Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə mayın 24-də Naxçıvan şəhərinin Tumbul kəndində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanı ilə iş şöbəsinin müdiri İsmayıl Gülməmmədov tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Tural Cəfərov torpaq üzərində mülkiyyətin növlərindən danışaraq torpaqların keyfiyyətinə görə 4 qrupa ayrıldığını bildirib. O, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququndan, dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsindən, torpaqların alqı-satqısından, vərəsəliyə keçməsindən, bağışlanmasından, dəyişdirilməsindən və digər əqdlərin bağlanma şərtlərindən danışıb. Məruzəçi torpaq sahələri üzərinə yaranan hüquqların dövlət qeydiyyatına alınmasının önəmini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəlirlər şöbəsinin müdiri Əli Həsənov mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçiləri şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanması və ödənilməsində maraqlı olmalıdırlar. Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçiləri əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün torpaqların ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (116 manat) 1-ci keyfiyyət qrupu üzrə 12 faizi, yəni 13,92 manat, 2-ci keyfiyyət qrupu üzrə 8 faizi, yəni 9,28 manat, 3-cü keyfiyyət qrupu üzrə 4 faizi, yəni 4,64 manat, 4-cü keyfiyyət qrupu üzrə isə 2 faizi, yəni 2,32 manat miqdarında məcburi dövlət sosial sığortahaqqı ödəməlidirlər.
Qeyd edilib ki, muxtar respublikada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində mütərəqqi üsullar tətbiq edilməkdədir. Məcburi dövlət sosial sığortahaqqı ödəyiciləri məcburi dövlət sosial sığorta haqlarını həm fondun internet səhifəsindən plastik bankomat kartları vasitəsilə, həm banklarda nağd qaydada onlayn ödənilməsi ilə, həm də yerli poçt şöbələri vasitəsilə ödəyə bilirlər.
Sonra fondun məsləhətçi-hüquqşünası Hürü Məhərrəmli sığorta-pensiya sistemi ilə bağlı qanunvericiliyin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlərdən, fondun Naxçıvan şəhər şöbəsinin müdiri Səfər Əhmədov isə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsində sığorta-pensiya sahəsində görülmüş işlər barədə çıxış edərək tədbir iştirakçılarına məlumat veriblər.
Tədbirin sonunda mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial
Müdafiə Fondunun mətbuat xidməti