İyunun 8-də Sədərək Rayon İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov son illərdə rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxışında müasir dövrdə muxtar respublikamızın hərtərəfli inkişafında sığorta fəaliyyətinin rolundan danışıb. Bildirib ki, sığorta işinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi daima dövlətin diqqət mərkəzindədir. İqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri olan sığorta muxtar respublikamızda iqtisadi fəallığın yüksəldilməsinə xidmət edir. Bu da, öz növbəsində, sığorta münasibətlərinin inkişafına geniş zəmin yaradır. Belə ki, insanlara maddi zərərlər vuran müxtəlif gözlənilməz hadisələr baş verdikdə verilən sığorta ödənişləri dəymiş maddi zərərlərin əvəzini ödəməyə imkan verir.
Hikmət Əsgərov son dövrlərdə baş vermiş sığorta hadisələrindən konkret misallar gətirməklə vaxtında sığorta müqaviləsi bağlatdırmağın faydalı cəhətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, ötən müddət ərzində Sədərək rayonunda hüquqi və fiziki şəxslərin sığortaya cəlb olunması istiqamətində xeyli iş görülüb, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayında artım olub. Belə ki, rayonda cari ilin ilk beş ayında sığorta haqlarının toplanması ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz, sığorta müqavilələrinin sayı isə 25 ədəd artıb. Rayonda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı sığortası, fərdi qəza sığortası və digər sığorta növləri üzrə mövcud vəziyyət təhlil olunaraq qeyd edilib ki, görülmüş işlərlə bərabər, bəzi icbari sığorta növləri üzrə müqavilələrin bağlanılmasında müəyyən çatışmazlıqlar da vardır. Belə ki, Sədərək rayonunda hələ də daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır.
Vurğulanıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı olan hər bir obyektin sığortası təmin edilməlidir. Bunun üçün isə qarşıya qoyulmuş vəzifə muxtar respublikamızda sığorta işi sahəsində əldə olunmuş müsbət dinamikanın qorunub saxlanılması və əhali arasında maarifləndirmə işlərinə diqqətin artırılmasıdır. Tədbirdə könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bununla əlaqədar qeyd olunub ki, Sədərək rayonunda bu sahədə fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri ilə aparılan maarifləndirmə işləri genişləndirilməlidir. Kənd təsərrüfatı sığortası ilə yanaşı, ev əmlakının sığortası, fərdi qəza sığortası və digər könüllü sığortaların inkişafı, son nəticədə, insanların rifahının yüksəldilməsinə xidmət edir.
Tədbirdə Sədərək Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi qrupunun baş dövlət avtomobil müfəttişi İlkin Məmmədov, Sədərək Rayon Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Zamiq Məmmədov, Qaraağac kənd icra nümayəndəsi Şərafəddin Şükürov icbari sığortalar sahəsində görülmüş işlərin vəziyyəti barədə məlumat veriblər.
Tədbirə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov yekun vurub.
Əli CABBAROV