23 Dekabr 2024, Bazar ertəsi

Son illər muxtar respublikamızda insanların asudə vaxtlarını səmərəli keçirməsi, istirahət günlərini mənalı yaşaması məqsədilə gözəl ünvanlar yaradılır. Xüsusən əvvəllər yay günlərində bu məqsəd üçün başqa yerlərə üz tutan vətəndaşlar indi buna ehtiyac duymurlar. Belə istirahət ünvanları arasında “Əyləncə adası” adı ilə tanınan Əyləncə və İstirahət Mərkəzi xüsusi imic qazanıb. Naxçıvançay vadisində yerləşən bu yer bütün naxçıvanlıların sevimli məkanına çevrilib.

Ötən günlərdə adıçəkilən ünvanda böyük coşqunun şahidi olduq. Əyləncə və İstirahət Mərkəzinin direktor müavini Vüqar Məmmədov bizimlə söhbətində bildirdi ki, ümumi sahəsi 38 min kvadratmetr olan bu istirahət obyekti 2014-cü ildə istifadəyə verilib. Ərazidə inşa edilmiş ikimərtəbəli binanın birinci mərtəbəsində “Lavazza” və “Mado” kafeləri, uşaq və böyüklərin asudə vaxtlarının səmərəli təşkili üçün müasir oyun avadanlıqlarının quraşdırıldığı oyun salonu və fotoxidmət fəaliyyət göstərir. Burada həmçinin dünyanın tanınmış geyim firmaları məhsullarının satışı mağazası da yerləşir. Binanın ikinci mərtəbəsində isə yerli və xarici mebel dəstləri, çilçıraq və pərdə satışı bölmələri fəaliyyət göstərir. Geyim və yaxud məişət əşyalarının satıldığı ticarət obyektlərinə gedə bilməyən insanlar istirahətlə birlikdə bu imkanlardan rahat istifadə edə bilərlər. Əyləncə və İstirahət Mərkəzinin həyətində 33 metr hündürlüyündə 24 kabinəli 144 yerlik karusel, 8 yerlik 120 dərəcəli disko, qüllə və ətrafında qatar, uşaqlar üçün nəzərdə tutulmuş 5 idman qurğusu və genişekranlı monitor vardır. Ərazidə 1 fəvvarə və 4 hovuz yaradılıb. Böyüklər üçün kafe və peyntbol meydançasının olması istirahəti daha maraqlı edir.

Vüqar Məmmədov onu da bildirdi ki, buraya gələnlər ərazidəki attraksionlardan istifadə üçün nəzərdə tutulan, üzərində “Əyləncə adası” yazılmış plastik kart da əldə edirlər. Kartın müsbət cəhətləri vaxt itkisinin qarşısının alınması və əlavə bonusların əldə edilməsidir. Ərazidə 500 avtomobildən artıq tutumu olan dayanacaq da fəaliyyət göstərir.
Mərkəzin həyətində yeni səhnə də qurulub ki, burada mövsüm ərzində müxtəlif konsert pro­qramları təşkil olunur. Təqdirəlayiq haldır ki, həmin səhnədə bir çox tanınmış yerli və xarici müğənnilərin konsertləri yüksək səviyyədə keçirilir. Bu səhnədə iyun ayının 11-də 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı geniş konsert pro­qramı təşkil olunacaq. Bilet əldə edənlərə hədiyyə kuponları da veriləcək.
Son günlər mərkəzə gələnlərin sayında xeyli artım müşahidə olunur. Xüsusilə axşam saatlarında bu, daha çox nəzərə çarpır. “Əyləncə adası”na gələnlər arasında uşaqlarla bərabər, böyüklər də az deyil. Culfa rayon sakini Səlvər Baxşəliyev öz ailəsi ilə Əyləncə və İstirahət Mərkəzinə gəlib. O, yaradılmış şəraitdən məmnunluqla danışır: “Hər il ailəmizlə mütəmadi olaraq istirahət edirik. Bu il də tez-tez gəlirik. Buranı istirahət ünvanı seçərkən uşaqların istəklərini nəzərə alsaq da, bizim üçün də sərfəli olduğunu bilirdik. Avtomobili saxlamaq üçün ərazidə dayanacağın olması, bağlı və açıq məkanlarda ailəlikcə oturub çay, kofe və sərin içkilər içmək, söhbət etmək imkanı yaradılması bizi bu yerə çəkən cəhətlərdir. Çox şadıq ki, şəhərimizdə belə istirahət məkanı yaradılıb. Ailəmiz adından bu şəraiti yaradanlara öz minnətdarlığımızı bildiririk”.

Növbəti müsahibimiz Naxçıvan şəhər sakini Tural Quliyevdir. O da bu yerin imkanlarından razılıqla danışır: “Əvvəlki illərdə xarici ölkələrdə, xüsusilə Türkiyədə istirahətdə olmuşam. Bu yerə dostlarımın təkidi ilə gəldim. Açığı, bu cür gözəl şəraitlə qarşılaşacağımı və mənalı gün keçirəcəyimi gözləmirdim. Burada olmağımdan çox şadam. Gələcəkdə də tez-tez gəlməyi düşünürəm. Məni bu yerə gəlməyə həvəsləndirən dostlarıma və bu imkanları bizə yaradan hər kəsə minnətdaram”.
Mərkəzdə olarkən xarici vətəndaşlar da diqqətimizdən yayınmadı. Türkiyə vətəndaşı Hakan Özsoyla həmsöhbət olduq. O bildirdi ki, əvvəllər də Naxçıvana gəlib: “Naxçıvana axırıncı dəfə 4 il bundan əvvəl gəlmişdim. O vaxtdan elə çox zaman keçməsə də, şəhəriniz çox gözəlləşib. Əyləncə və İstirahət Mərkəzinə birinci dəfədir, gəlirəm. Burada olan hər şey tam müasir standartlara uyğundur. Təhlükəsizliyimiz də tam təmin olunub”.
Bəli, bu gün Əyləncə və İstirahət Mərkəzində görüşüb söhbət etdiyimiz hər kəs yaradılan gözəl şəraitdən ağızdolusu danışdı. Bu məkanın təkcə uşaqlara deyil, böyüklərə də xoş təsir bağışladığını dedilər. Müşahidələrimizdən o da aydın oldu ki, buraya təkcə muxtar respublikanın bölgələrindən deyil, xarici ölkələrdən də xeyli turistlər gəlir və bu da, təbii ki, çox sevindiricidir. Söhbətlərimiz zamanı onlar Naxçıvan ərazisinin təmiz havasından, bu məkanda göstərilən xidmətdən, yaradılan şəraitdən razılıqla danışdılar. Biz də gələcək yay mövsümündə hər bir muxtar respublika sakininə bol əyləncəli, mənalı istirahət arzulayırıq.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR