Dünyanın əksər ölkələrində hər il iyun ayının 1-i Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur.
Hər bir xalqın ən böyük sərvəti uşaqlardır. Ailə sahibi olmaq, layiqli övlad yetişdirmək, gələcəklə bağlı bütün arzu-niyyətləri uşağa həsr etmək, uşaqları sevmək və qorumaq hər bir azərbaycanlının daxilindən qaynaqlanan təbii, nəcib arzudur.
Ölkəmizdə uşaqlara diqqət və qayğının əsas istiqamət kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider ölkəmizə rəhbərlik etdiyi dövrlərdə uşaqlara xüsusi qayğı göstərərək onların gələcək həyat yollarının düzgün istiqamətləndirilməsi naminə mühüm qərarlar qəbul etmişdir. Ötən əsrin 70-80-ci illərində gənc nəslin nümayəndələrinin yaxşı təhsil alması və dünyagörüşlərinin formalaşması məqsədilə ölkəmizin bütün bölgələrində məktəb binaları, məktəbdənkənar müəssisələr, istirahət guşələri, mədəniyyət evləri, musiqi məktəbləri tikilərək istifadəyə verilmişdir.
“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”, – deyən ulu öndər Heydər Əliyev uşaqların hüquqlarının qorunmasını daim diqqətdə saxlamışdır. Ölkəmizdə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş və “Uşaq hüquqları haqqında” Bəyannaməsini qəbul etmişdir. Həmçinin 1998-ci il mayın 19-da Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” və 1999-cu il iyunun 22-də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunları qəbul edilmiş, bu sahədə dövlət siyasətinin əsas prinsipləri müəyyən edilmişdir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi uşaqlara qayğı artıq milli strategiya kimi formalaşmışdır. Son illər uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi üçün lazımi şərait yaradılmışdır. Davamlı olaraq uşaq hüquqları ilə bağlı qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşması, sağlam böyüməsinə yönəldilmiş dövlət proqramları qəbul edilmişdir. Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidenti demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”.
Muxtar respublikada da uşaqlar dövlət qayğısı ilə əhatə edilir, uşaq hüquqlarının müdafiəsi uğurla həyata keçirilir. Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, uşaqlar arasında xəstəliklərin profilaktikası, uşaq ölümü hallarının minimuma endirilməsi, yüksək səviyyəli ümumi orta təhsilin təmin edilməsi bu sahədə görülən işlərdəndir. Məktəbəqədəryaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. Muxtar respublika əhalisinin 35,8 faizi və ya 160 min 793 nəfəri uşaqlardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı ilə son illər muxtar respublikada 200-ə yaxın ümumtəhsil məktəbi, 26 uşaq musiqi məktəbi, 21 məktəbəqədər, 14 məktəbdənkənar təhsil müəssisəsi, 8 orta ixtisas və peşə məktəbi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmişdir. Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılmış, hər 12 şagird bir kompüterlə təmin olunmuşdur. İstifadədə olan kompüterlərin 88 faizi internetə qoşulmuşdur. Yaradılan şəraitin bəhrəsidir ki, ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1538-i ali təhsil müəssisələrinə, 566-sı orta ixtisas təhsili müəssisələrinə daxil olmuş, ali məktəblərə qəbul olanların 338-i 500-700 arasında bal toplamışdır.
Muxtar respublikada uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara tibbi xidmətin keyfiyyəti və əhatəliyi artırılmışdır. Həmçinin uşaqların sağlamlığının, fiziki inkişafının təmin olunması üçün ciddi tədbirlər görülmüş, son illər olimpiya-idman kompleksləri, üzgüçülük və şahmat mərkəzləri, uşaq-gənclər idman məktəbləri, eləcə də stadionlar, idman zalları və sadə idman qurğuları, ümumilikdə, 49 idman obyekti istifadəyə verilmiş, ümumtəhsil məktəbləri ən müasir standartlara cavab verən idman zalları ilə təmin olunmuşdur. Bu da uşaqların idmana marağını artırmışdır.
Uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, peşə məktəblərinə cəlbi, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə də mühüm tədbirlər həyata keçirilir. Muxtar respublikada fəaliyyət göstərən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Uşaq Filarmoniyası, Uşaq Kitabxanası kimi mədəniyyət ocaqları, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzi, şahmat məktəbləri və onlarla digər məktəbdənkənar tərbiyə müəssisələri bu baxımdan mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq “Gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 8 istedadlı uşağın adının bu kitaba yazılması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, monitorinq qrupu yaradılmışdır. Uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədilə cari ildə 5 uşaq müəssisəsində monitorinqlər aparılmışdır. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil edilmiş, 11 mindən artıq uşaq haqqında fərdi məlumatlar banka daxil edilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili və reabilitasiyası da səmərəli təşkil edilir. Muxtar respublikada 2024 sağlamlıq imkanları məhdud uşaq vardır. Ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud olan 854 uşaq təhsil alır. Onların cəmiyyətə inteqrasiyasını möhkəmləndirmək, məsafədən (distant) təhsilin əhatə dairəsini genişləndirmək, sosial reabilitasiyada müasir üsulları tətbiq etmək, müasir informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq, təhsili ilə bağlı müvafiq pedaqoji kadrları hazırlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul edilmişdir. Təkcə cari ildə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 600-dən artıq sağlamlıq imkanları məhdud uşağın valideynləri ilə əlaqə yaradılaraq maarifləndirici söhbətlər aparılmış, bu uşaqlardan 26-sı məktəbəqədər və məktəbdənkənar təhsil, müalicə və reabilitasiya müəssisələrinə yönləndirilmişdir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların bir qrupu da valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, eləcə də aztəminatlı ailələrin uşaqlarıdır. Humanist və xeyirxahlıq prinsiplərinin dövlət uşaq siyasətində mühüm yer tutduğu muxtar respublikada ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqlara, həmçinin aztəminatlı ailələrin uşaqlarına, ümumilikdə, 125 uşağa geyim dəstləri və dərs ləvazimatları verilmiş, onların tarixi-memarlıq abidələri və muzeylərlə tanışlığı, Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil olunmuşdur.
Uşaqların vətənpərvərlik ruhunda böyüməsində, milli dəyərlərimizi mənimsəməsində və dünyagörüşlərinin formalaşmasında uşaq ədəbiyyatının mütaliəsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də muxtar respublikada müasir ədəbiyyat bazasına malik olan elektron kitabxanalar istifadəyə verilir, uşaqlar üçün kitablar nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə “Uşaqlar və Günəş” almanaxı, “Gəncliyimiz – Gələcəyimiz”, “Təmsillər”, “Şeir və hekayələr”, “Poema və pyeslər”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları” kitablarının nəşr olunması, “Naxçıvan” jurnalının bir nömrəsinin uşaqların yaradıcılığına həsr olunması bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir.
Muxtar respublikada uşaqların tərbiyəsində milli-mədəni və ümumbəşəri dəyərlər, adət-ənənələr, tolerantlıq, həmrəylik ideyalarına geniş yer verilir. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqlara milli dəyərlərin aşılanması, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, mənəviyyatlarına xələl gətirəcək ünsürlərdən müdafiəsi və hüquqlarının qorunması məqsədilə tədbirlər görülür, kütləvi informasiya vasitələrində maarifləndirici çıxışlar edilir.
Muxtar respublikada həyata keçirilən tədbirlər uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlmişdir. Bu sahədə fəaliyyət bundan sonra da davam etdiriləcək, qarşıya qoyulan vəzifələr icra olunacaqdır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti