Muxtar respublikada təşkil olunan əmək yarmarkaları əhalinin məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətli rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 2017-ci ilin aprel ayında əmək yarmarkaları keçirilib.
Bu məqsədlə muxtar respublika ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri haqqında məlumat əldə edilib, vakant iş yerləri məşğulluq mərkəzləri tərəfindən yarmarkaya çıxarılıb. Muxtar respublikanın kütləvi informasiya vasitələrində əmək yarmarkalarının keçirilməsi barədə məlumatlar verilib.
Keçirilən əmək yarmarkalarına 125-i özəl sektor olmaqla, 229 idarə, müəssisə və təşkilatdan 1608 boş iş yeri təqdim edilib. Təqdim olunmuş iş yerlərindən 1305-i dövlət, 303-ü qeyri-dövlət müəssisələrinə aid olub.
Əmək yarmarkalarında 206 nəfər daimi işlə təmin edilib. 125 nəfər dövlət müəssisələrində, 81 nəfər isə özəl sektorda işə düzəlib. Üç nəfər kənd xidmət mərkəzlərində işlə təmin olunub.
Gənclər və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılıb. Onlardan 61 nəfəri 29 yaşadək gənclər, 5 nəfəri isə sağlamlıq imkanları məhdud şəxslərdir.
Keçirilən əmək yarmarkalarında 16 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Onlardan 14 nəfəri kənd xidmət mərkəzlərində işlə təmin olunmaq üçün kurslara göndərilib.
Xəbərlər şöbəsi