23 Dekabr 2024, Bazar ertəsi

Zəhmətkeş təsərrüfat sahibi ilə söhbət

“Hava yağmurlu olanda ətrafına hündür yulğun kollarından hasar çəkilmiş məktəb binasının novdanlarından daman su sinif otaqlarında özünə əməlli-başlı yer edirdi. Kəndin çal-çəpərsiz həyətlərinə baxan inzibati binaların eyvanında dayanmaq olduqca təhlükəli idi.
70 illik sovet hökumətinin sütunları kimi bu eyvan da silkələnirdi. Kim idi həmin vaxt ucqar dağ kəndini yada salıb onun yollarını çəkən, körpüsünü salan? Kərəntisi, orağı çiynində yellənən kəndlinin məhsuluna da yiyə duran yox idi. Tədarük etdiyi nemət çox vaxt sahədə qalıb məhv olurdu. Kənddə yaşadığım vaxt ağır günlərin fikri, sabaha olan ümidsizlik məni Nəhəcirdən köçməyə vadar etdi. Lakin illər keçdi, dövr dəyişdi, elə bu dövrlə bərabər Nəhəcirin də siması dəyişdi, miskin donunu üzərindən atdı, müasir, abad yurd yerinə çevrildi və mən yenə öz kəndimə qayıtdım”.
Bu fikirlərin sahibi, Nəhəcir kənd sakini Seyran Məmmədovdur. Seyran kişi telefonda başladığımız söhbətə burada nöqtə qoydu və israrla dedi ki, “ay oğul, iyirmi ildən çoxdur ki, bu kənddən çıxmışam. Bunların hamısını telefonda sənə necə danışım? Qismət olar, bir gün qeyd dəftərçəni götürüb gələrsən bu tərəflərə. Bir çayımı içərsən, həm halımızdan agah olarsan, həm də ətraflı söhbətləşərik. Ürəyimdəkiləri açıb tökərəm...”

Vaxt itirmədim. İki gün sonra 69 yaşlı təsərrüfat sahibi Seyran müəllimin qonağı olmaq üçün Nəhəcir kəndinə yola çıxdım. Yolboyu vüqarı ilə gözoxşayan Naxçıvan dağlarının təsiri altındaydım. Obrazlı desək, kişi qaməti, məğrurluğu, dəyanəti var bu dağlarda. Ta uzaqdan seçilən bu təbiət monumentləri qol-qanad açaraq sanki gələni qarşılayıb ona “xoş gəldin”, – deyir. Bəzilərinin zirvəsi kəllə qənd kimi ağarır... Günəş əyiləndə isə onun öləziyən şüaları bu sıldırım daşların sinəsini döyür, öz hənirtisi ilə isidir. Abad yaşayış məntəqələrindən keçən yol yavaş-yavaş bizi kəndə yaxınlaşdırır, yolun sağında və solunda – bir zaman susuzluqdan cadar atmış düzənliklərdə dalğalanan taxıl zəmiləri, bostanda torpağa zəhmət tərini axıdan kəndlilər tədricən arxada qalırdı. Təbiət də niskilli günlərini çoxdan arxada qoyub. Eynilə nəhəcirli Seyran müəllim kimi.. Bəli, oxucularımıza təqdim edəcəyimiz şəxs bir zamanlar şəraitsizlikdən təngə gələrək doğma kəndini tərk edib Naxçıvan şəhərinə yerləşən, indi isə yenidən Nəhəcirə qayıdıb böyük bir təsərrüfat yaradan Seyran Məmmədovdur.
Uzaqdan diqqəti cəlb edən kənd evləri doğma bala kimi Nəhəcir dağının ətəyinə sığınıb. Son vaxtlar qurulan gənc ailələr hesabına kənddə yeni evlər tikilib, sanki ikinci bir Nəhəcir kəndi salınıb. İnşası aparılan daha bir yaşayış evi isə Seyran müəllimin oğlu Əfqana məxsusdur. Yazın ilıq nəfəsinin duyulduğu ilk vaxtlardan onlar bu ucqar dağ kəndinin yolunu tutublar. Tutduqları yol isə onları daha yaxşı gün-güzəran sahibi edib. 200-ə yaxın xırdabuynuzlu heyvan saxlayan həmsöhbətimiz ötən əsrin sonlarında kəndə “əlvida” deyib Naxçıvan şəhərinə köçsə də, son illər eləməyib tənbəllik, “şələ-şüləsini vurub qoltuğuna” qayıdıb Nəhəcirə. Özü də oğul-uşaqla birgə.
Sözünə dəqiq adamdır. Təyin etdiyimiz vaxtda onunla nişan verdiyi ünvanda görüşdük:
“Tam səmimi fikrimdi. 20 il bundan öncə kənddən çıxan indi Nəhəciri tanıya bilməz. Kəndlinin həyatı dəyişib, elə doğma yurdun görkəmi də. Götürək uzun illər mənim çalışdığım kənd məktəbini. Yaxşı xatirimdədir, 8-ci sinifdən sonra təhsilini davam etdirmək istəyən gərək ya avtomobil, ya da motosiklet sahibi olardı. Çünki buradan qonşu Qahab kəndinə əməlli-başlı məsafə var. Bu yaxınlarda təsərrüfatdan baş ayırıb 1-2 saatlıq kənd məktəbində oldum. Nəvəm Aysunun açıq dərsində iştirak etdim. Təmizliyi ilə gözoxşayan müasir məktəb binası, elektron lövhəli siniflər, zəngin kitabxana, gələcəyimizə can yandıran müəllim kollektivi, internet vasitəsilə muzey şəbəkəsinə qoşulan, kompüterlərin arxasında bilik, savad öyrənən şagirdlərin aktivliyi məni qürurlandırdı. Daha nə deyim, ay oğul?! Orada öyrəndim ki, bu il keçirilən qəbul imtahanında məktəbi bitirən 4 məzundan 3-ü istənilən nəticəni əldə edib. Deməli, təhsil, maarif işığı bu yerlərə də sirayət edib. İllər öncə burada müəllim kimi çalışdığım günlər yadıma düşdü. Bu dəyişikliyi, yeniliyi, inanın, sözlə ifadə etmək mümkün deyil. Növbəti tədris ilində o biri nəvələrimi də bu məktəbə qoyacağam. Hələlik yanımda təsərrüfat işlərində mənə köməklik edirlər. Axı insan təhsil almaqla bərabər, həm də yaxşı peşə sahibi olmalıdır. Onları gələcəyə düzgün hazırlamalıyam. Nəticə etibarilə mən də bir müəlliməm.
Hə, gələk əsas məsələyə. Ailə həyatı qurduqdan sonra müxtəlif dövlət orqanlarında işləmişəm. O zaman kənddən köçməyimin konkret səbəbləri var idi. Qoy kimsə bu işdə məni qınamasın. 