Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncamla təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yaradıb. Bu istiqamətdə reallaşdırılan aktiv məşğulluq tədbirlərindən biri də əmək yarmarkalarının keçirilməsidir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, xidmət tərəfindən cari ilin əvvəlində bu məqsədlə muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb, müəssisə və təşkilatlarda mövcud olan boş iş yerlərinin hər ay toplanması təmin edilib, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədilə rübdə bir dəfə olmaqla, müvafiq müəssisələrdə sorğular keçirilib.
Məlumatda bildirilir ki, muxtar respublikada növbəti əmək yarmarkalarına oktyabrın 17-də start veriləcək. Həmin gün tədbir Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq. Oktyabr ayının 18-də Kəngərli rayonunda bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. Oktyabrın 19-da keçiriləcək əmək yarmarkasının ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından ayın 20-də yararlana biləcəklər. Oktyabrın 24-də ordubadlılara, 25-də babəklilərə, 26-da isə şərurlulara boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası oktyabr ayının 27-də Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçiriləcək.
Səbuhi HƏSƏNOV