23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilir. Cari ilin aprel ayında 288 işaxtaran vətəndaş məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 2 nəfər kvota yerlərinə göndərilmiş, 35 nəfər müvafiq peşə kurslarına cəlb edilmişdir. Keçirilən əmək yarmarkalarında 206 işaxtaran peşə və ixtisasına uyğun işlə təmin olunmuşdur.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunur. Aprel ayında bərbər-manikürçü kursunu 18 nəfər bitirmişdir. Hazırda bərbər, dayə və xalçaçı peşələri üzrə kurslar davam etdirilir. Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində 12 məhkum aşpaz köməkçisi kursuna, 12 məhkum isə bərbər kursuna cəlb edilmişdir.
Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı 67 obyektdə nəzarət aparılmış, işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə əlaqədar 27 obyektdə nəzarət tədbirləri ­görülmüşdür.

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilmişdir. Reabilitasiya təlimlərinə, ümumilikdə, 121 uşaq cəlb olunmuşdur. Tədrisə cəlb olunan hərəkət və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant dərslərin keçilməsi davam etdirilmişdir. Müvafiq dövrdə Şərur rayonunun Danyeri kəndində yaşayan sağlamlıq imkanları məhdud bir uşaq distant təhsilə cəlb edilmiş, həmçinin distant təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud 2 uşağa məktəbli geyim dəsti və dərs ləvazimatları verilmişdir.
Aprel ayında tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 245 ahıl və fiziki imkanları məhdud şəxsə evlərində, həmçinin 13 nəfərə Ahıllar evində stasionar sosial xidmət göstərilmişdir. Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 12 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 6 uşağın müalicəsi təşkil edilmişdir. Həmçinin 12 nəfər texniki reabilitasiya vasitəsi ilə təmin olunmuş, 13 məhdud fiziki imkanlıya protez-ortope­dik bərpa xidməti göstərilmiş, 4 nəfərin sosial məişət şəraiti yaxşılaşdırılmış, 5 nəfərin respublika daxilində müalicəsinə köməklik edilmişdir.
18 yaşadək sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrin uşaqları arasında bədii qiraət üzrə şeir müsabiqəsinin, autizmli uşaqların valideynləri ilə maarifləndirici görüşün keçirilməsi, “İnam” musiqi qrupunun Ordubad rayonunda yerləşən “N” hərbi hissənin zabit və əsgərləri qarşısında konsert pro­qramı ilə çıxış etməsi, Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın 30-cu ildönümü münasibətilə təşkil edilmiş tədbirlər, paralimpiyaçılar arasında idmanın armreslinq (qol güləşi) növü üzrə keçirilən muxtar respublika birinciliyi də aprel ayının yaddaqalan tədbirlərindən olmuşdur.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR