Bu əmanətə sahib çıxmaq, onları qorumaq isə hər bir insanın mənəvi borcudur
Xoşagəlməz hadisələr, münaqişələr, yoxsulluq, xəstəlik, ölüm... Cəmiyyətin ən həssas üzvləri olan məsum körpələr, bəzən taleyin bu kimi ağır sınaqlarının cəzasını çəkməyə məhkum olurlar. Bu cür sınaqlar körpə fidanların valideyn sevgisinə, ailə qayğısına möhtac olduqları bir zamanda onları ata-ana nəvazişindən məhrum edir, sevinclərini əlindən alır, yalnız, kimsəsiz qoyur. Bəzən günahsız mələklərin həyat yolunu Körpələr evindən salan da taleyin amansız hökmüdür.
Uzun illərdir ki, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə getmək istəyi könlümdən keçsə də, sözün düzü, gözləri qapıya dikilmiş, həsrətlə yol gözləyən bu məsum balalara baş çəkməyə cəsarətim çatmırdı. Düşünürdüm ki, gözlərindəki kədəri gördükdə istəmədən onlara qəlbimdəki kövrəkliyi, həssaslığı hiss etdirə bilərəm. Bu isə onların fikrində fərqli düşüncələr yarada bilər. Məsələn, acımaq kimi... Lakin, əslində, hiss etdiyim tam olaraq bu deyildi. Sadəcə, valideyn qayğısından, sevgisindən məhrum olan uşaqların sığındığı bu ünvanın – Körpələr evinin adını eşitdikdə, həmin körpələrin qəlbində olan nisgilin baxışlarında əks olunan xiffətə çevrilməsi qeyri-iradi bir üzüntü hissi yaradır, ruhuma bir kədər hopurdu.
Yaxın günlərdə yolumu getmək arzusunda olduğum, lakin cəsarət edib gedə bilmədiyim Körpələr evindən saldım. Binanın tam qarşısına çatmışdım ki, ayaqlarımdan daş asılmış kimi addımlarımın sürəti zəiflədi. Qəlbim daha sürətlə döyünməyə başladı. Bəlkə də, hələ onlarla yaxından tanış olmağa hazır deyildim, bəlkə də, onlara bir ana qucağının istiliyini hiss etdirə bilməyəcəkdim. Amma hər birini tək-tək bağrıma basıb saçlarına sığal çəkmək, az da olsa, bu hisslərdən məhrum olan körpələrə sevgi, şəfqət hissi yaşatmaq arzusunda idim.
Qapını astaca açıb içəri daxil oldum. Məni qarşılayan ağxalatlı qadın nə üçün gəldiyimin səbəbini soruşdu. Bir anlıq sanki dilim tutulmuş kimi nə deyəcəyimi bilmədim. Sonra astaca: “Əgər icazə versəniz körpələrə baş çəkmək istəyərdim”,– dedim. O isə bunun üçün baş həkimdən icazə almağımın lazım olduğunu bildirdi. Elə dəhlizdə rastlaşdığım həkimlə salamlaşdıq, bura gəlmə səbəbimi ona izah etdim. O isə: “Siz zəhmət olmasa otaqda əyləşin, uşaqların yemək saatıdı, onlara baş çəkim gəlirəm”, – dedi. Sözün açığı, bu qayğı məni çox təəccübləndirdi. Bəzən bir ananın diqqətindən yayınan öz körpəsinin yemək saatı, yuxu rejimi bu qayğıkeş həkimin yadından çıxmamışdı. Az sonra üzü nurlu, səmimiyyət dolu həkim otağa daxil oldu. Bir az söhbətləşdik. Müəssisənin fəaliyyətindən, dövlətin körpələrə göstərdiyi qayğıdan və uşaqların taleyindən söhbət açdı.
Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayevanın dediklərindən: “1937-ci ildə yaradılan bu səhiyyə ocağı əvvəllər, sadəcə, Körpələr evi kimi fəaliyyət göstərib. Uzun illər xüsusi binası və lazımi şəraiti olmayan bu müəssisə son illər dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Valideyn himayəsindən məhrum olan uşaqlar üçün hər cür şəraitlə təmin olunan bu müasir bina 2007-ci il noyabr ayının 26-da istifadəyə verilib. Ancaq muxtar respublikada insanların günü-gündən maddi rifah halının yaxşılaşması, məşğulluğun təmin olunması, sosial vəziyyətin müsbətə doğru irəliləyişi, boşanma hallarının minimuma enməsi Körpələr evinə üz tutanların sayına da təsir edib. Müəssisənin fəaliyyətə başladığı illərdə burada olan kimsəsiz uşaqlar isə hər iki valideynini itirmiş körpələr olub. Demək olar ki, son illər buraya, ümumiyyətlə, övladından imtina edən valideynlər müraciət etməyiblər. Bu səbəbdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2009-cu il tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunmuş və Körpələr evinin fəaliyyəti, eyni zamanda inkişaf qüsuru olan uşaqların ailələrinə dəstək mərkəzi kimi davam etdirilmişdir. Hazırda burada 13 fiziki qüsurlu, sağlamlıq imkanı məhdud uşaq hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
İkimərtəbəli bu binanın əsas korpusu 16 çarpayılıq yataq və iş otaqlarından ibarətdir. Birinci mərtəbədə yeməkxana, mətbəx, anbar, geyim və oyun otağı, 8 yataq otağı və hamam yerləşir. İkinci mərtəbədə isə iclas zalı, baş həkim, tibb bacısı və həkim otaqları fəaliyyət göstərir. Həyətyanı sahədə uşaqların əyləncəsi üçün uşaq-əyləncə vasitələri quraşdırılıb, istirahət guşəsi yaradılıb.
Burada tərbiyəçi müəllimlər tərəfindən məktəbə hazırlıq kursu keçirilir ki, bu da ayrı-ayrı uşaqlar üçün xüsusi proqram əsasında aparılır. Mərkəzdə dayələr, tərbiyəçi müəllimlər öz işlərini layiqincə yerinə yetirir, buradakı körpələrin üzlərində təbəssüm görmək, könüllərini xoş etmək üçün onların qayğısını çəkir, bu körpə fidanlara öz uşaqları kimi həssas yanaşırlar. Daim tibbi nəzarətdə olan uşaqların sağlamlıqları diqqət mərkəzində saxlanılır, qidalanmalarına xüsusi diqqət yetirilir.
Mərkəz ictimaiyyətin də diqqət mərkəzindədir. İstər bayram, istərsə də adi günlərdə buraya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Kukla Teatrının, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Tibb Kollecinin, həmçinin digər idarə və təşkilatların kollektivləri böyük sevgi və qayğı ilə balaca fidanların görüşünə gəlir, onlara mənəvi dəstək olurlar”.
Rəsmiyyə həkim məni buradakı şəraitlə yaxından tanış etdi. Mərkəzdəki səliqə-sahman, körpələrin rahatlığı üçün yaradılan şərait, müəllimlərin səbirlə, təmkinlə uşaqlara dərs izah etmələri, dayələrin diqqət və qayğı ilə körpələrə yanaşması qəlbimdə fərəh hissi oyatdı, şahidi olduğum bu cür mənzərə könlümü oxşadı.
Dövlətimiz hər zaman bütün uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır, onların firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sağlamlığının, sosial müdafiəsinin yüksək səviyyədə təşkilinə hərtərəfli şərait yaradır. Muxtar respublikamızda hər zaman xüsusi qayğıya ehtiyacı olan uşaqlara həssaslıqla yanaşılır, onların hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiya olunmaları diqqət mərkəzində saxlanılır. Dövlətimiz tərəfindən fiziki imkanları məhdud olan uşaqların valideynləri üçün yaradılan bu şərait uşaqlara mərhəmətin, xeyirxahlığın, diqqət və qayğının bariz nümunəsidir.
Hər bir valideyn öz övladı ilə yanaşı, sağlamlıqlarını itirmiş və valideyn himayəsindən məhrum uşaqlara da az da olsa qayğı və nəvaziş göstərsə həm Tanrı qarşısında xeyirxah əməl sahibi olar, həm də belə körpələrin yaşama həvəsləri, həyata inamları artar. Hər birimiz yalnız bayramlarda deyil, adi günlərdə də onları yada salmalı, Körpələr evini ziyarət etməli və onlara mənəvi dəstək olmalıyıq. Bununla həm də uşaqlarımızı gələcəyimiz kimi qoruyan, onlara hərtərəfli diqqət və qayğı göstərən dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirləri də dəstəkləmiş olarıq. Çünki uşaqlar xəyal və arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin ətrini dünyaya bəxş edən yeganə çiçək, Tanrının insan övladına əmanətidir. Tanrının əmanətinə sahib çıxmaq, onu qorumaq isə hər bir insanın mənəvi borcudur.
Gülcamal TAHİROVA