Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında silsilə tədbirlər keçirilib.
Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri də bu aksiyalarda mütəşəkkilliklə iştirak ediblər. Naxçıvan şəhərinin 5, 8, 12, 17 nömrəli tam orta məktəblərində təşkil edilən aksiyalar xüsusilə diqqətçəkən olub. Aksiyaların sonunda ekoloji tərbiyə dərnəkləri şagirdlərinin əl işlərindən ibarət sərgiləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bu tədbirlərin davamı olaraq Bəhruz Kəngərli adına Sərgi Salonunda “Ətraf mühit və biz” mövzusunda gənclərin rəsm əsərlərindən ibarət sərgi-müsabiqə keçirilib.
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağında isə “Ətraf mühiti necə qoruyaq?” mövzusunda diskussiya təşkil olunub.
Silsilə tədbirlər Naxçıvan Dövlət Universitetinin ərazisində keçirilən təmizlik aksiyası ilə yekunlaşıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirlikləri tərəfindən təşkil edilən aksiyanın məqsədi gənclərin ekoloji biliklərinin zənginləşdirilməsi, onlara təbiətə məhəbbət hisslərinin aşılanmasından ibarət olub.
Aksiyadan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev və Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov çıxış ediblər. Onlar muxtar respublikada ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərdən, bu sahədə tələbə-gənclərin üzərinə düşən vəzifələrdən bəhs edib, ötən ayın son günlərindən etibarən başlayan ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu aksiyalar gənclərin maarifləndirilməsinə, Naxçıvan şəhərində və bölgələrdə yaşıllıqların qorunmasına, ərazilərin məişət tullantılarından təmizlənməsinə, gənclərimizin muxtar respublikanın təbiəti haqqında ətraflı məlumat almasına səbəb olur. Həmçinin bu aksiyaların iştirakçıları diskussiyalar vasitəsilə tullantıların idarə olunması sahəsində əsas anlayışlar, tullantıların növləri və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələnib, bu tədbirlərdə ekologiyaya vurulan ziyanın mümkün qədər azaldılması yollarını müzakirə ediblər. Belə tədbirlər bundan sonra da davam etdiriləcək.
Sonra aksiyaya start verilib. Tədbirdə gənclər ərazini plastik qablardan, kağız, karton parçalardan, sellofan torbalardan və digər məişət tullantılarından təmizləyiblər. Toplanan məişət tullantıları tonqal qalanaraq yandırılıb.
Sonda İncəsənət fakültəsinin tələbəsi Aysu Məmmədova 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı muxtar respublika əhalisinə müraciət səsləndirib.
Müraciətdə deyilir: “Hörmətli muxtar respublika sakinləri! Əziz gənclər!
Muxtar respublikada aparılan quruculuq işləri, salınan yaşıllıq zolaqları, tarixi abidələrin, görməli yerlərin bərpa olunaraq istifadəyə verilməsi göstərir ki, muxtar respublikamızda tarixi irsin bərpasına və abadlaşdırma işlərinə, ətraf mühitə daim böyük qayğı göstərilir. Bu qayğı nəticəsində yaradılan şərait – abad, təmiz mühit gələcəyimiz olan gənclərin sağlam mühitdə böyüməsi üçündür.
Belə bir mühitdə böyüyən biz gənclər də yaradılan şəraiti, vətənimizdə olan tükənməz, əvəzsiz nemətləri qorumalıyıq. Təbiətimizə sahib çıxmalı, onu zərərli tullantılardan, çirklənmələrdən mühafizə etməliyik. Hətta bunu tək özümüz görməməliyik, onu bütün muxtar respublika sakinlərinə də aşılamalıyıq. Sübut etməliyik ki, yeni tikilən obyektləri, küçələri, parkları, tarixi abidələri, çayları, gölləri, yeni salınmış yaşıllıq zolaqlarını, bir sözlə, ətraf mühiti qorumaq hamımızın borcudur.
Unutmayaq ki, ətraf mühitin çirklənməsi bizim həyatımıza, havanın, suyun, qidanın təmizliyinə də təhlükədir. Gəlin birlikdə bu təhlükə ilə mübarizə aparaq, dövlətimizin indiki nəsil üçün yaratdıqlarını qoruyaraq gələcək nəsillərə çatdıraq”.
Xatırladaq ki, 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar olaraq muxtar respublikanın bütün bölgələrində də “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında aksiyalar keçirilib. Aksiyalar zamanı park və xiyabanların ərazisinə gül kolları əkilib, yaşıllıq sahələri məişət tullantılarından və alaq otlarından təmizlənib, ağacların dibləri yumşaldılıb, ərazilərdə suvarma işləri həyata keçirilib. Bundan başqa, gənclərlə ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmə işləri aparılıb.
Səbuhi HÜSEYNOV