İsti yay günlərində insanlar sərinləmək üçün çimərliklərə, su hövzələrinə üz tuturlar. Belə məkanlardan biri də Uzunoba Su Anbarında yaradılmış yeni istirahət mərkəzi – Naxçıvan şəhər çimərliyidir. İnsanların asudə vaxtlarını səmərəli keçirmələri, onların sağlamlıqlarının qorunması üçün burada hərtərəfli şərait yaradılmış, təhlükəsizlik tədbirləri diqqət mərkəzində saxlanılaraq müşahidə qülləsi qurulmuş, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupunun fəaliyyəti təşkil olunmuşdur. Bundan əlavə, çimərlik ərazisində xəbərdaredici və məlumatlandırıcı lövhələr də yerləşdirilmişdir.
Vətəndaşlarımız tərəfindən müəyyən olunmuş təhlükəsizlik tədbirlərinə əməl olunmaması bədbəxt hadisələrin baş verməsi ilə nəticələnə bilər. Buna görə də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi çimərlikdə istirahət edən vətəndaşlarımıza aşağıdakı təhlükəsizlik qaydalarına əməl etmələrini tövsiyə edir:
– çimərlik üçün ayrılmış və xüsusi avadanlıqlarla təchiz edilmiş yerlərdən başqa, tanımadığınız və qadağan edilmiş yerlərdə suya girməyin;
– hava ilə doldurulmuş üzmə vasitələri ilə işarələnmiş sahədən kənara çıxmaq, suda ikən taxta parçalarından və əldə düzəldilmiş üzmə vasitələrdən istifadə etmək olmaz;
– küləkli havada suya girməyin;
– çimərlik ərazisində uşaqları nəzarətsiz qoymayın. 13 yaşına çatmamış uşaqların nəzarətsiz suya girməsi qadağandır;
– sahil sahəsini və suyun dibini müxtəlif cisimlərlə (şüşə və konserv bankaları, plastik kütlə, ərzaq tullantıları və sair) zibilləməyin;
– xilasedicilərin çağırış və tələblərinə riayət edin, suda kobud hərəkətlərə, yersiz zarafatlara yol verməyin;
– xəbərdaredici nişanların və lövhələrin tələblərinə riayət edin;
– sərxoş halda suya girmək həyatınız üçün təhlükəlidir;
– skuterlərin sərxoş şəxslərə verilməsi qadağandır;
– dumanlı və yağışlı havalarda suya girmək olmaz;
– yemək yedikdən dərhal sonra suya girmək sizin sağlamlığınız üçün təhlükəlidir;
– yalnız yeməkdən 1,5-2 saat sonra suya girmək məqsədəuyğundur;
– insanların suda olduğu sahədə balıq ovlamaq olmaz;
– əgər suda olarkən hər hansı bir xoşagəlməz hadisə baş verərsə, özünüzü itirməyin və çığırmayın. Çünki bu zaman ağciyərlərin su ilə dolması qaçılmazdır və bu, boğulmaya səbəb ola bilər.
Suda batan insanı necə xilas etməli?
Suda batan insanın xilas edilməsi məqsədilə ilkin olaraq ətrafdakıların diqqətini cəlb etmək üçün yüksək səslə “İnsan batır!” – deyə çığırmaq lazımdır. Sonra isə hava ilə doldurulmuş oyuncaq, boş plastik butulka, rezin uzunboğaz çəkmə və yaxud iç-içə geyilmiş hava ilə doldurulmuş ağzıbağlı torba götürərək köməyə tələsin. Lazımi əşyalar olmadıqda, batan insanın köməyinə iki-üç nəfərlə çatmaq lazımdır. Bunun üçün suya girməzdən əvvəl islanaraq ağırlaşa bilən ayaqqabı və paltarları soyunmaq, batan insana bacardıqca tez bir zamanda çatmaq vacibdir;
– əgər üzməyi bacarırsınızsa, batan şəxsə tərəf yaxınlaşıb arxadan onun saçından tutub sahilə tərəf çəkmək lazımdır və ya yaxında ip, taxta, hava balonu və sair bu kimi əlaltı vasitələr varsa, onlardan istifadə edərək onu xilas etməyə çalışın;
– batan şəxs sizə yaxındırsa, onun sizdən yapışmasına imkan verməyin, onun başını suyun üzünə qaldıraraq sahilə doğru çəkin. Çünki o, özünü xilas etmək məqsədilə sizi də batıra bilər. Buna görə də batan şəxsə tərəf əşya, ip, ağac və sair uzadaraq onu xilas etmək daha məqsədəuyğundur;
– bütün bu tədbirləri görən zaman Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə hadisənin baş verdiyi yeri dəqiq göstərməklə məlumat verin.
Sudaboğulma və qıcolmalar zamanı ilk tibbi yardım necə göstərilir?
Unutmayın, əgər suda batan insan suda 6 dəqiqədən az qalıbsa, onu xilas etmək olar. Belə ki, həmin şəxsi sudan çıxardıqdan sonra arxası üstə uzadaraq başını yana çevirib barmağınızla ağzına və ya burnuna dolmuş palçığı, qumu təmizləyin. Sonra zərərçəkmişi qarnı üstə dizinizin üstünə qoyub bərk sıxmaqla mədəsinə və ağciyərinə dolmuş suyu çıxartmağa çalışın;
– zərərçəkənin tənəffüsü və ürək fəaliyyəti dayanıbsa, ona süni tənəffüs verilməli və ürək masaj olunmalıdır. Hətta görsəniz ki, köməyiniz heç bir nəticə vermir, təcili yardım briqadası gələnə qədər zərərçəkənə tibbi yardım göstərməyə davam edin;
– uzun müddət soyuq suda qaldıqda və ya suda çoxlu hərəkət etdikdə əzələlərin yorulması nəticəsində qıcolma halları baş verə bilər. Əllər qıc olduqda barmaqları yumruq kimi tez-tez yumub açmaq lazımdır. Əgər tək bir əl qıc olubsa, yan üstdə o biri əl ilə sahilə tərəf üzün. Qarın əzələləri qıc olduqda dizlər arxası üstə tez-tez qarın tərəfə çəkilməlidir. Ayaqarası əzələlər qıc olubsa, ayağı suyun üzərinə çıxararaq əl ilə pəncəni dartmaq lazımdır. Bud nahiyəsinin əzələləri qıc olduqda ayaq tez dizdən bükülərək daban var-qüvvə ilə sıxılmalıdır. Qıcolmanı aradan qaldırmaq üçün iynədən, sancaqdan da istifadə etmək olar.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti