23 Dekabr 2024, Bazar ertəsi

Hər kəs bir peşənin sahibidir, lakin bəzi sahələr də var ki, onlarla məşğul olmaq üçün xüsusi istedad lazımdır. Xüsusilə də incəsənətlə. Lakin yalnız istedadlı olmaq da kifayət etməz. Eyni zamanda çalışmaq da lazımdır.
Budəfəki məqaləmizdə fiziki imkanı məhdud olmasına rəğmən, istedad və əzminə güvənən, öz üzərində ciddi çalışan bir şəxsdən – Sənan Salmanovdan danışacağıq. O, dünya işığından məhrum olsa da, bir çoxlarına nümunə olacaq çalışqanlıqla cəmiyyətdə istedadlı şəxs kimi özünə yer tutub.
1969-cu il təvəllüdlü Sənan Salmanov Azərbaycanın incisi sayılan Ordubadın füsunkar təbiətli Unus kəndində dünyaya göz açıb. Üç qardaşı musiqiçidir. Sənan müəllim deyir ki, qardaşlarının biri qarmon, biri nağara, digəri isə kamançada ifa edir. O, tar ifaçısı olmasına baxmayaraq, digər alətlərdə də ifa etməyi qardaşlarından öyrənib.
Sənan müəllim doğulduğu kənd haqqında deyir ki, bu yaşayış məntəqəsinin təmiz havası, gözəl mənzərəsi insana yaradıcılıq şövqü verir. Lakin təəssüf hissi ilə bildirir ki, çox sevdiyi doğma yurdunda, sadəcə, uşaqlıq illərini keçirə bilib. Sonrakı illərdə Bakıda, Gözdən əlillər üçün internat məktəbində təhsil aldığından orada yaşamalı olub. Orta təhsil ilə yanaşı, o, oxuduğu məktəbin nəzdində fəaliyyət göstərən musiqi dərnəyində bu sahənin sirlərini öyrənib. Qısa zamanda öz çalışqanlığı ilə şagirdlər arasında fərqlənən Sənan Salmanov məktəbin keçirdiyi tədbirlərdə fəal iştirak edib. O, 1986-cı ildə təhsilini əla qiymətlərlə başa vurub. Sonra isə musiqi təhsilini davam etdirməyə qərar verib. Beləliklə, bu arzu onun yolunu Mədəni Maarif Texnikumundan salıb. O, burada tar ixtisası üzrə təhsil almağa başlayıb.

...Sənan Salmanov hazırda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən “İnam” ansamblının konsertmeysteridir. Onun övladları Bənövşə və Əbülfəz də bu ansamblın üzvləridir.
Qızı Bənövşə qanun ifaçısıdır. Bənövşə deyir ki, musiqini ona sevdirən məhz elə atası olub. Kiçik yaşlarından musiqi sədalarını dinləyib zümzümə edib və zamanla o da atası kimi həyatını musiqiyə bağlamağı qərara alıb. Musiqi məktəbini bitirdikdən sonra Naxçıvan Musiqi Kollecinə, daha sonra isə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinə daxil olub, hazırda ali təhsilini davam etdirir.
Oğlu Əbülfəz isə musiqini sevməyinə baxmayaraq, bu peşəni seçməyib. İkinci ixtisas qrupu üzrə ali məktəbə hazırlaşan Əbülfəz musiqi ilə məşğul olmağı heç vaxt unutmayacağını, başqa ixtisas sahibi olmağı düşünsə də, onunla mütəmadi məşğul olacağını deyir.
Bu trio hər il 15 may – Beynəlxalq Ailə Günü münasibətilə keçirilən tədbirlərdə musiqiçi ailə olaraq iştirak edir.
Muxtar respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən Sənan müəllim respublika əlillərinin bədii yaradıcılıq müsabiqələrinə də qatılır, mükafata layiq yerlər tutur.
Sənan Salmanov Regional İnformasiya Mərkəzində fiziki imkanları məhdud şəxslər üçün təşkil edilmiş kompüter kursunu bitirdiyindən bu sahədə də məlumatlıdır. O, hətta görmə imkanları məhdud şəxslərin mobil telefonlarına səsli proqramlar yükləyir, ondan istifadə qaydasını öyrədir.
O, hazırda Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi kimi fəaliyyət göstərir. Onun şagirdləri ilə söhbət zamanı bildirdilər ki, onlar da musiqini özlərinə bir sənət kimi seçib, bu sənətin arxasınca getməyi düşünürlər.
Fiziki imkanı məhdud olmaq heç nəyə maneə deyil. Sənan müəllim kimi yüzlərlə insan bunu öz bacarıq və istedadları ilə sübut edir.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR