Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası tərəfindən Ağbulaq İstirahət Mərkəzində gənclərin və aztəminatlı ailələrin uşaqlarının “Yay məktəbi” təşkil olunub.
“Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Təhsil, Gənclər və İdman, Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının iştirakı ilə reallaşıb.
“Yay məktəbi”nin iyunun 10-dan avqustun 13-dək hər qrup üzrə 3 günlük olmaqla keçirilməsi nəzərdə tutulur. Hər qrup tələbə, şagird, sağlamlıq imkanları məhdud uşaq, aztəminatlı ailələrin uşaqları və ya idmançı olmaqla, 60 gənc, 1 həkim və 4 nəzarətçi-müəllimdən ibarət olacaq.
İyunun 19-da “Yay məktəbi”ndə iştirak etmək üçün sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynlərindən ibarət ilk qrup Ağbulaq İstirahət Mərkəzinə yola düşüb.
Saat 1000-da Naxçıvan şəhərindən yola düşən avtobusda uşaqların həyəcanını sezmək heç də çətin deyildi. Yanımda əyləşən bir uşaq gözünü qol saatından çəkmirdi. Ondan əvvəlcə adını soruşuram. Çəkinə-çəkinə “adım Lamiyədir”, – deyir. Sonra isə saata niyə belə tez-tez baxmasının səbəbini soruşuram. Bildirir ki, Ağbulağa ilk dəfədir, gedir, istirahət mərkəzinə tez çatmağı arzulayır.
Nəhayət, Lamiyənin timsalında Ağbulağa ilk dəfə səfər edən uşaqların gözlədiyi an gəlib çatır.
Avtobusdan səbirsizliklə enən uşaqlar onlar üçün ayrılmış otaqlara yollanırlar. Çox keçmir ki, istirahət mərkəzinin həyətində uşaq gülüşləri pərvazlanır. Gələn kimi qaynayıb-qarışmalarından bəllidir ki, burada çox maraqlı üç gün keçirəcəklər, yeni dostlar qazanacaqlar.
Gün ərzində yeməkdən sonra istirahət mərkəzinin həyətində toplaşan uşaqlar futbol və müxtəlif oyunlar oynayırlar. Ardınca dama yarışı keçirilir. Yarışın qalibləri fəxri fərmanlarla mükafatlandırılırlar. Onlardan biri də Samir İmanquliyevdir. Onunla söhbət edirəm. Samir deyir:
– Babək rayonun Xəlilli kəndindən gəlmişəm. İlk dəfədir, Ağbulaqda təşkil olunan “Yay məktəbi”ndə iştirak edirəm. Burada olmağımdan məmnunam. Yarışda qalib gəlməyin özü isə ayrıca bir sevincdir.
Gün ərzində mütaliə olunmuş kitablar müzakirə edilir və “Dolu” filminə baxılır.
“Yay məktəbi”nin ikinci gününə səhər gimnastikası ilə başlayan uşaqlar gün ərzində maraqlı oyunlar oynayır, onlar arasında şahmat yarışı keçirilir. Şahmat yarışının qalibləri fəxri fərmanlarla təltif olunurlar.
Axşam vətənpərvərlik mövzusunda filmə baxdıqdan sonra uşaqlar bir-birləri ilə sağollaşıb yatmaq üçün otaqlarına yollanırlar.
Üçüncü gün... Uşaqlar bilirlər ki, bu gün bir yerdə keçirdikləri sonuncu gündür və onlar axşam geri qayıdacaqlar. Yola düşməklərinə saatlar qalmasına baxmayaraq, uşaqlar bilik yarışında böyük ruh yüksəkliyi ilə iştirak edirlər.
Yarım saat sonra biz hamılıqla şəhərə yola düşürük. Ordan da hərə öz rayonuna, kəndinə. Üç gün insanlarla dostluq qurmaq, təəssüratlar qazanmaq üçün, fikrimcə, kifayət edir. Yola düşməyə dəqiqələr qalanda onların təəssüratlarını öyrənməyə çalışıram. Lamiyə Əliyeva deyir: – İlk dəfədir ki, ailəmdən uzaq harasa gedirəm. Düzü, gələndə çox darıxırdım. Amma uşaqlarla çox tez qaynayıb-qarışdım. O qədər maraqlı gəzinti oldu ki, üç günün necə gəlib keçdiyini belə, bilmədim.
Pünhan Səfərov: – Bu mənim Ağbulağa ilk gəlişim deyil. Artıq üçüncü ildir ki, mən təşkil olunmuş bu gəzintilərdə iştirak edirəm. Hər gəlişimdə fərqli uşaqlarla rastlaşmağıma baxmayaraq, qısa zamanda hamısı ilə dostlaşmışam. Elə bu dəfə də. Üç gündür ki, burdayam. Bu dəfə də yaxşı dostlar qazandım, maraqlı oyunlar oynadıq. Evdəkilər üçün darıxmasaydım gəzintinin daha uzunmüddətli olmağını istəyərdim.
Anar Qurbanov: – Naxçıvan şəhərindən gəlmişəm. Muxtar respublikada keçirilən şahmat yarışlarının bəzilərində iştirak edib, diplom və fəxri fərmanlar almışam. Buna görə də oyunda qalib olmaq mənim üçün çətin deyildi.
Cəlal Mürsəlli: – Buranın çox gözəl təbiəti, uşaqların oynamağı üçün də şəraiti var. Qayıdan kimi evdəkilərə, dostlarıma burda oynadığımız oyunlar haqqında danışacağam. Burada Anarla, Mürsəllə yaxşı dost oldum.
Şərur rayonunun Ərəbyengicə kəndindən olan Aysu Yusifovanın valideyni Qönçə Şirinova: – Övladlarımız maraqlı üç gün keçirdi. Bir valideyn olaraq sağlamlıq imkanları məhdud uşaqlara göstərilən qayğıya görə dövlətimizə öz minnətdarlığımı bildirirəm. Belə uşaqların səhhəti, təhsili, əyləncəsi üçün muxtar respublikada hər cür şərait yaradılıb. Onlar evə qapanmır, tək qalmır, əksinə, öz həmyaşıdları ilə bir yerdə təhsil alır, parklarda oynayırlar. Bir valideyn kimi buna çox sevinirəm. Belə məqsədyönlü tədbirlər nəticəsində uşaqlarımızın çöhrəsində gülüş görürük. Bir valideyn üçün bundan vacib nə ola bilər ki?
Bəli, Qönçə xanım haqlıdır. Valideyn üçün övladını xoşbəxt görməkdən vacib heç nə ola bilməz. Valideyn həmişə övladı üçün çalışır, çapalayır, onun yaxşı yaşaması üçün əlindən gələni edir. O, can atır ki, övladı cəmiyyətdə yaxşı bir mövqe tutsun, rahat, dərdsiz-sərsiz bir həyat yaşasın. Təəssüf ki, bütün uşaqlar dünyaya sağlam gəlmir. Lakin valideyn üçün övlad elə övladdır. Bəzi hallarda sağlamlıq imkanları məhdud uşaqlara baxmaq, nəzarət etmək çətin olsa da, belə hallarda dövlətimiz valideynləri tək qoymur. Dövlətin maddi və mənəvi dəstəyi, qayğısı daima onların üzərində olur. Bu gün muxtar respublikada belə uşaqlar üçün yaradılmış şərait də bunu deməyə əsas verir.
Artıq vaxtdır… Bir-birləri ilə sağollaşan uşaqlar könülsüz şəkildə avtobuslara doğru addımlayırlar. Üç gün ərzində onların çöhrələrindəki təbəssüm, gözlərindəki işıq bu uşaqların Ağbulaqda keçirdikləri xoş saatlardan necə məmnun qaldıqlarını ifadə edirdi.
Növbəti gün bura yeni qrup gələcək. “Yay məktəbi”ndə, ümumilikdə, 840 gənc, 14-ü həkim olmaqla, 70 nəzarətçi-müəllim iştirak edəcək. Burada keçirəcəkləri mənalı günlər onların da xatirəsində həmişəlik yaşayacaq.
Yola düşürük… Bəziləri fikirlərini sözlərlə ifadə edə bilməsə də, hərəkətləri, gözləri ilə sağollaşırlar. Balaca olmalarına baxmayaraq, köksünə sığmayan böyük ürəkləri var onların. Hərdən mənə elə gəlir ki, onlar böyüklərə də səbir və şükür etməyi, güclü olmağı öyrədirlər. Dövlətimizin himayəsi isə bu uşaqlara sevinc bəxş edir. Müdriklərin dediyi kimi, uşaqlar gülərsə, dünya da gülər!
Fatma BABAYEVA