23 Dekabr 2024, Bazar ertəsi

Sevilən qidaların hamısı zərərlidir deyə, bir qanun yoxdur. Faydalı olduğu halda insanlar tərəfindən sevilərək yeyilən qidalar sırasında ilk yerdə meyvələr durur. Xüsusilə də mövsüm etibarilə ilk yetişən meyvə olan göycə. Naxçıvanın brendinə  çevrilmiş bu meyvəni sevməyən, zənnimcə, yoxdur. Həyətində göycə ağacı olanlar onu bu­dağından qoparıb yeyəcək, olmayanlara dost-tanışdan pay gələcək, o da olmasa, bir neçə manatından keçib gedib bazardan alacaq. Hər nə cür olursa-olsun, insanlar onu dadacaq. 

Çox uzağa getmədən bir misal çəkəcəyəm. Ali məktəbin I kursunda oxuyurdum. Qrup yoldaşlarımın çoxu şəhərdən olduğundan göycə yetişən vaxtı sinifdə söhbət düşdü ki, bəs kimin həyətində göycə ağacı varsa, bir gün gedək onlara göycə yeməyə. Sağ olsun Babək rayonundan olan Vüsalə adlı bir qız, ürəkli çıxaraq bizi evlərinə dəvət etdi. Etmədik tənbəllik, 42 nəfər tələbə yol aldıq Babək rayonuna. Çox da razı qayıtdıq. Artıq üçüncü ildir ki, göycə mövsümündə ünvanımız bəllidir: Babək qəsəbəsində Əsgərovların həyəti.
İndi isə keçək naxçıvanlıların sevimli meyvəsi olan göycə barədə məlumatlanmağa. Görək onun adından, rəngindən, dadından başqa haqqında nə bilirik? Göycə Naxçıvanın ən sevilən, nübar meyvələrindən biridir. Ona görə ki, ta qədimdən göycə yalnız bu regionda becərilib. Naxçıvan göycəsinin tarixi VII əsrə gedib çıxır. “Göycə” sözü göyümtül-yaşıl mənasında olmaqla bərabər, “yeni”, “təzə” mənasını da ifadə edir. Mövzu ilə əlaqədar Nehrəm kənd sakini, bağban Tofiq Abutalıbov ilə həmsöhbət oluruq:

– Göycə müxtəlif alça sortlarının bağbanlarımız tərəfindən calaq edilməsi yolu ilə əmələ gəlib. Belə ki, insanlar əvvəlcə alça ağacını əkir, sonra göycənin budağından ona calaq vururlar. İkinci, yaxud da üçüncü il artıq göycə ağacı bar verir. Calaq üçün də xüsusi vaxt var. Dədə-babalarımız deyərdi ki, arpa biçini zamanı calaq etməyin əsl vaxtıdır. Göycənin calağı, əsasən, alça və almaxara ağaclarına vurulur. Təcrübələr əsasında demək olar ki, bu ağaclar vurulan calaqdan sonra yaxşı bar verir. Həm də həmin ağacların kökaltı hissələri yaxşı inkişaf etdiyindən gec quruyur, xəstəliklərə davamlı olur.
Yağışlı havalarda tozlanma yaxşı getmədiyindən ağacları zərərvericilər məhv edə bilər. Buna görə də erkən yazda və çiçəkləmədən sonrakı dövrdə ağacları dər­manlamaq lazımdır. Məhsul verməyə bir ay qalmış dərmanlama dayandırılır ki, kimyəvi tərkib ağacın meyvəsinə təsir göstərməsin. Ağacları çiçəkləmə vaxtında da dərmanlamaq olmaz.
Bütün ağaclar kimi, göycə ağacının da mineral maddələrə, üzvi gübrələrə ehtiyacı var. Lakin ağaca gübrə verilən zaman da diqqətli olmaq lazımdır. Gübrə mütləq çiçəkləmədən əvvəl verilməlidir.
Bütün ağaclara xas bir hal var ki, ağacın orta məsafəsi kasa kimi boş qalmalıdır. Bu, yaxşı havalanma üçündür. Buna görə də erkən yazda göycə ağacı budanmalıdır. Onun üst təpə tumurcuqları təmizlənməsə məhsulu az olar.
Göycə ilk yetişən meyvə olduğundan çox alındığına hamımız şahid olmuşuq. Bir neçə dəfə göycə satışı həyata keçirilən mağazalarda alıcı ilə satıcı arasındakı mübahisəni kənardan müşahidə etmişəm. Alıcı deyir ki, bu, bir o qədər də şirin deyil, bu, göycə deyil, alçadır. Satıcı da and-aman edir: “Nə alça? Bu, göycədir”. Görəsən, hansı haqlıdır? Bu sualı da həmsöhbətimizə ünvanladıq və görün necə cavab aldıq:
– Göycə alçadan tez yetişir. Yəni göycə satışa çıxarıldığı vaxt alçalar çox balaca və acı olur. Alçanı, adətən, göy ikən deyil, yetişəndən sonra yığıb istifadə edirlər. Göycə ilə bir fərqi də elə budur. Göycə, yəni göy ikən gəl qopar məni. Qısaca, görünüş etibarilə göycə ilə alça səhv salınsa da, faktiki olaraq bunlar ayrı-ayrı meyvələrdir. Lakin göycələrin turşu da var, şirini də. Əgər göycənin calağı şirin alçaya vurularsa, göycə şirin, yox, əgər keyfiyyətsiz, xalq diliylə desək, cır alçaya vurularsa, məhsul turş olar. Ağaca yaxşı qulluq edilsə, vaxtlı-vaxtında mineral maddələrlə təmin edilsə, bu, onun məhsulunun keyfiyyətini yüksəldəcəkdir. Ağaca verilən suyun da onun məhsuluna bilavasitə təsiri var. Belə ki, şirin su ilə suvarılan ağacın meyvəsi ilə şor su ilə suvarılan ağacın meyvəsi arasında, əlbəttə ki, fərq olacaqdır.
Tofiq Abutalıbovun dediyinə görə, Nehrəm kəndində 6 sahibkar fərdi təsərrüfatında göycə yetişdirir, yetişdirdikləri məhsulun satışı ilə gəlir əldə edirlər.
Qəmbər Bağırov da həmin fərdi təsərrüfatla məşğul olanlardan biridir. O deyir ki, bütün ağaclar kimi, göycə ağacına da qayğı lazımdır. Əgər yaxşı məhsul istəyirsənsə, yaxşı da qulluq etməlisən. Vaxtlı-vaxtında onu budamalı, dərmanlamalı, mineral gübrələrini verməli, suvarmalısan. Keçən il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Göycə” festivalında iştirak edən Qəmbər əmi bu il də keçiriləcək festivalda bol məhsulla yer alacağını bildirdi.
İndi isə keçək göycənin orqanizmimiz üçün faydalarına. Xalq arasında o, ilk növbədə, iştahaçıcı kimi tanınır. Hələ zamanında nənələrimiz yemək yeməyən 3-4 yaşdan yuxarı uşaqların iştahasını açmaq üçün mövsüm vaxtı onlara gündə 1-2 göycə yedirərdilər. C vitamini ilə zəngin olan göycə təzə qan yaradır, hipertoniya, qanazlığı olanlara çox faydalıdır. O, eləcə də susuzluğu tez yatıran vasitə hesab edilir, stresə qarşı qoruyucudur və sakitləşdirici bir təsiri var, ağız sağlamlığı üçün, xüsusilə diş ətlərinin güclənməsinə kömək edir.
Qədim Naxçıvan zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, bu torpaqda yetişən nemətləri ilə də dünyada tanınır. Naxçıvana məxsus meyvə sortlarının istehsalının artırılması ilə yanaşı, onların təbliği və tanıdılması da diqqət mərkəzində saxlanılır, bu sahədə lazımi tədbirlər görülür. Bunun göstəricilərindən biri keçən il mayın 27-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilmiş “Göycə” festivalıdır. Festivala Naxçıvan şəhərindən, Şərur, Babək və Ordubad rayonlarından olan 70 torpaq mülkiyyətçisinin yetişdirdiyi müxtəlif növdə 3 tondan çox göycə çıxarılmışdı. Həmçinin festival iştirakçılarına göycədən hazırlanan məhsullar – mürəbbə, kompot, turşu, göycə qurusu, eləcə də göycə lavaşası təqdim olunmuşdu.
Qeyd edək ki, belə festivalların keçirilməsi ənənə halını almış bu qədim torpaqda iyun ayının 3-ü və 4-ü “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ikinci “Göycə” festivalı keçiriləcəkdir. Şəhərimizin bütün sakinləri dəvətlidir!

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR