23 Dekabr 2024, Bazar ertəsi

Xalqımız İslam aləminin müqəddəs günlərindən biri, uca insani keyfiyyətlərin təntənəsini simvolizə edən Qurban bayramını qeyd edir. Bütün səmavi dinlərin əziz tutduğu Həzrəti İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlığı təlqin edir. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir. Dünyanın hər yerindən Həcc ziyarətinə yola düşən müsəlmanlar Kəbə evi ətrafında təvaf edirlər. Qurban bayramı bu ilahi dəyərlərin unudulmamasına xidmət edir. “Qurban” sözü lüğəti mənada “yaxınlaşmaq” dеməkdir. Yəni qurban kəsən hər bir kəs bu əməli ilə Allaha yaxınlaşır.

Allah dərgahında kəsilən qurbanlar ruhi dəyərlərin paklanmasında, insanların xeyirxah əməllər ətrafında birləşməsində mühüm rol oynayır. Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. Uca Tanrıya məhəbbətin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etmişdir. Yüksək insani keyfiyyətlərdən olan dostluğun, qardaşlığın, fədakarlığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsət kimi dəyərləndirilən Qurban bayramı hicrətin ikinci ilində fərz qılınmışdır. “Qurani-Kərim”in “Kəvsər” surəsində deyilir: “Rəbbin üçün namaz qıl və qurban kəs. “De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”, “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər”. Bundan əlavə, Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur ki: “Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir”.

Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Digər müsəlman ölkələri kimi, Azərbaycanda da İslam dinindən irəli gələn vəzifələr yerinə yetirilir. Hər il yüzlərlə azərbaycanlı zəvvarın Həcc ziyarətinə yola düşməsi və bu ziyarətin vacib əməllərindən hesab olunan qurban kəsilməsinə əməl etməsi xalqımızın İslam dininə bağlılığını nümayiş etdirir. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu müqəddəs bayramı yüksək qiymətləndirərək demişdir: “Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı insanın ən çətin məqamlarında düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”.
Ölkəmizdə rəsmi olaraq iki gün qeyd olunan bu dostluq, qardaşlıq bayramının özünə­məxsus qurban kəsmək şərtlərinə görə, qurban kəsən şəxs müsəlman olmalıdır. Qurban ibadəti qurbanlıq heyvanın bayram günlərində qayda-qanunlara uyğun şəkildə şəxsən qurban sahibinin özü tərəfindən kəsilməsi və ya başqasına kəsdirməsi ilə yerinə yetirilmiş olur. Qurban üzürlü səbəbdən bayram günü kəsilməzsə, bayramın ikinci, üçüncü günü də kəsilə bilər. Ancaq unutmayaq ki, bu ayini günün birinci yarısı, yəni gün dönməzdən əvvəl yerinə yetirmək lazımdır.
Qurban kəsmək azad və varlı müsəlmanlara vacibdir. Fitrə verməyə məcbur olan kimsə qurban kəsər. Qaldığı evdən başqa bir evi olan kimsə də qurban kəsməlidir. Bayramda hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır. “Qurani-Kərim”də yazılıb: “Kəsdiyiniz qurbanlardan Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır”. Səfərdə olanlara qurban kəsmək vacib deyildir. Nisab miqdarı malı olmayanların kəsdikləri qurban nafilədir. Bəzi məzhəblərə görə, qurban kəsmək üçün ağıl və həddi-büluğa çatmaq şərt deyildir. Beləliklə, varlı olan uşağın malından valideynin qurban kəsməsi lazımdır. Kasıb, imkanı olmayan ailələrin qurban kəsməsi vacib deyil. Bu yalnız imkanlı adamların boynunda haqdır. Qurban əti satılmaz və ya satın alınmaz. Qurban yalnız paylanmaq üçün kəsilər ki, bu paylamanın da şərtləri vardır. Belə ki, kəsilmiş qurban üç yerə bölünür. Həmin üç hissənin biri ehtiyacı olan qonşulara, bir hissəsi qohum-əqrəbaya paylanılır, digər bir hissəsi isə evdə saxlanılır. Quşlardan və ov heyvanlarından qurban kəsmək doğru deyil. Qurban kəsmək ibadəti həm də insanlara sərvətini ehtiyacı olanlarla paylaşmaq əxlaqını qazandırır.
Muxtar respublikamızda dini-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır, İslamın müqəddəs günləri və bayramları qeyd olunur. Qurban bayramı da hər il Naxçıvanda həmrəylik və mərhəmətin təntənəsinə çevrilir, qurbanlar kəsilir. Qurban kəsərkən diqqət yetiriləcək əsas məqamlardan biri kəsimin dini və baytarlıq qanunlarına uyğun həyata keçirilməsidir. Hazırda muxtar respublikamızın şəhər, rayon və kəndlərində müasir standartlara uyğun kəsim sexləri mövcuddur. Qurban bayramının yay fəslinə təsadüf etməsi nəzərə alınaraq qurbanlıq heyvanların qeyd olunan kəsim sexlərində qəssablar tərəfindən kəsilməsi məqsədəuyğundur. Çünki yaşayış binalarının həyətyanı sahələrində qurban kəsilməsi antisanitariya vəziyyəti yarada bilər. Qurban bayramının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Qurban kəsmək və onu paylaşmaq sosial bərabərliyə ən gözəl nümunələrdən biridir.
Uca Tanrıya məhəbbətin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etmişdir. Bu bayram müsəlman dünyasında əsl təntənəyə çevrilir, insanlara birlik, həmrəylik, şəfqət və xeyirxahlıq duyğuları aşılayır. Dinimizin təlqin etdiyi ədalət prinsipləri də Qurban bayramında özünü göstərir. Bayram insanların mənən saflaşması, onların daha sıx birləşməsi üçün bir vasitədir. Bu birlik ovqatı bizim hamımız – cəmiyyətimiz və dövlətimiz üçün olduqca mühüm amildir. Məhz birliyimiz, həmrəyliyimiz düşmənlərimizi məğlubiyyətə uğradacaq, böyük qələbəmizi təmin edəcəkdir.

Naxçıvan Muxtar Respublikasının
Dini Qurumlarla İş üzrə İdarəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR