1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.
Mərkəzin və Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin sağlamlıq imkanları məhdud uşaqlarının iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, təhsil naziri Məmməd Qəribov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva və mərkəzin baş həkimi Rəsmiyyə Xasayeva uşaqları əlamətdar gün münasibətilə təbrik edib, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.
Bildirilib ki, muxtar respublikamızda uşaqların yüksək qayğı ilə əhatə olunması, onların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, layiqli vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biridir. Sosial qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud uşaqların təhsilinin, reabilitasiyasının səmərəli təşkili təmin edilir. Bu qəbildən olan uşaqların cəmiyyətə fəal inteqrasiyası, reabilitasiyası üçün yaradılan şərait dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Çıxışlardan sonra uşaqlara hədiyyələr təqdim edilib.
Çay süfrəsi arxasında davam etdirilən tədbirdə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında “Qırmızı papaq” tamaşasından səhnəciklər təqdim olunub.
* * *
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin təşkilatçılığı ilə daha bir tədbir Ordubad şəhərindəki Məhəmməd Füzuli adına tam orta internat məktəbində keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Əli Vəliyev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əziz Hümbətov və Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış edərək hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlara və aztəminatlı ailələrin uşaqlarına göstərilən dövlət qayğısından bəhs ediblər.
Məktəbin direktoru Musa Ağayev xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqətə görə minnətdarlığını bildirib.
İnternat məktəbində təhsil alan hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan 13 uşağa geyim dəstləri verilib.
* * *
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivləri 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar könüllü qanvermə aksiyası keçiriblər.
Aksiyada əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib, qan qrupları təyin edilib. 26 nəfər könüllü donordan götürülən 6 litr qanın qrupları müəyyənləşdirilərək birli, ikili və üçlü torbalarda mərkəzin qan bankına təhvil verilib. Hazırda qan bankının soyuducusunda xəstələrə köçürülmək üçün kifayət qədər qan ehtiyatı saxlanılır. Tələbatdan artıq donor qanından müvafiq qan preparatlarının hazırlanmasında istifadə edilir.
Qeyd edək ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində qanvermə aksiyasının keçirilməsində əsas məqsəd hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara tibbi yardımın keyfiyyətinin artırılması, faktor preparatları ilə müalicənin təşkil edilməsi və digər tədbirlərin görülməsindən ibarətdir.
Gülcamal TAHİROVA