinir. Azərbaycan dilində yalnız Naxçıvan dialektinə məxsus “Göycə” sözü göy-yaşıl mənası ilə bərabər həm də yeni, təzə mənasında işlənilir ki, bu da yazda ilk yetişən faraş meyvə kimi Naxçıvan göycəsinə aid olunur. Alim bildirdi ki, Naxçıvanda əsasən Arazboyu maili düzənlik ərazilərdə daha yaxşı məhsul götürülən göycə bağlarının salınması üçün əlverişli ekoloji şərait vardır. Məhz buna görə də muxtar respublika rəhbərinin Naxçıvanda meyvəçiliyin inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğı nəticəsində göycə kimi brend məhsullarımızın istehsalının daha da artırılması, bu sahədə elmi tədqiqatların aparılması, bağçılıqda dünya standartlarının mənimsənilməsi üçün geniş imkanlar açıb. Bu mənada, yazin ilk yeyilən meyvələrindən biri olan göycənin, sözün əsl mənasında, vətəni olan Naxçıvanda meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər artıq bəhrəsini verməyə başlayıb.
Sonra festival üçün gətirilmiş Naxçıvan göycəsinə baxış oldu. Muxtar respublikada göycənin ən çox yetişdirildiyi Şərur, Babək, Kəngərli, Gulfa və Ordubad rayonlarından 100-dən çox bağbanın gətirdiyi meyvələrə böyük maraq göstərilirdi. 11 tondan çox göycənin gətirildiyi festivalda vətəndaşlara nümunəvi satış xidməti də təşkil olunmuşdu. Naxçıvan bazarlarında ilin bu mövsümündə göycə bolluğu olsa da, nəfis şəkildə bəzədilmış stendlərdə sərgilənən göycələrin və göycədən hazırlanmış məhsulların yarısından çoxu qısa zamanda satıldı. Burada həmsöhbət olduğumuz bağbanlardan Məhərrəm Novruzov, Nicat Quliyev və digərləri gətirdikləri göycə məhsuluna marağın böyük olduğunu bildirdi, festivalın təşkilinə görə dövlətimizə minnətdarlığını ifadə etdilər.
Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyasının maraqlı konsert proqramı ilə şənləndirilən festival sabah da davam edəcək və günün sonunda bağbanlar arasında “Ən yaxşı göycə” müsabiqəsi ilə bü mühüm tədbirə yekun vurulacaq.
Əli Cabbarov