23 Dekabr 2024, Bazar ertəsi

– Sənin ad, soyadındakı hərflərin cəmi 13 edir?
– Bəli, niyə soruşdun?
– Xəbərin var ki, 13 rəqəmi uğursuz olduğundan ad, soyadındakı hərflərin cəminin 13 olması həmin insanların şanssızlığına yozulur?
Sirli 13 rəqəmi. Bu rəqəm illər ərzində bir çox mənalar kəsb etmişdir. Hətta uğursuz olduğu barədə az-çox məlumatım da vardı. Lakin rəfiqəmlə söhbətimdən sonra 13 rəqəminin uğursuz hesab edilməsinin səbəblərini araşdırmağa qərar verdim.
Əvvəlcə qeyd edək ki, “Numerologiya” adlandırılan elmdə hər rəqəmin öz dili olduğu deyilir. Bu elmlə məşğul olan adamlar – numeroloqlar belə iddia edirlər ki, ədədlər yalnız rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi deyil, onlarda gizli bir qüvvə də var.

Buna görə də bəzi xarici ölkələrdəki təyyarələrdə 13 nömrəli oturacaq mövcud deyil. Bu mövzuda araşdırmalara hansısa kitabda rast gələ bilməyəcəyimizdən internetə müraciət etdik, müxtəlif saytlarda yerləşdirilmiş onlarla məqaləni oxuyub qarşılaşdıraraq məlumatların doğruluğunu araşdırdıq. İnternet resurslarının birində bu inancın qədim mifik tanrıların yaşadığına inanılan dövrlərə əsaslandığı iddiası ilə rastlaşırıq. Burada deyilir ki, əfsanəyə görə, işıq, sevinc, saflıq, məsumiyyət, sülh və gözəllik tanrısı Balder Skandinaviya torpaqlarında bir ziyafət verir. Həmin əfsanəyə görə, Balder vikinq­lərin məşhur tanrısı Odin ilə Frigganın oğulları, ay kraliçası Nannanın da həyat yoldaşı imiş. Bu ziyafətə 12 qonaq dəvətli olduğu halda, pis əməllərin tanrısı Loki qonaq olmadığı halda, zorla 13-cü dəvətli olaraq ziyafətdə iştirak edir. Çıxan mübahisədə Loki digər tanrılar tərəfindən də çox sevilən Balderi öldürür. 13 ədədinin nəhs olması bununla əsaslandırılır.
Digər bir qaynaqda isə belə deyilir ki, 13 rəqəminin uğursuz hesab edilməsi xristian cəmiyyətində İsa Peyğəmbərin son yeməyi ilə əlaqədardır. Guya burada 13 nəfər iştirak edir və yeməkdən 24 saat sonra Həzrəti İsa çarmıxa çəkilərək öldürülür. Beləcə, xristianlarda 13 rəqəminin nəhs hesab edilməsi buradan qaynaqlanır. Xristianlar inanırlar ki, axşam yeməyində 13 adam bir araya gəlirsə, mütləq onlardan birinin başına fəlakət gələcək.
Digər tərəfdən, deyilənə görə, şagirdi İsa Peyğəmbəri məhz ayın 13-nə təsadüf edən cümə günündə romalılara satıb. Buna görə xris­tianlar 13-ə “xəyanət rəqəmi” də deyirlər.
13 rəqəminin uğursuzluğuna bütün xristian dünyası inanır. Onların bu rəqəmdən qorxmasının səbəbləri tarixi faktlara da əsaslanır. Belə ki, Səlahəddin Eyyubi 13-cü Səlib yürüşündə xristianları qəti məğlubiyyətə uğradıb, İstanbul 29 may 1453-cü ildə, çərşənbə axşamı günü türklər tərəfindən fəth edilib. 1453-cü il tarixinin rəqəmlərinin cəmi 13 edir.
Bu gün ABŞ-da 13 nömrəli avtobus, trolleybus, vaqon, Fransada 13 nömrəli ev yoxdur. Bir çox təyyarələrdə 12-ci yerdən, otellərdə isə 12-ci otaqdan sonra birbaşa 14 rəqəmi gəlir.
Çində də 13 rəqəmi arzuolunmaz rəqəm hesab edilir. Belə ki, çinlilər üçün bu, ölüm rəqəmi sayılır. İnanca görə, bayram süfrəsində 13 nəfər oturmamalıdır. Təsadüfən bu qədər adam olsa, masadan 1-ci qalxan insan il ərzində ölürmüş. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü oturacaq da qoyulur, ona maneken oturdulur, qarşısına hətta yemək-içmək də düzülür.
Başqa bir mənbədə isə belə qeyd olunur ki, nəhs hesab edilən bu rəqəmə, hətta “İblisin rəqəmi” də deyilir. Rəvayətə görə, ayın 13-ü cümə günü İblis Adəmlə Həvvanı yoldan çıxarıb və onlar cənnətdən qovulublar. Guya İblis göy ətrafında 13-cü mələk olub. Bəlkə, buna görə 13 rəqəmi şüuraltı olaraq xristianların yaddaşında uğursuz rəqəm kimi qalıb. Yunan əfsanəsinə görə, hələ antik dövrdə Hesoid kəndlilərə ayın 13-ü əkin işlərinə başlamamağı tapşırardı.
İndi isə keçək bu rəqəmin İslam dünyasındakı yerinə. Əvvəlcə qeyd edim ki, araşdırma zamanı yuxarıda deyilənlərin tam əksi ilə qarşılaşırıq. İslamda heç bir rəqəm uğursuz sayılmır və batil inanclarla hərəkət etməyin haram olduğu vurğulanır. Bu baxımdan dinimizdə sözügedən rəqəmin uğursuz olması barədə hansısa bir məlumatla rastlaşmırıq. Hətta, əksinə, dində o, müsbət mənada qiymətləndirilir. Belə ki, Məhəmməd Peyğəmbərin doğum tarixi 571-dir və bu ədədlərin cəmi 13 edir. 13 ədədi Allah sözünün ərəbcə yazılışını bizə işarə edir. Dini mənbələrə görə, cənnətə axan çayların da sayı 13-dür.
Hər insanın müəyyən inancları ola bilər. Bunlardan bəzilərinə isə el arasında “batil inanclar” deyilir. Məsələn, qarşıdan qara pişik keçməsini, evdə sınıq güzgünün olmasını pis əlamət hesab edən, qapıda görüşməyi, axşamçağı ev süpürməyi və sairi uğursuz sayan insanlar var. Lakin heç düşünmürük ki, belə inamların özü də insanın psixologiyasına mənfi təsir göstərməklə uğursuzluğa səbəb ola bilər. Buna görə rastlaşdığımız uğursuzluqları hansısa rəqəmlə, zamanla, yaxud da əşya ilə əlaqələndirmək düzgün deyil. Yəni insan, qorxularının əsiri olmamalıdır.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR