Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında keçirilən aksiyalar muxtar respublikanın bütün bölgələrini əhatə etməklə davam etdirilir.
Gənclərin iştirakı ilə Uzunoba Su Anbarı ətrafında “Hərəmiz bir ağac əkək” aksiyası keçirilib. Aksiyanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman, Təhsil nazirlikləri və Yeni Azərbaycan Partiyasının aid rayon təşkilatlarının Heydər Əliyev adına gənclər birlikləri təşkil edib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi muxtar respublikada diqqət mərkəzində saxlanılır. Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu vardır. Ona görə də muxtar respublikada əhalinin, xüsusən də böyüməkdə olan nəslin ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəsildə ekoloji mədəniyyətin formalaşdırılması və onların ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür.
Qeyd edilib ki, muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri, su potensialı nəzərə alınaraq ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət əraziləri yaradılır.
Çıxışlardan sonra gənclər Uzunoba gölünün ətrafında hazırlanmış ərazidə meşə tingləri əkib, ağaclara qulluq göstərib, ərazini alaq otlarından təmizləyiblər.
Məlumat üçün bildirək ki, bu gün təhsil müəssisələrinin ətrafında “Yaşıllıqlara qulluq” aksiyaları keçiriləcək. Bundan başqa, aksiyanın sonu Naxçıvan Dövlət Universiteti ərazisində keçiriləcək. Burada, tullantıların yandırıldığı tonqalın ətrafında gənclərin əhaliyə müraciəti oxunacaq. İyunun 5-də isə Nəbatat bağında gənclərin iştirakı ilə “Ətraf mühiti necə qoruyuruq?” mövzusunda diskussiya və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Ətraf mühit və biz” mövzusunda gənclərin rəsm əsərlərindən ibarət sərgi-müsabiqə keçiriləcək.
Ceyhun MƏMMƏDOV