2 oğlum, 2 qızım var. Hər iş qalsın bir kənara, övladlarıma təhsil vermək, cəmiyyətə qazandırmaq üçün lazım olan tələbləri köhnə məktəb ödəyə bilmirdi. Ətraf kəndlərdəki məktəblərin də mənzərəsi bizdən fərqlənmirdi. Körpü olmadığı üçün kəndin həndəvərindəki dağ çayını adlayıb Nəhəcirə qədəm qoymaq müşkül məsələyə çevrilmişdi. Günlərlə işıq üzünə həsrət idik. Qaz haqqında isə nə sən soruş, nə mən deyim. Bağımızda nə ağac vardısa, hamısını kəsib odun eləmişdim. Lakin indi evimdə internetə girib Bakı şəhərindəki qohum-qardaşla danışıram və elektrik enerjisinin, təbii qazın kənddə daimi olduğunu onlara deyəndə təəccüblə mənə baxırlar. Vaxt vardı əhalinin şəhərlərə intensiv axını kəndimizdə də “qıfıllı qapı”ların sayını artırmışdı. Hər nə qədər ağır olsa da, bu həqiqət ötən əsrin sonlarında kəndlərimizin imicini simvolizə edirdi. O gün “Şərq qapısı” qəzetindən oxuyuram ki, rayonumuzun ən ucqar dağ və sərhəd kəndləri olan Payızda, Gərmə­çataqda quruculuq işləri aparılır. Bu, inkişafın göstəriciləri deyilmi? Sakinlərin yurda bağlılıq hissini artırmaq üçün böyük layihələr reallaşdırılır. Bunun ən bariz nümunəsini elə mənim timsalımda görə bilərsiniz. Doğrudur, şəhərdə də mənim evim, işim var idi. Amma bu gün Nəhəcirə bir sahibkar kimi qayıtmışam. Həm torpağının əsl yiyəsi, həm də təsərrüfatında bir neçə kəndlini işlə təmin edən fermer kimi. Bu gün dövlət torpağı əkib-becərmək üçün gübrə də verir, su da, texnika da, hələ lazımi tövsiyələri də. Gün-güzəran, yaxşı yaşayış, dolanışıq bu torpaqdadır. Yaşımın bu çağında bir daha əmin oluram ki, ömür zəhmətlə ucalanda daha mənalı olur. Budur, kəndə “köç”ümün əsas səbəbi.
Həmsöhbətim bizi təsərrüfatı ilə tanış edir. 200-ə yaxın qoyun-quzu, keçi saxlayan Seyran müəllim hazırda burada yardımçı binalar salır. “Çörəyin qədir-qiymətini bilənlər onun bolluğunu da yarada biliblər”, – deyir Seyran müəllim. “Mən özüm də bu il payızda 7 hektar sahədə taxıl əkməyi planlaşdırıram. Əbəs yerə demirlər ki, sən torpağa tər tök, o sənə zər versin. İndi tədarük olunan məhsulun yaxşı da bazarı var. Keçi südü, pendiri yeyənlərə yaxşı məlumdur. Həftə sonları Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının yarmarkasında pendir satıram. Qazanc da yaxşı olur. Üstəgəl, bazarda heç bir rüsum və yer pulu da alınmır. Budur, ayağımın altında maşın və rahat dağ yolu. Bir saat çəkmir məhsulumu satıb geri qayıdıram. Telefonda da sənə demişdim. O illərdə kəndlinin məhsuluna yiyə duran tapılmazdı. Bu gün bütün bu işləri Nəhəcirdə reallaşdıra bilirəmsə, deməli, ölkəmizdə sabitlik, əmin-amanlıq, inkişaf var. İnsana qayğı var. Yadımdan çıxmamış bunu da deyim ki, o gün kəndimizdəki xidmət mərkəzində çalışan Toğrul mənə müraciət edib ki, o pendirdən bir az da göndər dükanda sataq. Kəndə gələn qonaq-qara, – indi siz onlara turist deyirsiniz, – “keçi pendiri” deyir, başqa bir şey demir. İnanın, bu işləri yerinə yetirərkən sanki dünyaya yenidən gəlirəm, cavanlaşıram. Təəssüfləndiyim məqam da odur ki, ömrümün çox hissəsi o çətin günlərə təsadüf elədi. İstənilən halda zaman ən böyük məlhəmdir. O acı xatirələri tez-tez yada salıram. Qoy bizdən sonrakı nəsillər bilsin ki, bu günlər asanlıqla araya-ərsəyə gəlməyib. Min bir zəhmət hesabına əldə olunmuş müstəqillik, sabitlik və onun bəhrələri qapımızadək gəlib çıxıb. Bunun qədrini bilməliyik. Hər kəs öz sahəsində dövlətimizin inkişafına töhfə verməlidir. Mənim kimi kəndçilər torpağı əkməli, təsərrüfatını genişləndirməli, bol məhsul istehsal etməlidirlər. Gənclərimiz yaxşı təhsil almalı, peşə öyrənməlidirlər. Oğul, bir sözlə, əhsən məni şəhərdən yenidən doğma kəndimizə gətirənlərə, yəni bu şəraiti insanlar üçün yaradanlara! Var olsunlar!”
Görün öz kəndini şəhərə dəyişən Seyran kişi kimi yüzlərlə, minlərlə insan muxtar respublika iqtisadiyyatına nə qədər töhfələr verir, neçə-neçə ailəni çörək sahibi edir, həyatlarını dəyişir. Tendensiya isə dəyişilməzdir: artan məskunlaşma, çox zəhmət, bol məhsul və yaxşı yaşayış. Elə dövlətə də, kəndliyə də lazım olan budur.

 

Günəş qüruba enir. Dərə-təpələr dağların kölgəsində gözdən itir. Təkcə Nəhəcir dağının zirvəsi işıqlanır. Bir də kənddə hər ocaqdan işıq gəlir, gecə gündüzü xatırladır. Bu işıq isə, sadəcə, elektrik lampasından kənd evlərinə süzülən işıq deyil. Bu işıq yurd yerinin bütün həyatını nurlandıran dövlət qayğısıdır.

 

Muxtar Rzazadə
“Şərqin səhəri” qəzetinin redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR