2003-cü ildən etibarən Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü elan edilmişdir.
Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətidir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmək qanunvericiliyi sahəsində həyata keçirilən islahatlar, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktların qəbul edilməsi, Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək, əmək və istirahət hüquqlarının təsbit olunması bu sahədə geniş fəaliyyət imkanları yaratmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ölkəmizdə əmək hüquqlarının təmin olunmasını diqqətdə saxlayır, əməyin mühafizəsi sahəsində qanunvericilik təkmilləşdirilir, əmək şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.
Naxçıvan Muxtar Respublikasında da əməyin mühafizəsi tədbirləri uğurla həyata keçirilir, əmək hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılır, o cümlədən əmək şəraitinin yaxşılaşdırılması, istehsalat mədəniyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq işləri, yeni istehsal və emal müəssisələrinin, xidmət sahələrinin fəaliyyətə başlaması iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək hüquqlarının qorunması və əməyin mühafizəsi tədbirlərinin genişləndirilməsini şərtləndirir. 2011-ci ildə istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər, 2012-ci ildə tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması və 2014-cü ildə tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən müşavirələrdə verilən tapşırıqların icrası əməyin mühafizəsi ilə bağlı tədbirlərin daha da gücləndirilməsinə səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda isə qeyri-formal məşğulluğun qarşısının alınması və əməyin mühafizəsi istiqamətində daha geniş tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Hazırda muxtar respublikada işçilərin həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülür, tikinti aparılan obyektlərdə işçilərə sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlər hazırlanır, müəssisələrdə əməyin mühafizəsi və kadrlar üzrə mütəxəssislərin biliklərinin artırılması məqsədilə kurslar təşkil edilir, işçilər peşələrinə uyğun xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilirlər.
Əməyin mühafizə qaydalarının pozulması, avadanlıq və qurğuların istismar qaydalarına əməl olunmaması, əmək və icra intizamının pozulması kimi hallar iş yerlərində bədbəxt hadisələrin baş verməsinə səbəb olur. Bunun üçün hər bir işçi əməyin mühafizəsi üzrə müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulan tələbləri öyrənməli və onlara əməl etməlidir.
Əməyin mühafizəsi istiqamətində aparılan nəzarət və maarifləndirmə tədbirləri cari ilin birinci rübündə də davam etdirilib. Görülən tədbirlər nəticəsində istehsalatda baş vermiş bədbəxt hadisələrin qarşısı alınmışdır. Cari ilin birinci rübündə əməyin mühafizəsinin təşkili ilə bağlı 13 obyektə baxış keçirilmiş, fərdi mühafizə vasitələrindən istifadə etməyən 5 nəfər iş sahəsindən uzaqlaşdırılmış, 7 işçi isə fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Bu dövrdə istehsalatda ağır xəsarətalma və işçinin ölümü ilə nəticələnən hadisə baş verməmişdir. Qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı tədbirlər də davam etdirilmiş, 123 obyektə nəzarət zamanı 78 işçi ilə yeni əmək münasibətinin rəsmiləşdirilməsinə, 132 işçinin isə əmək müqaviləsində əməkhaqqının real göstərilməsinə nail olunmuşdur.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində “İş yerində əməyin mühafizəsi qaydalarına əməl edilməsi”, “Yükləmə-boşaltma və yüklərin daşınması zamanı əməyin mühafizəsi qaydalarına əməl olunması”, həmçinin “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzularında təşkil olunan kurslara 69 müəssisənin mütəxəssisləri cəlb edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti