23 Dekabr 2024, Bazar ertəsi

Kəpənəklər təbiətin ən gözəl və zərif, xüsusən də uşaqlar tərəfindən sevilən varlıqlarıdır. Elə böyüklər də günəşli bir bahar günündə çiçəyin üzərinə qonan bir kəpənək görəndə çox sevinirlər. Günümüzdə dünyada ölçüsü 1,5-30 santimetr arasında dəyişən kəpənəklər vardır. Onlarda ən diqqəti çəkən məqam isə ömürlərinin çoxunu tırtıl şəklində keçirmələridir. Ancaq sonra bu varlıqlar elə bir gözəlliyə bürünür ki, görənləri heyran edir.

Kəpənəyin həyat hekayəsi bir yaşamaq uğrunda mübarizə hekayəsidir. Yumurtadan kəpənəyə dönmə yolçuluğu təbiətin ən inanılmaz hekayələrindən biridir. Bütün çətinliklərə və təbiətin şıltaqlıqlarına, saylarını qat-qat azaldan quşların amansızlığına rəğmən, müdafiəsiz görünən bu canlıların həyatda qalmaq üçün mübarizələrinin hədiyyəsi isə al-əlvan rəngli qanadlarla keçirdiyi cəmi bir neçə gündür.
Qonşu Türkiyədə adı “Qırmızı kitab”a düşən bir kəpənək növü var. Bu kəpənək növü “Naxçıvan zümrüdü” adlanır. Bəli, heç də səhv oxumadınız. Türkiyədə dərc edilən “Qırmızı kitab”da rəngi zümrüd yaşılı, zərli qanadları ilə göz oxşayan bir kəpənəyin fotosu diqqətimizi cəlb etdi və onun haqqında məlumatı oxuyanda aydın oldu ki, o “Naxçıvan zümrüdü” adlandırılır.
Elmi mənbələrdə “Callophrys”, “Callophrys Danchenkoi” kimi adlar verilən bu kəpənəyin məkanları meşə talaları, daşlı-qayalı yerlər, çay kənarlarıdır. Qanad açıqlığı 1,8 santimetrdir. Kəpənək növləri arasında ən gözəl görünüşlülərdən biridir. Onun uçuşu da ritmik bir musiqi altında süzən birinin rəqsini xatırladır.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin böyük elmi işçisi, dosent Mahir Məhərrəmovla söhbət zamanı bildirdi ki, populyar adı “Naxçıvan zümrüdü”, elmi adı isə “Callophrys Danchenkoi” olan bu növün Türkiyədə yarımnövü yayılıb. Bu növ ilk dəfə Naxçıvan ərazisində tapılıb. 1986-cı ildə Rusiya alimi Aleksandr Dançenko Naxçıvan Muxtar Respublikasının Buzqov kəndi ərazisinə ekspedisiya edib və bu ekspedisiya nəticəsində həmin ərazidə dəyərli materiallar toplayıb. Həmin ekspedisiya materiallarını özü ilə Rusiyaya aparıb. 1998-ci ildə Qazaxıstan entomoloqu Aleksandr Jdanko dissertasiya yazır və Dançenkonun elmi tapıntılarını tədqiq edir, bu materiallar əsasında bu növün yeni təsvirini verir. O, bu növü Aleksandr Dançenkonun şərəfinə “Callophrys Danchenkoi” adlandırır. Dançenkonun yazdığı məlumatları araşdırarkən məlum olur ki, alim onu xalq arasında çaşır bitkisi (elmi adı ferula) kimi tanınan bitkinin çiçəkləri üzərindən əldə edib. Naxçıvan zümrüdü öz sürfələrini may ayında bu bitkinin üzərinə qoyur.
Sonda onu qeyd etmək istərdik ki, son illərdə Naxçıvan Muxtar Respublikasında onurğalı və onurğasız heyvanlar aləminin tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsaslarının öyrənilməsi üçün araşdırmalar aparılsa da, “Naxçıvan zümrüdü” (Callophrys Danchenkoi) haqqında muxtar respublikada heç bir mənbədə bu haqda araşdırma xarakterli məlumata rast gəlinmir. AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin vikipediya səhifəsində də bu haqda məlumat yoxdur. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən Zooloji tədqiqatlar şöbəsinin “Naxçıvan Muxtar Respublikasının onurğasızlar faunasının taksonomik spektri” kitabında bu kəpənək növü haqqında heç bir məlumata rast gələ bilmədik. Zooloji tədqiqatlar şöbəsinin böyük elmi işçisi, dosent Mahir Məhərrəmov özü də etiraf etdi ki, bu növ haqqında yetəri qədər məlumat olmadığından o, kitabda öz əksini tapmayıb.
Araşdırmalarımız zamanı o da məlum oldu ki, Azərbaycan üzrə heç bir kitabda bu haqda məlumat yoxdur. Azərbaycanda 4500-ə yaxın kəpənək növü öyrənilsə də, bu növ nədənsə tədqiqata cəlb olunmayıb. Ümid edirik ki, bu yazımızdan sonra “Naxçıvan zümrüdü”nün öyrənilməsinə başlanılacaqdır.
İlk bahar aylarında zümrüd rəngli kəpənəklərlə bağ-bağçalarınızda qarşılaşsanız, onları qorumağa səy göstərin, övladlarınıza da bunu məsləhət edin. Çünki onlar doğma diyarımızın adını tanıdan canlılardır, Naxçıvan zümrüdləridir.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR