Məlumdur ki, yeniyetmələr olan bəzi ailələrdə valideyn-övlad münasibətlərində narazılıqlar, konfliktlər, aqressiv münasibətin yaranması ehtimalı mövcuddur. Bu cür problemlərin olması valideynin onlara olan münasibətindən asılıdır. Müşahidələrimiz zamanı yeniyetmələrdə bəzi hallarda aqressivliyin artması qeydə alınır. Yeniyetmə aqressivliyini bəzən qrup şəklində də müşahidə edirik. Onlar tərəfindən qrup halında birgə törədilən antisosial hərəkətlər yeniyetmələrin, sözün mənfi mənasında, qrup həmrəyliyi hissini möhkəmləndirir. Bəzən belə hərəkətlər eyforiya vəziyyəti səviyyəsinə çatır ki, yeniyetmələr özləri də bunun səbəbini izah edə bilmirlər.
Professor Oruc Həsənli deyir ki, aqressiv uşaqlar, bir qayda olaraq, uşaqlar və valideynlər arasında məsafənin böyük olduğu, valideynlərin övladlarının inkişafı ilə maraqlanmadığı ailələrdə böyüyürlər. Bundan başqa, belə uşaqlar isti münasibət və nəvazişin çatışmadığı, uşaq aqressivliyinə münasibətdə laqeyd olan, səbirli intizam üsulu kimi qayğılı izahatlar əvəzinə zorakı metodların, xüsusilə fiziki cəzaların istifadə olunduğu ailələrdə yetişirlər.
Uşağın düzgün olmayan davranışına valideynlərin reaksiyası valideyn və uşaqlar arasındakı münasibətlərin xarakteri, ailə harmoniyasının və ya disharmoniyasının səviyyəsi, doğma bacı və qardaşlarla münasibətin ölçüsü uşağın ailədə və ondan kənarda aqressiv davranışını müəyyən edən amildir. Bu problemlər onun ətrafdakılarla münasibətinə təsir edir. Əgər uşaqların bir və ya hər iki valideynlə münasibəti pisdirsə (hansı yaş dövrü olmasından asılı olmayaraq), əgər onlar özlərini hər cəhətdən yararsız hesab edir və valideyn dəstəyini duymayırlarsa, ətrafa qarşı aqressiv ola bilərlər. Başqa uşaqlara hücum etmələri də mümkündür. Yaşıdları isə aqressiv olduqları üçün onlarla yoldaşlıqdan imtina edəcəklər.
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin psixoloqu Nərgiz Vəliyeva deyir ki, dünya təcrübəsinə görə çətin islah olunan insanlar valideynlərin övladları ilə maraqlanmadığı ailələrdən çıxır. Anasından uşaqlıqda kifayət qədər qayğı görməyən və valideynlərindən lazımi dəstəyi almayan qadınlar tərbiyə metodu kimi cəza tətbiq etməyə və ya qəzəblərini uşaqların üstünə tökməyə meyillidirlər. Aparılan eksperimentlərin nəticələri uşaqların aqressivliyi ilə valideynlərin cavabdehliyi arasındakı özünəməxsus asılılığı göstərir. Tədqiqatçılar belə anaların uşaqlarla necə rəftar etdiklərini müşahidə ediblər. Bir çox analar uşaqları ağlayarkən onu qucağına götürür, ona əl uzadır, digərləri isə aqressiv davranış nümayiş etdirir (məsələn, hər hansı predmeti əlindən alır). Uşaq ağlayarkən və ya anasını ünsiyyətə dəvət edərkən anaları tələsmədən yaxınlaşan uşaqlar anası tez reaksiya verən uşaqlardan daha aqressiv olurlar. Ümumiyyətlə, bütün tələbatların əsası uşaqlıqda qoyulur. Bu mərhələdə çatışmayan və yaxud valideyn tərəfindən göstərilməyən sevgi, qayğı tələbatı gələcəkdə valideyn-yeniyetmə arasında konfliktə, aqressiyaya səbəb olur. Bağlılıq nəzəriyyəsinə əsasən balaca uşaqlar anaları ilə qarşılıqlı münasibətdə təhlükəsizlik duyğusunu hiss etmələrinə görə fərqlənirlər. Uşaqlıqda münasibətləri düzgün qurulan uşaq – ana tərəfindən etibarlı, möhkəm, dürüst münasibət görən uşaq digər insanlara inanmağa meyillidir, kifayət qədər yaxşı inkişaf etmiş sosial vərdişlərə malikdir. Düzgün qurulmayan münasibətləri olan və ya münasibətləri üzündən narahatçılıq keçirən uşaq özünəqapalı olacaq. Narahat uşaq, ümumiyyətlə, baxıcısından qaçır, belə uşaqlar az danışandırlar, nəzarətə müqavimət göstərirlər. Ətrafdakılara etibar etməyən uşaqlar etibar edən yaşıdlarına nisbətən mübahisələrdə daha çox iştirak edirlər. Sosial öyrənmə prosesi nəinki valideynlərinin uşağa tərbiyəvi təsiri nəticəsində, həmçinin uşağın digər ailə üzvləri ilə də qarşılıqlı təsiri nəticəsində baş verir.
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin direktoru Camal Axundov müşahidələrinə əsaslanaraq bildirir ki, cəza vasitəsi kimi əl qaldırmaqdan istifadə olunan ailələrdə ətrafdakılara qarşı aqressivliyə meyilli uşaqlar böyüyür. Onları nizam-intizama cəlb etmək üçün valideynlər, adətən, qışqırmaqdan, döyməkdən və sairdən istifadə edərək aqressiyanın problemin həlli ola bildiyini nümayiş etdirirlər. Adətən, belə valideynlər özləri də fiziki cəzalar tətbiq olunan ailələrdə yetişirlər. Düzdür, uşaqlıqda sərt münasibətlə qarşılaşan uşaqların heç də hamısı çətin islah olunanlar olmur və onların bəziləri yaxşı valideyn kimi özlərini göstərirlər. Ancaq belə yeniyetmələrin 30 faizi sonradan öz təcrübələrindən tanıdıqları “tərbiyə metodunu” öz uşaqlarına da tətbiq edir və onları daha çox cəzalandırırlar. Ailədəki zorakılıq, adətən, növbəti zorakılıqlara yol açır. Uşaqların atasız böyüdüyü ailələrdə zorakılığın səviyyəsinin yüksəlməsi müşahidə olunur.
Natamam ailələrdən çıxan uşaqların sərt münasibətlərin qurbanı olması, məktəbdən, evdən qaçması, qayda pozuntusu törətməsi ehtimalı çoxdur. Xoşbəxt ailələr natamam ailələrdən uşaqlara diqqətin çox olması, nizam-intizamı ilə fərqlənir. Evdən kənarda sosial mühit də, həmçinin nümunə mənbəyi kimi çıxış edir. Əgər kişi ailədə sərt hərəkətlər edərsə, aqressiv davranış üslubu atadan oğula keçir. Uşaqlar aqressiv reaksiya vərdişlərini həm öz təcrübələrində, həm də ətrafdakıların davranışlarını müşahidə edərək mənimsəyirlər.
Ordubad rayon Düylün kənd tam orta məktəbinin psixoloqu Müseyib Həsənovla söhbət zamanı dedi ki, aqressiv yeniyetmədə şüur və özünüdərk etmənin spesifik xüsusiyyətləri vardır. Aqressivliyə meyilli olmayan uşaqların davranışı konfliktdən qaçmaq həvəsinin olması və günahkarlıq hissinin yaranması ilə əlaqədardır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yeniyetmələrdə özünüdərkin təşəkkülündə ailə münasibətlərinin normallığı, valideynlərin uşaqlarla emosional münasibəti çox zəruridir. Bunun əksi neqativ davranış tərzinin və antisosial hərəkətlərin baş verməsinə səbəb ola bilər. Çünki böyüklər vasitəsilə “ötürülən” hərəkətlərin yeniyetmənin “mən” obrazına digər amillərdən daha çox təsir göstərdiyi məlumdur. Əgər müəllim və valideynlər uşaqları həqiqi şəxsiyyət, öz mövqeyini, özünü və başqalarını dərk edən insan kimi böyütmək istəyirlərsə, onlara şəxsiyyətin müsbət keyfiyyətlərini aşılamalıdırlar.
Sonda onu da qeyd edək ki, yeniyetmələrdə aqressiv davranış təzahürlərinin aradan qaldırılması, valideynləri ilə olan konfliktlərin səbəbini araşdırmaq üçün zəruri yol və vasitələr çoxdur. Buna görə də öncə aqressiv davranışı yaradan səbəbləri vaxtında araşdırmaq lazımdır. Çünki bunun vaxtında qarşısının alınması onun zərərlərinin aradan qaldırılmasından daha asandır.
Səbuhi HÜSEYNOV