Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq bildirib ki, bu gün ölkəmizdə insanların hüquqlarının qorunması, onların əməyinin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təşkili dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Muxtar respublikamızda da işçilərin hüquqlarının qorunması və əməyinin mühafizəsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. 2011-ci il iyunun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər, 2012-ci il fevralın 27-də tikinti sektorunda əməyin təşkili və təhlükəsizlik qaydalarına riayət olunması, 2014-cü il fevralın 21-də tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirələrdə verilən tapşırıqların uğurlu icrası işçi hüquqlarının təminatı, o cümlədən əməyin mühafizəsi standartlarının tətbiqi sahəsində müsbət göstəricilərin artmasına səbəb olub. Əməyin mühafizəsi və yerlərdə təhlükəsizlik qaydalarına əməl olunması Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əsas vəzifələrindən biri olduğundan şura tərəfindən 2016-cı ildə 50-yə yaxın obyektə baxış keçirilib, maarifləndirmə tədbirləri aparılıb.
Tədbirdə şuranın əməkdaşlarından Ceyhun Məmmədov, Hüseyn Quliyev, Ümbülbanu Musayeva, Əfsanə Hüseynova, Coşqun Zahirov, Sənan Hüseynov və başqaları çıxış edərək bildiriblər ki, muxtar respublikamızda əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər insan amilinə göstərilən diqqət və qayğını özündə ehtiva edir. Muxtar respublikamızda təhlükəsiz əmək şəraitinin təmin olunması prosesində dövlət qurumlarının, işçilərin və işəgötürənlərin iştirak etməsi təqdirolunası amillərdir.
Xəbərlər şöbəsi