Qədim Naxçıvan özünün torpaq və təbii iqlim şəraiti ilə yanaşı, əkinçilik və bağçılıq mədəniyyəti ilə də dünyada tanınır. Ötən ildən başlayaraq şəhərin qədim tarixi hissəsi olan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Göycə” festivalı da muxtar respublikada yetişdirilən, dadı-tamı ilə çox məşhur olan bu meyvənin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İyunun 3-də başlayan ikinci göycə festivalına maraq böyük idi. Səhər saat 900-da artıq Naxçıvanqalanın geniş ərazisində qələbəlik idi. Yüzlərlə Naxçıvan sakini və şəhərdəki turistlər göycə sərgiləri ilə tanış olmaq üçün bura axın edirdilər.
Əvvəlcə Naxçıvanqalanın mərkəzində festivalın açılış tədbiri keçirildi. Tədbirin aparıcıları xalqımıza məxsus ənənələrin yaşadılmasında, naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının hələ VII əsrdən bəri yetişdirməyə başladığı göycənin şöhrətinin yayılmasında “Göycə” festivalının əhəmiyyətindən danışaraq bildirdilər ki, Naxçıvanda yetişən göycə ilə yanaşı, ləziz dadı ilə seçilən alma, armud, cəviz, badam, üzüm sortları da yaxşı tanınır. Elə bu səbəbdən də hələ orta əsrlərdən Naxçıvan “meyvə cənnəti” adlandırılıb.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov qeyd etdi ki, Naxçıvanda göycənin iriliyinə, dadına və digər genetik xüsusiyyətlərinə görə 5-dən çox formasına rast gəlinir. Azərbaycan dilində yalnız Naxçıvan dialektinə məxsus “göycə” sözü göy-yaşıl mənası ilə bərabər, həm də yeni, təzə mənasında işlənilir ki, bu da yazda ilk yetişən faraş meyvə kimi Naxçıvan göycəsinə aid olunur. Alim bildirdi ki, Naxçıvanda, əsasən, Arazboyu maili düzənlik ərazilərdə daha yaxşı məhsul götürülən göycə bağlarının salınması üçün əlverişli ekoloji şərait vardır. Məhz buna görə də muxtar respublika rəhbərinin Naxçıvanda meyvəçiliyin inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğı nəticəsində göycə kimi brend məhsullarımızın istehsalının daha da artırılması, bu sahədə elmi tədqiqatların aparılması, bağçılıqda dünya standartlarının mənimsənilməsi üçün geniş imkanlar açılıb. Bu mənada, yazın ilk yeyilən meyvəsi olan göycənin, sözün əsl mənasında, vətəni olan Naxçıvanda meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər artıq bəhrəsini verməyə başlayıb.
Sonra festival üçün gətirilmiş Naxçıvan göycəsinə baxış oldu. Muxtar respublikada göycənin ən çox yetişdirildiyi Şərur, Babək, Kəngərli, Culfa və Ordubad rayonlarından 200-dən çox bağbanın gətirdiyi meyvələrə maraq böyük oldu. Festivalda Naxçıvan Dövlət Filarmoniyasının maraqlı konsert proqramı da iştirakçılarda xoş ovqat yaratdı. İki gün ərzində üst-üstə 20 tondan artıq göycənin gətirildiyi festivalda vətəndaşlara nümunəvi satış xidməti də təşkil olundu. Naxçıvan bazarlarında ilin bu mövsümündə göycə bolluğu olsa da, nəfis şəkildə bəzədilmiş stendlərdə sərgilənən göycələrin və göycədən hazırlanmış məhsulların yarısından çoxu ilk gündəcə satıldı. Festivalın ikinci günündə də Naxçıvanqala izdihamlı oldu, bağbanlar öz məhsullarını, demək olar ki, hamısını satdılar. Festivalda həmsöhbət olduğumuz bağbanlardan Məhərrəm Novruzov, Nicat Quliyev və digərləri gətirdikləri göycə məhsuluna marağın böyük olduğunu bildirdilər, festivalın təşkilinə görə dövlətimizə minnətdarlıqlarını ifadə etdilər.
Festivalın sonunda isə “Ən yaxşı göycə” müsabiqəsinin qaliblərinə diplomlar təqdim olundu. Müsabiqənin nəticələrinə əsasən festivala gətirdikləri göycə məhsuluna görə Şərur rayonunun Danyeri kənd sakini Yaqub Həsənov birinci, Naxçıvan şəhər sakini Vidadi Quliyev ikinci, Babək rayonunun Şıxmahmud kənd sakini Nüsrəddin Musayev üçüncü yerə layiq görüldülər. Ordubad rayonunun Sabirkənd sakini Xəlil Fərəcov isə həvəsləndirici yer tutdu.
Əli CABBAROV